Azərbaycanda gənclər normal cinsi münasibətdənsə, 5000 xərc çəkirlər ki... - Həkimdən İNANILMAZ AÇIQLAMALAR

Publika.az İstanbul Universiteti Cərrahpaşa Tibb fakültəsinin məzunu, 2014 cü ildən Bahçeci Bakı Tibb Mərkəzində Qadın Xəstəlikləri və Süni Mayalanma üzrə xidmətlər göstərən uzman həkim Sərdar Çeliklə müsahibəni təqdim edir:

- Əvvəlcə bir qədər özünüz haqqınızda məlumat verərdiniz… Neçə ildir Azərbaycandasız?

- Artıq 3 ilə yaxındır ki, Azərbaycanda çalışıram. Burda qarşılaşdığım situasiyaları davamlı başqa ölkələrlə, xüsusilə Türkiyə ilə müqayisə edirəm. Təbii ki, qardaş ölkə olsa da, mentalitet , mədəniyyət, adət-ənənə fərqləri çoxdur. Bəzən xəstələr xaricdən gələn həkimlərin daha yaxşı olduğunu düşünürlər. Həmkarlarımla çox müqayisə edilirəm. Amma deyərdim ki, milliyətçilik ayrımına görə deyil, dünyanın hər yerində kimliyindən asılı olmayaraq savadlı və savadsız kadrlar var. İnsanlar sağlamlıqlarını əmanət etdikləri həkimləri də əcnəbi və ya digər səbələ deyil, işinə, savadına görə dəyərləndirib seçməlidirlər. Azərbaycanlı həmkarlarım arasında da kifayət qədər peşəkar həkimlər tanımışam.

- Bəzən cütlüklər həkimə müraciət etməyə çəkinir. Problemlərini kimlərinsə bilməsindən ehtiyat edirlər və şanslarını itirirlər…

- Bəli, düzgün məqama toxundunuz. Burda çox rastlaşıram. Yeni ailə həyatı qurmuş cütlüklər, eləcə də bir neçə ildir evil olan və övlad sahibi ola bilməyən cütlüklər müraciət edir. İnandırım sizi, hər birinin yanında ana-ata, qayınana-qayınata, bacı, qardaş və s. qohumları gəlir. Bilirsiz, onlar bunu dəstək məqsədilə etsələr də, psixoloji baxımdan bu cütlükləri stresə salır, həyəcanlandırır. Bizim prosedurda isə səbrli və təmkinli olmaq ən önəmli şərtlərdən biridir. Hər zaman mənə müraciət edən cütlüklərə deyirəm, sadəcə ikiniz gəlin. Ər və arvad. Bunu da xüsusilə vurğulayım. Azərbaycanda dəfələrlə olub ki, cütlüklərin valideynləri mənimlə əlaqə saxlayıb pasiyentlərim haqqında məlumat almaq istəyiblər. Hətta mənimlə dalaşıblar ki, necə yəni məlumat vermirsiz, mən onun anasıyam və ya atasıyam. Həkim-xəstə münasibətləri deyilən bir anlayış var. Mən birinci növbədə müraciət edən cütlüklərlə bu barədə söhbət edirəm. Sizin vəziyyətinizlə bağlı məlumatları sizdən başqa kiminsə bilməsinə zərurət varmı? Əgər pasiyentlərim onlardan başqa heç kimə informasiya verilməsini istəməzlərsə, ana-atası daxil olmaqla, kimliyindən asılı olamyaraq heç kimə bu barədə məlumat vermirəm. Qətiyyən, bu dediyim kimi həkim-xəstə münasibətlərinə ziddir.

- Ümumiyyətlə, süni mayalanma ilə bağlı sizə nə qədər müraciətlər olur? Hər hansı statistik göstəricilər varmı?

- Bilirsiz, Azərbaycanda erkən övlad sahibi olmaq istəyən cütlüklər daha çoxdur. Müraciət edənlərin yaşı azdır, sayı həddən çoxdur və ilbəil də artır. Məni əsas təəccübləndirən isə xüsusilə, 19-25 yaş arası cütlüklərin övlad sahibi olmaq üçün süni mayalanma proseduru istəməsidir. İnsanlar həddən artıq səbirsizdir, yoxsa qayınana təzyiqidir, deyə bilmərəm (gülür). Keçən il bizə müraciət edənlərin 62 faizinin yaşı 25-ə qədər olub..

- Müraciət edən cütlüklərin hər birinə süni mayalanma tətbiq edilirmi?

- Əlbəttə ki, xeyr. Biz onlarla söhbət edirik, zəruri analizlər və müayinələr aparırıq. Daha sonra əldə edilən nəticələr əsasında pasiyentlərə süni mayalanmaya ehtiyac olub-olmadığı ilə bağlı məlumat veririk. Ailə həyatı quran cütlüklər evlilikdən 2 ay sonra süni mayalanma üçün müraciət edirlər. İnanın ki, müraciət edən xəstələrin böyük əksəriyyəti bir az səbr etsələr və düzənli cinsi həyatları olsa, övlad sahibi ola bilərlər. Tələsməklə onlar bəzən valideyn ola bilmə şanslarını minimum endirirlər.

- Heç bir problemi olmayan cütlüklərin heç bir müalicə olmadan valideyn ola bilmə şansları nə qədərdir?

- Normalda cütlüklər həftə ərzində heç bir problemsiz cinsi münasibətdə ola bilirlərsə, maksimum 1 il, minimum evliliyin 4-6 ayında qadının hamilə qalma şansı 82 faizdir. Mən hər zaman xəstələrimə bunu deyirəm, tələsməklə normal şansınızı itirmiş olursunuz. Hamı elə bilir ki, onsuz da övlad sahibi olmaq üçün istifadə etdiyim dərmanların heç bir ziyanı olmaz. Düşünürlər ki, təyin edilən preparatlar hamilə qalmaq şansını tezləşdirər. Amma bu yanlışdır. Müalicə prosesi insanın orqanizmində gedən proseslə tərs mütənasibdir. Normalda 82 faizdirsə, müalicəyə ehtiyac olmadığı halda dərman qəbulu bu şansı 60 faizə qədər endirir. Dərmanlar təbii gedişata təsir göstərə bilir.

- Sonsuzluq diaqnozu kimlərə və hansı şərt altında təyin edilir?

- Bizim klinikamıza gənc ailələrlə yanaşı, bir neçə dəfə süni mayalanma prosesinə müraciət edən, lakin nəticə əldə edə bilməyən cütlüklər də çox müraciət edir. Mən ümumiyyətlə, bu diaqnozun “sonsuzluq” adlandırılmasının tərəfdarı deyiləm. Övlad sahibi omaq istəyən cütlüklərə düzgün istiqamət verməklə onlara yardım edirik desək, daha yaxşı səslənir. Bu diaqnozu sırf qadının yaşına görə təyin etmək olur. Əgər qadınının yaşı 35-dən azdırsa, heç bir problemi yoxdursa (yumurtalıqların sayı normaldırsa, uşaqlıq boruları təmizdirsə, borular nə vaxtsa əməliyyatla götürülməyibsə, habelə hər hansı infeksiya nəticəsində borular bağlanmayıbsa, konkret desək, boru keçməzliyi yoxdursa, yumurtalıqlar inkişafdan qalmayıbsa, endometrioz zamanı yumurtalıqların funksiyaları zəifləməyibsə, polikistoz yoxdursa və s.) 1 il ərzində həftədə ən azı 1 dəfə olmaqla və heç bir qoruyucu vasitələrdən istifadə etmədən həyat yoldaşı ilə cinsi əlaqədə olduğu təqdirdə hamilə qala bilmirsə, o zaman həmin qadına sonzuzluq diaqnozu qoyulur. Bir qrup xəstələrə sonsuzluğa qarşı bütün mümkün müalicə tədbirləri görülür. Heç bir nəticə olmadıqda süni mayalanma aparılır. Kişinin sperması zəifdirsə, mayalandırma qabiliyyəti yoxdursa, yumurtaya çata bilmirsə və ən nəhayət anadangəlmə sperması yoxdursa, biz onun xayasından toxum götürüb yumurta ilə mayalandırmaq məcburiyyətində qalırıq. Minimum 1 il faktoru olduqca önəmlidir. Yox, əgər qadının yaşı 35-dən yuxarıdırsa, bu müddət 6 aya qədər azalır. Azərbaycanda isə evliliyin 1-2-ci ayından sonra ailələrin həkimə müraciət etməsi mövcud şanslarının azalmasına və hətta yox olmasına da gətirib çıxara bilir. Dediyim şərtlər altında qadınların heç bir müalicə almadan hamilə qalmaq şansları aybaşı dövrünə görə 2 faiz təşkil edir. Bu isə qeyd etdiyim kimi 1 ilin sonunda toplanaraq 82-85 faizə qədər gedib çıxa bilir. Bundan başqa, qadının anadangəlmə "matka"sı yoxdursa, yumurtalıqları inkişafdan qalıbsa, kişilərin anadangəlmə spermaları yoxdursa, bu halda cütlüklərə bu diaqnoz qoyulur.

- Bəs işlərindən dolayı uzun müddət evdə ola bilməyən və qaydalı şəkildə münasibətdə ola bilməyən ailələrlə bağlı tənzimləmə necə olur?

- Maraqlı sualdır (gülür). Mənim bir xəstəm olmuşdu, dediyiniz kriteriyalara aid. Həyat yoldaşı ilin çox hissəsini işdə olduğu üçün problem yaşayırdılar. Bu tip vəziyyətlər istisna haldır deyə, onlar üçün xüsusi müayinə üsulu tətbiq edilir. Amma ümumi olaraq yuxarıda sadaladıqlarım əsasdır.

- Müraciət edən cütlüklərdə problem kişilərdə, yoxsa qadınlarda daha çox olur?

- 30 faiz kişilərdə, 30 faiz qadınlarda, 30 fazi də hər ikisində mövcud problemdən dolayı övlad sahibi ola bilmirlər. Bax, bu çox ciddi məsələdir. Burda şahidi olmuşam, bəzən cütlükləri tək-tək qəbul edirlər. Bu yanlşdır. Əgər süni mayalanma üçün müraciət edən cütlük varsa, bu işin sonunda övlad sahibi olmaq varsa, məsələ hər iki tərəfi bərabər dərəcədə maraqlandırmalıdır. Bu onların haqqıdır. Müayinə zamanı cütlüklər birlikdə yoxlanılmalıdır. Bəzən qadını müayinə edirlər, müalicə tətbiq edirlər, bir nəticə olmur. Ondan sonra kişini müayinə edirlər və nəticədə məlum olur ki, problem məhz kişidən qaynaqlanır. Belə olanda nə baş verir? Heç bir problem olmadan qadın o qədər dərmanlar qəbul etmiş olur. Bilirsiz, bu bir az da mentalitetdən qaynaqlanır. Bu kimi problemlərdə cəmiyyət problemi ilk olaraq qadında görür. Mənə bir xəstə müraciət etmişdi. Kişidə sperma miqdarı ilə bağlı ciddi problem olduğu halda, qadın 3 il dərman qəbul etmişdi. Və ya əksinə, yalnız kişini müayinə edirlər, müalicə yazırlar amma qadında uşaqlıq yolu boruları qapalı olduğunda hamilə qala bilmir. Ona görə də bu kimi halların qarşısını almaq və effektiv nəticə əldə etmək üçün cütlüklər eyni anda yoxlanılmalı və analizlərin nəticələrinə uyğun şəkildə həkim tərəfindən müalicə yazılmalıdır. Əvvəlcə qadının ailə həyatını dinləyirik. Bu psixoloji cəhətdən bizə analizlərdən daha çox informasiya almağa kömək edir. Aybaşı dövrlərini, qanamaların miqdarını, gününü, bəzi xəstəliklərin ilkin simptomlarının onlarda olub-olmadıqlarını və s. dəqiqləşdiririk. Daha sonra ilk olaraq USM müayinəsi təmin edilir, yumurtalıqlara baxılır. Yumurtaların ölçüləri, folekulları, "matka"nın ölçüləri, forması, anadangəlmə qüsur varmı-yoxmu, qiymətləndirmə aparılır. Kişidən isə ilkin müayinədə yalnız sperm nümunəsi götürülür. Sperma testində isə müxtəlif kateqoriyalar üzrə dəyərləndirmələr olur. Biz onların hər birini incələyib, ortaq dəyərləndirmə çıxarırıq. Əslində mənim öz təcrübələrimə görə, süni mayalanma prosesinə ehtiyac duyulmasının səbəbi kişilərdə sperma miqdarı ilə əlaqəli olduğu üçün, problemin 45 faizi məhz kişilərdən qaynaqlanır. Nəticələrə görə bilirik ki, bu sperma miqdarı ilə qadın təbii yollardan hamilə qala bilərmi, bilməzmi. Əgər nəticələr normalara uyğun olarsa, o ailələri geri göndəririk. Bəzi cütlüklərə folekul mülicəsi təyin olunur, bəzilərinə isə artıq birbaşa süni mayalanma təklif edirik. Təəssüf ki, elə cütlüklər olur ki, ümumiyyətlə, onlara süni mayalanma belə təklif etmirik, çünki valideyn olmaq üçün heç bir şansları yoxdur.

- Bəs ümumiyyətlə, süni mayalanma prosesi hansı mərhələlərlə aparılır?

- Süni mayalanma prosesi ilk olaraq kişilərin problemləri ilə əlaqədar yaranıb və daha sonradan geniş olaraq yayılıb. Prosesi qısa olaraq sizə belə izah edim. Cütlüklər bizə müraciət edəndə ilk olaraq hər hansı bir xəstəliklərinin olub-olmadığını yoxlayırıq. Məsələn, əgər pasiyent el arasında zob dediyimiz (qalxanvari vəzin xəstəlikləri) xəstəlikdən əziyyət çəkirsə, əvvəlcə onun zobu müalicə edilir, daha sonra süni mayalanma prosesinə hazırlıq görülür. Bu problemlər ardan qalxdıqdan sonra xəstəyə uzun və ya qısa mülicə müddəti seçilir. Xəstə adət dönəminin (mensturasiya) 2-3-cü günü gəlməlidir. USM yoxlamasından keçərək yumurtalıqlarında hər hansı kista bəlirtilərinin olub-olmadığı dəqiqləşdirilir. Təbii ki, xəstənin yaşı, çəkisi də önəmli faktorlardan biridir. Daha sonra 10-12 gün boyunca xəstələr müayinələrə gəlirlər. Bu müddət ərzində onların folekulları, hormonları təkrar-təkrara yoxlanır və müalicədə istifadə ediləcək dərmanların dozası seçilir. Aspirasiya edərək narkoz altında ultrasəsin köməyi ilə folikulları toplayırıq, eyni gün qadının həyat yoldaşından sperma nümunələri də götürürük. Daha sonra alınan follikulları 3-5 gün ərzində 18-20 mm-ə çatana qədər böyüdürük. Mikroskop altında 400 dəfəyə qədər böyüdüb spermanın bir pipeti götürülür. Daha sonra xəstənin "matkası"nın içərisi yoxlanılır, hormon miqdarı yenidən ölçülür və "matka" divarlarının qalınlığı nəzərə alınır. Əgər hər hansı uyğunsuzluq olarsa, embrionlar dondurulur və xəstənin növbəti ay adət dönəminə qədər gözlənilir. Sperma yumurtanın içərisinə injektə edilir, yəni yumurtaya qoyularaq inkubasiya edilir. Sperma yumurtanın içərisinə daxil olarkən yumurtanın öz xromosomları ilə birləşir. Anadakı 23 xromosomla atadakı 23 xromosom birləşdikdən sonra orada bir-birinə uyğun gələn xromosomlar cütləşərək uşaq əmələ gətirir. Təxminən qısa müalicə prosesini nəzərə alsaq, bütün proseslər 3 həftədə yekunlaşır. Ümumiyyətlə, biz embrionlar əmələ gəldikdən sonra 2-3 gün onları nəzarətdə saxlayırıq. Embrionlar laboratoriya şəraitində maksimum 5-6 gün yaşaya bilər. 6-cı gündən sonra artıq embrionlar qabıqdan çıxaraq uşaqlıq borusunda damarlar vasitəsilə qidalanmağa başlayır. Uşaqlığın içərisində özü-özünə yer tapır. Embrion köçürülməsindən sonra hamiləlik testi qoyulur. İki həftədən sonra USM müayinəsi aparılır və hamiləlik tam təsdiq olunur. Proses minimum 3 həftədə, maksimum 2 aya yekunlaşdırılır. Bu proses xəstəyə özəl olaraq təyin edildiyi üçün demək olar ki, standart vəziyyət yoxdur. Bütün proses fərqli situasiyalarda aparılır.

- Sirr deyilsə, süni mayalanma neçəyə başa gəlir?

- Bu klinikalara və həkimə görə təxminən 3-5 min manat civarında dəyişir.

- Cütlüklərin psixoloji vəziyyətini necə idarə edirsiniz?

- Təbii ki, övlad sahibi olmaq istəyib də, ola bilməyən ailələrin əhvalı korlanır. Bəzən hətta ağır depressiyalara belə düşmə ehtimalları olur. Biz ruh halına görə, cütlükləri ailə psixoloquna müraciət etməyi tövsiyə edirik. Onlara başqa heç cür köməklik göstərə bilmərik təəssüf ki. Amma bəzən xəstələri gərgin vəziyyətə salan məhz həkimlərin mövcud həqiqətləri onlardan gizlətməsidir. Bu düzgün deyil. Hər bir xəstə öz vəziyyətini bilməlidir.

- Azərbaycanda ilk dəfə süni mayalanma 2004-cü ildə həyata keçirilib. O vaxtdan bu günə qədər süni mayalanmaya müraciət edən cütlükləri düşündürən suala cavab verməyinizi rica edirəm. Təyin edilən dərmanlar xərçəng xəstəliyi yarada bilirmi?

- Dünya miqyasında süni mayalanma ilə doğulan insanların sayı ildə 2 milyondan çox olur. Şəxsən mən Azərbaycanda həyata keçirdiyim süni mayalanma nəticəsində doğulan uşaqların sayını itirmişəm. Təyin edilən dərmanların heç biri orqanizmə zərər verəcək xüsusiyyətlərə sahib deyil. Bəzən sual verirlər ki, müalicə nəticəsində dərmanlar yumurtalıqların fəailiyyətinə mənfi təsir göstərərmi, xərçəng xəstəliyinə tutulma riskimi artırarmı və s. Hər iki sualın cavabı qəti və qəti şəkildə xeyrdir. Sistem bunu kodlaşdırır. Proses üçün onsuz da qadının yumurtalıqlarının hamısı çıxarılmır. Buna orqanizm icazə verməz. Məqsəd qadında olan folekulların hamısını müəyyən ölçüyə qədər böyütməkdir. Bu da müxtəlifdir. Bir qadından 1 yumurta götürülürsə, digər qadından 50 yumurta götürlə bilir. Bir də klimaks dövrü (menepauza) ilə əlaqədar suallar verirlər. Bəs dərmanlar bizi menepauza dövrünə sala bilərmi? Əlbəttə, xeyr. Bütün bunlarla əlaqəli çoxsaylı araşdırmalar var və heç birində bu ehtimallar öz təsdiqini tapmayıb.

- Süni mayalanma nəticəsində uşaqlar bir çox hallarda əkiz doğulurlar. Bunu idarə etmək mümkündürmü?

- Bilirsiz əslində, bunu bütün xəstələrə deyirəm. Süni mayalanma prosesi zamanı bizim məqsədimiz qadını ana etməkdir. Onsuz da dünya ölkələrində - Amerikada, Avropada, eləcə də Türkiyənin özündə embrion transfer sayı qanunla limitlənib. Məqsəd isə çoxuşaqlığın qarşısını almaqdır. Azərbaycanda bununla bağlı rəsmi qanun yoxdur. Yəni limitlənməyib. Ona görə də embrion sayı sərbəstdir. Amma biz şəxsən öz klinikamızda tək embrion transferi edirik. 80 faiz xəstələrə bir embrion transferi edirik. Bu səbəbdən bizim klinikamızda əkiz uşaqların doğum sayı çox aşağıdır. Ümumiyyətlə, əkiz uşağa hamilə qalmaq o qədər də asan proses deyil. Həm ana, həm də uşağın həyati təhlükəsi olur. Uşağı itirmək riski, erkən doğum riski və s. yüksək olur. Qadının yaşını nəzərə alaraq, 35-dən aşağı yaş qrupuna daxil olan qadınlarda ilk iki dəfə üçün tək embrion transferi edirəm. Əgər 2 dəfədən sonra hələ də qadın hamilə qala bilmirsə, bu zaman embrion transfer sayını 2-yə qaldırıram. 3-4 embrion transferi qəti şəkildə etmirik.

- Bir qadın neçə dəfə süni mayalanma prosesi keçirə bilər? Hər hansı məhdudiyyət varmı?

- Konkret bir limiti yoxdur. Yaxşı olardı ki, ilk 2 cəhddə hamilə qalınsın. Amma çox nadir hallarda ola bilir ki, 10-15 dəfədən sonra hamilə qala bilirlər. Mən hər zaman xəstələrimə deyirəm ki, psixoloji vəziyyətlərini hər zaman yüksək tutsunlar. Bu çox önəmlidir. Ruh düşkünlüyünə icazə verməsinlər. Hamilə qalana qədər cəhd etsinlər.

- Müalicə müddətində hər hansı xüsusi qida rasionu təyin edirsizmi?

- İstər müalicə, istərsə də normal həyat tərzində yaxşı olardı ki, dərman preparatlarından istifadəyə üstünlük verilməsin. Burda çox şahidi oluram, iştahsızlıq bəhanə edilərək müxtəlif vitaminlər atırlar. İynələr vurdururlar. Bu düzgün deyil. Məsələn, o vitamin kökün tərkibində varsa, nə üçün onu dərman vasitəsilə orqanizmə ötürməliyik? Bunu təbii üsullarla etmək mümkündür axı.

- Uşaqların cinsiyyətini daha əvvəldən bilmək olurmu?

- Bəli, əvvəlcədən bilirik. Emrionlara genetik analizi edilir və bunun nəticəsində uşağın cinsiyyətini təyin etmək olur. Ümumiyyətlə, əksər hallarda oğlan uşaqlarını transfer edirik, bəzən qız embrionları istəmirlər. Belə ki, cütlüyün qız övladı var və sadəcə oğlan usağı istədiyi üçün süni mayalanma proseduruna gəlir. Belə olan halda biz ona qız embrionu verə bilmirik. Bilirsiniz hər dəfə belə uşaqların doğulduğunu görəndə valideynlər qədər sevinirik. Çünki sıfırdan bütün prosesi biz izləyirik. Məqsədimiz budur ki, uşaq arzulayan heç bir ailənin ümidi boşa çıxmasın, qucağı boş qalmasın. Süni mayalanma ilə qadın məhz öz ərindən hamilə qalır. Bu fikri bəzən qarışdırırlar. Mentalitet bir balaca insanları çəkindirir. Burdan sizin vasitənizlə yenidən xatırlatmaq istəyirəm ki, süni mayalanma prosesində istifadə olunan sperma məhz qadının öz həyat yoldaşından götürülür. Sonsuz insanların son çarələrindən ən üstünü olan süni mayalanma əslində tamamilə təbii bir əməliyyatdır. Daha doğrusu, uşaqları olmayan ərlə arvadın təbii cütləşmənin süni yolla həllidir. Doğulan uşaq da öz ata-anasına oxşayır.

- Serdar həkim, anadangəlmə autizm, daun sindromunu müəyyən etmək olurmu?

- Autizm xəstəliyini müəyyən etmək mümkün deyil. Amma daun sindromu genetik analizdə bəlli olur. Biz həmin sindromun olmadığı embrionu transfer edirik və uşaq sağlam doğulur. Ümumiyyətlə, genetik xəstəliklərin müəyyən edilməsi çətindir. Ailənin genetikasında dərinlərdə kimdəsə olubsa belə, xəstənin özü belə nəsildə kimdəsə bu xəstəliyin olduğunu bilmir. Biz onu necə müəyyən edə bilərik? Bəzən tamamilə sağlam ailənin autism, daun və ya digər hər hansı genetik xəstəlik daşıyıcısı uşaqları doğulur. Məsələn, talsemiya xəstəliyi varsa, analiz edilir. Embrionlar içərisində həmin xəstəliyin olmadığı sağlam embrionlar seçildiyi halda uşaq o xəstəliklə doğulmaz. Bunun qarşısını almaq mümkündür.

- Xərçəng xəstəliyi keçirmiş qadının ana olma riski nə qədərdir?

- Xərçəng xəstəliyi diaqnozu qoyulan andan etibarən qadın həmin an bizə müraciət edərsə, ana olma riski digər qadınlarda olduğu kimi qalacaq. Belə ki, biz onun yumurtalıqlarını toplayıb dondururuq. Səbəb bu xəstəliyin müalicəsi zamanı istifadə edilən dərmanlar, kimyaterapiyalar, əməliyyatlar qadın bədənini zədələyir. Yumurtalıqlar zəifləyir və ana olma riski azalır. Müalicəsi bitdikdən sonra xəsrçəng xəstəliyi ilə mübarizə aparan qadının həkimi, onun hamilə qalmasına heç bir problem görməzsə, qadın təbii yollarla ana ola bilər. Yox əgər alınmırsa, bizə müraciət edir və dondurulmuş yumurtalıqlar mayalandırılaraq qadının uşaqlıq borusuna yerləşdirilir.

- Embrionların dondurularaq maksimum nə qədər saxlanıla bilər?

- Laborotoriya şəraitində 5 ilə qədər saxlanılması etibarlıdır. Yəni, 5 ilə qədər dəqiq zəmanəti var ki, övlad sahibi ola bilərsiz. Lakin 5 ildən çox da saxlanılsa, heç bir problem olmur. Çünki 26 il dondurulmuş embrionun köməyi ilə ana olan qadın olub. Amma klassik olaraq müşahidələr əsasında 5 il saxlanılması qəti şəkildə təhlükəsizdir.

- Yaş ortalaması varmı?

- Yoxdur. Niyə yoxdur? Ona görə ki, bizim 26 yaşında da, 45 yaşında da xəstəmiz olur. Kimə nə zaman süni mayalanma edilməlidir, bu onun yaşına, yumurtalıqların fəaliyyətinə, sosial həyat tərzinə və s. kriteriyalara görə müəyyən edilir. Ola bilir ki, 26 yaşında ols da, qadının yumurtalıqlarının sayı azdır. Ona gözlə deyə bilmərik. Məcburuq mövcud yumurtalıqlardan istifadə edərək onun hamilə qalmasına kömək edək. Bəzən də 43 yaşlı qadınlar müraciət edir. Eyni proseduru onlara da tətbiq edirik. Yaş arasındakı fərq sizə qəribə gələ bilər. Lakin bunu siz bilə bilməzsiniz. Yoxlama nəticəsində məlum olur.

- Çoxları belə düşünür ki, süni mayalanma ilə doğulan uşaq nə uşaq olacaq? Guya, təbii yolla olan uşaqlardan zəif olurlar, geri qalırlar.

- Qətiyyən belə deyil. Mən öz təcrübəmdə süni mayalanma ilə yüzlərcə uşaq dünyaya gətirmişəm. Onlarla sonradan əlaqə də saxlayırıq, maraqlanırıq. Baxın bu lövhədə gördüyünüz uşaqların 90 faizi süni mayalanma ilə dünyaya gəlib. Son dərəcə sağlam uşaqlardır. Heç bir cəhətdən də digərlərindən fərqlənmirlər. O uşaqların necə zəkalı, ağıllı, sağlam olduqlarını özümüz müşahidə etmişik. İstər bədən, istər orqanizm, istər zehni baxımdan heç zəif olmurlar. Dünyada bu vaxta kimi 6 milyon süni mayalanma ilə uşaq doğulub. Aparılan araşdırmalar göstərdi ki, bu uşaqları digər uşaqlardan fərqli edən heç bir cəhət yoxdur.

- Bizə vaxt ayırdığınız üçün təşəkkür edirik.

- Mən təşəkkür edirəm. Siz necə deyirdiniz: Çox sağ olun (gülür).

Saglamolun.Az