Diqqət! Belarus yağı adı altında saxta yağlar satılır! - Ekspert

 
"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) böyük səlahiyyətlər verilib. Bu qurum bazarda müşahidələr aparıb, saxta, qeyri-sağlam qidalarla bağlı tədbirlər görə bilər”.

Bunu Sherg.az-a bazarda "Belarus yağı” adı ilə yayılan kərə yağı məhsullarının mənşəyi haqqında danışarkən iqtisadçı, ekspert Natiq Cəfərli söyləyib.

O qeyd edib ki, vətəndaş nəzarətinin gücləndirilməsi, əhalinin maariflənməsi önəmli məsələdir:

"İstehlakçılar qida məhsulları alarkən, sertifikatlar tələb etməli, qidaların tərkibi barədə maraqlanmalıdırlar. Vətəndaş nəzarəti gücləndirilərsə, insanlar alış-veriş məsələsində belə faktlara diqqət edəcəklər.

Bundan əlavə, müvafiq dövlət orqanlarının aktiv fəaliyyət göstərməsi vacibdir. Beləliklə, həm vətəndaşlardan gələn şikayətlərə, həm də mediada yayımlanan məlumatlara operativ reaksiya verə bilərlər. Keyfiyyətlə bağlı intensiv yoxlamalar aparılsa, daha məqsədəuyğun olar”.

N.Cəfərli hesab edir ki, müvafiq orqanlar, AQTA yalnız cəzalandırma həyata keçirməklə problemin qarşısını ala bilməz:

"Bu məsələdə təşviq, təbliğat prosedurları həyata keçirilməlidir. Qida məsələsi strateji problem olduğundan hərtərəfli iş aparılmalıdır”.

Qeyd edək ki, mağazalarda çox rast gəlinən Belarus kərə yağlarının saxta olması barədə sosial şəbəkələrdə iddialar ortaya atılıb. İqtisadçı ekspert Elçin Bayramlı bu yağların tərkibini araşdırdığını və yağların saxta olduğunu yazıb. O bildirib ki, Belarus yağları adi kimyəvi marqarin və palma yağından ibarətdir.

Saglamolun.Az