Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi vərəm xəstəliyi ilə bağlı həyəcan siqnalı çalıb.
"Qlobal çağırışlar və öhdəliklər: Azərbaycanda vərəmlə mübarizə” adlı dinləmələrdə iştirak edən Baş idarənin rəisi Rəfail Mehdiyev bir çox iaşə obyektlərində, restoranlarda, uşaq müəssisələrində açıq formalı vərəm xəstələrinin işlədiyini və onlara nəzarət edilmədiyini bildirib. "Sovet dövründə müəyyən obliqat qrupu var idi, həmin qrupa daxil olanlar mütəmadi müayinələrdən keçirilirdi, bu işə xüsusi nəzarət edilirdi. Lakin bu gün, bu, unudulub. Vərəm xəstələrinə nəzarət itib. Baş idarə rəisi cəzaçəkmə müəssisələrindən azad olan keçmiş məhbusların da müayinələrdən kənarda qaldığını və bəzən belə insanlar təkrar mühakimə olunub cəzaçəkmə müəssisəsinə yenidən qayıtdıqda onlarda vərəmin kəskin formasının aşkarlandığını bildirib. Bütün bunlar vərəmli xəstələrin nəzarətin kənarda qaldığını, müayinə və müalicə olunmadıqlarını göstərir.
Oxşar mövzu Milli Məclisin Səhiyyə komitəsinin iclasında da gündəmə gəlib. Komitənin iclasında Elmi-tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova son bir neçə ildə vərəmə yoluxan uşaqların sayında artım olduğunu deyib. H.Qədirova vərəmli xəstələrin qeydiyyatdan kənarda qalmasında həm həkimləri, həm də xəstələrin ailələrini günahlandırıb. Həkimin sözlərinə görə, vərəm xəstələrinin müalicəsinin kor-koranə aparılması sonradan daha ciddi fəsadlar yaradır.
Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi rəisinin və Ağciyər Xəstəlikləri İnstitutu direktorunun açıqlamalarını biri-birinin məntiqi davamı da hesab etmək olar.
Bir halda ki, ictimai iaşə obyektlərində, uşaq müəssisələrində açıq formalı vərəm xəstələri çalışır, vərəmə yoluxan uşaqların sayında artım olacağı gözləniləndir. Təsəvvür etmək belə çətindir ki, uşaq bağçasında aşbaz, məktəbdə bufetçi, yaxud kafedə, yeməkxanada müştərilərə xidmət göstərən birisi açıq vərəm xəstəsidir və bu vəziyyətdə də uşaqlara xörək bişirir, yemək paylayır, müştərilərə xidmət göstərir. Əlbəttə, bu halda həmin şəxsin təmasda olduğu digər insanları yoluxdurmaq riski böyükdür və realdır.
"İşəgötürənlər tibbi arayış tələb etməlidir”
Bəs iaşə obyektlərində və uşaq müəssisələrində çalışanların sağlıq durumlarına nəzarəti hansı qurum həyata keçirməlidir?
Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ilə əlaqə saxladıq. Mərkəzin şöbə müdiri Ziyəddin Kazımov Sherg.az-a açıqlamasında bildirdi ki, tibbi müayinədən keçmələri icbari olan qruplar var, vərəm xəstələri də bu qrupa daxildir. Buna "obliqat qruplar” (müxtəlif sahələrdə çalışan, işə qəbul olunarkən və sonradan dövri tibbi müayinədən keçmələri tələb olunan vətəndaşlar) deyilir. "Obliqat qrup”a daxil olan vətəndaşlar daim nəzarət altında olmalı, mütəmadi tibbi müayinədən keçməlidirlər. Poliklinikalarda müayinə otaqları var. Hər bir vətəndaş işə qəbul olunmaq üçün tibbi müayinədən keçməli və tibbi arayış təqdim etməlidir. İşəgötürənlər də işə qəbul olunmaq üçün müraciət edən şəxsdən tibbi arayış tələb etməlidirlər. Təəssüf ki, bu şərtlərə əməl edilmir.
"Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ictimai iaşə obyektlərində çalışanların sağlıq durumuna nəzarət edirmi” sualına gəlincə, Z.Kazımov Mərkəzin epidemioloji məsələlər üzrə direktor müavini Afaq Əliyevaya müraciət etməli olduğumuzu dedi.
A.Əliyeva isə "bu işlə Ziyəddin müəllim özü məşğul olur, mənim üstümə niyə göndərir?!” cavabını verdi. Bununla belə, A.Əliyeva RGEM-nin tibbi müayinə işinə nəzarət etdiyini dedi və obliqat qrupların mütəmadi müayinələrə cəlb edilməli olduğunu vurğuladı.
"İaşə obyektlərini Gigiyena və Epidemiologiya Mərkəzi yoxlamalıdır”
Təcili Tibbi Yardım Stansiyasının həkimi Şahvələd Məmmədov "Şərq”ə açıqlamasında qeyd etdi ki, ictimai iaşə obyektləri, uşaq müəssisələri, təhsil ocaqları daim ciddi tibbi nəzarət altında olmalıdır:
- Bu vəzifə birbaşa Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin üzərinə düşür. Bu işlə həmin Mərkəz məşğul olmalıdır. Nəzarət zəif olduğundan yoluxucu xəstəliklər, o cümlədən də vərəm yayılır. Uşaqlar arasında qurd xəstəliklərinin, parazitar xəstəliklərin yayılmasının da səbəbi tibbi nəzarətin zəif və ya heç olmamasıdır. Dəfələrlə məktəb bufetləri, yeməkxanaların sanitar vəziyyəti barədə həyəcan təbili çalınıb. Uşaq bağçalarında, məktəb bufetlərində çalışanların tibbi müayinədən keçmələri, sağlıq durumlarının yoxlanmalı olduğu vurğulanıb. Əgər uşaq bağçasında və ya məktəbdə çalışanlardan biri vərəm xəstəsidirsə, oradakı uşaqların sağlamlığı təhdid altında olmazmı? Dönərxanalarda hansı natəmizlik hökm sürür, hamımız görürük.
Heç bir qoruyucu vasitədən istifadə etməyən insanlar müştərilərə yemək təqdim edirlər. Bazarlara, küçə ticarətinə baxın. Əlləri tozdan qap-qara, üst-başı çirkli, natəmiz satıcılar vətəndaşlara "xidmət göstərir”. Son vaxtlar əksər satış mərkəzlərində çörəklər kağız, yada sellofan torbalarda satışa gəlir. Amma hələ də çörəyin açıq halda satıldığı, satıcının da heç bir əlcəkdən, qoruyucu vasitədən istifadə etmədən çörək satışı ilə məşğul olduğu yerlər var. İaşə obyektləri potensial yoluxma riski daşıyan məkanlardır. Biz demirik ki, vərəm xəstəsi hardasa işləməsin, çalışmasın. İnsan xəstələnə bilər, amma müayinə və müalicə olunmalıdır. Rəsmi qurumlar da bu işə nəzarət etməlidir. Baxın, sovet vaxtı ildə bir dəfə əhalinin məcburi dispanser müayinəsi aparılırdı. Məktəbliləri ildə bir dəfə yoxlanırdı, ağ ciyərləri rentgen edilirdi. Bu tədbirlər indi də mütləq icra edilməlidir. Hökumət bununla bağlı konkret proqram, layihə hazırlamalı və icrasına da ciddi nəzarət tətbiq edilməlidir.
Ş.Məmmədov bildirdi ki, vərəmi "aclıq xəstəliyi” adlandırırlar. Lakin hazırkı zamanda vərəm xəstələrinin sayının artmasının bir çox səbəbləri var:
- "Aclıq xəstəliyi” o demək deyil ki, kimsə həqiqi mənada ac qalır və vərəmə yoluxur. Məsələ orqanizmin müqavimət qabiliyyətinin aşağı düşməsindədir. Burada da qida faktorunun böyük əhəmiyyəti var. Söhbət keyfiyyətli, vitaminli qidalardan gedir. Küçəylə gedəndə əlində dönər tutub yeyən nə qədər insan görürsünüz? Özüm deyim; çox. Uşaq-böyük, az qala ucdantutma hamı dönər alır. Dönərin hansı ətdən, necə hazırlandığını isə heç kim bilmir. Bizim qəbul etdiyimiz qidaların böyük əksəriyyəti yalnız karbohidratdan ibarətdir. Tərkibində orqanizm üçün zəruri zülal, vitaminlər olan qidalar çox azdır. Mənşəyi bilinməyən, kimyəvi qatqı maddələri ilə zəngin qidalar orqanizmi zəiflədir, immuniteti aşağı salır. Son illər niyə sonsuzluq faizi artıb? Hamısının səbəbi mənşəyi bilinməyən qidalar qəbul edildiyindəndir. Xüsusən oğlanlar arasında dölsüzlük yayılıb. Çünki orda-burda, ayaqüstü qidalanırlar, yedikləri ya dönərdir, ya da "perajki”, içdikləri də süni enerji içkiləri. Belə qidalanan insan da əlbəttə ki, nəsil artırmaq iqtidarında olmayacaq. Vərəm indiki zamanda ən tez sağalan xəstəlikdir. Sadəcə, vaxtında müayinə olunmaq və müalicə almaq lazımdır. Vərəmdən qorxmaq, gizlətmək lazım deyil.
Saglamolun.Az