İngiltərənin Oksford Universitetinin alimləri ürək xəstəlikləri və ağciyər xərçənginin diaqnozu üçün süni intellekt sistemi yaradıb. Sistem ürək rentgenində kardioloqların görmədiyi nüansları müəyyən edə bilir. Digər süni intellekt isə ağciyər xərçəngini erkən təşhis edir.
Publika.Az xəbər verir ki, yenilik İngiltərə dövlət xəstəxanalarında bu ilin yayında ödənişsiz olaraq istifadəyə veriləcək. Bununla da həm xəstəliklərin erkən təşhis edilməsi, həm də maddi baxımdan da xeyli qənaət edilməsi gözlənilir.
Bu gün həkimlər rentgen müayinəsi nəticəsində ürəkdə problem olub-olmamasını anlayır, ancaq ən yaxşı həkim belə 5 xəstədən 1-də səhv edə bilir.
Nəticədə xəstə evə buraxılır, yanlış diaqnoza görə infarkt keçirir, ya da ehtiyac olmadığı halda əməliyyat edilir.
Bu sistemlə müayinədən sonra nəticələrin müsbət çıxması, xəstənin infarkt keçirmə riskinin yüksək olduğu mənasını verir. Sistem 6 kardioloji mərkəzdə test edilib, nəticələr bu il akademik jurnallarda yayımlanacaq.
Con Radclif Xəstəxanasında hazırlanan süni intellekt sistemi həkimlərin görmədiyi detalları görür.
Sistemi yaradan kardioloq professor Paul Leeson sistemin kardioloqlardan daha bacarıqlı olduğunu bildirib: "Kardioloq olaraq hər zaman daha yaxşı qərar verməyə çalışırıq, amma bu sistemlə daha yaxşı olmaq ehtimalımız var".
Araşdırmalara görə, hər il İngiltərdə 60 min insanın ürəyi rentgen olunur, onların 12 mininə yanlış diaqnoz qoyulur. Bu sistem həm də xərclərə 50 faiz qənaət etməyə imkan verir.
Digər süni intellekt sistemi isə ağciyər xərçənginə erkən diaqnoz qoymağa kömək edir. Bu sistemlə normal olmayan şişlər araşdırılır. Belə ki, həkimlər bu şişlərin xərçəng, yoxsa zərərsiz olmasını müəyyən etmək üçün bir neçə dəfə rentgen müayinəsinə ehtiyac duyur. Yeni sistem isə ilk müayinədən diaqnozu qoya bilir. Bu da həm səhiyyə sistemində qənaətə imkan verir, həm də xəstələrin lazımsız narahatlıqlarına son qoyur.
Süni intellektin sağlamlıq üçün zərərsiz olduğu da klinik araşdırmalar nəticəsində təsdiqlənib.
Sistemi yaradan Optellium şirkətinin elm və texnologiya üzrə department rəhbəri Timor Kadir bunun ABŞ və Avropa Birliyində səhiyyə xərclərinə 10 milyard sterlinq qənaət edilməsinə imkan verəcəyini deyib.
Saglamolun.Az