"Talassemiya xəstəliyinin artmasının ilk səbəblərindən biri qohum evliliyidir”.
Bu sözləri Sherg.az-a respublika ərazisində talassemiya xəstələrinin artmasından danışarkən tibb və fəlsəfə elmləri doktoru Şəmsiyyə Namazlı deyib.
O qeyd edib ki, cütlüklər evlənməzdən əvvəl müvafiq tibbi analizlərdən keçməli, problem aşkarlanarsa, qabaqlayıcı addımlar atılmalıdır:
"Yaranmış problemi həll etmək problemin yaranmasının qarşısını almaqdan daha çətindir. Evlilik öncəsi keçirilən testlərdə cütlüklərdən hansısa talassemiya xəstəliyinin daşıyıcısı olarsa, evlənmələri məsləhət görülmür. Təəssüf ki, millətin psixologiyasından irəli gələrək, geri addım atmırlar. Xəstə uşaqlar doğulduqda müalicələr başlayır, uzun illər əziyyət çəkdikdən sonra boşanmalar və s. yaranır və nsanlar talassemiyanın nə qədər təhlükəli olduğunu anlayır. Ona görə, gec olmadan problemin qarşısını almaq lazımdır.
Dövlətin məqsədi sağlam cəmiyyətin formalaşması, sağlam nəslin dünyaya gəlməsidir. Tək fiziki deyil, əqli cəhətdən də sağlam cəmiyyət formalaşdırmaq lazımdır.
Talassemiya xəstələrinin sayı artdıqca həm dövlətin maddi xərcləri artır, həm də insanların özləri psixoloji, mənəvi və fiziki cəhətdən çətinliklərlə qarşılaşır. Ailə cəmiyyətin bir parçası olduğu üçün bu cür problemlərin yaranmazdan qabaq qarşısını almalıyıq”.
Qeyd edək ki, Respublika Talassemiya Mərkəzi publik hüquqi şəxsin direktoru Valeh Hüseynov respublikamızda 1 milyondan yuxarı talassemiya daşıyıcısı olduğunu söyləyib. O vurğulayıb ki, daşıyıcılıq talassemiyanın kiçik formasıdır. Daşıyıcılar xəstə deyil, onların sağlam insanlardan elə də fərqi yoxdur. Talassemiya daşıyıcıları ailə qurduqda xəstə uşaqlar dünyaya gəlir.
Saglamolun.Az