Bakıda möcüzə baş verdi: ovuc boyda uşaq doğuldu

Azərbaycanda çəkisi cəmi 950 qram olan oğlan uşağı doğulub. Respublika Müalicə Diaqnostika Mərkəzindən (RMDM) Sputnik.az-a bildiriblər ki, həkimlərə onu xilas etmək və normal vəziyyətə gətirmək müyəssər olub.

Bu, son illər ərzində son dərəcə aşağı çəkisi olan uşağın xilas edilməsi ilə bağlı ilk belə haldır. Bundan əlavə, uşağın özünün doğulması da unikaldır. Çünki adı çəkilməyən ana artıq 8 ildir nikahda olsa da, sistematik uşaq düşməsindən əziyyət çəkir.

Artıq 28 yaşı olan qadın bir daha ana ola bilməyəcəyini düşünərək, özünü sonsuz sayırmış. Amma möcüzə baş verib. Hamilə qalan qadın RMDM-ə müraciət edib. Klinikada araşdırma zamanı müəyyən olunub ki, qadın yaxın qohumuna ərə gedib və çox mümkün ki, uşaq düşmələrinin səbəbi də məhz bu faktordur.

Neantoloq Arzu Həsənovanın sözlərinə görə, hamiləliyin 34-cü həftəsində dünyaya gələn körpə dərhal retinopatiya riski ilə bağlı müayinəyə göndərilib, eşitmə qabiliyyəti yoxlanılıb və digər zəruri müayinələr keçirilib. Bütün risklər yoxlanıldıqdan sonra körpə normal çəkiyə çatdırılıb və bir ay sonra RMDM-dən evə buraxılıb.

Qeyd edək ki, buna qədər, hamiləliyin 28 həftəsindən tez doğulan və çəkisi 1 kiloqramdan az olan uşaqlar ölü doğulmuş uşaq sayılırdı. Amma 2015-ci ilin yanvarından beynəlxalq normalara keçiləndən sonra hamiləliyin 22 həftəsində və 500 qram çəki ilə doğulan uşaqlar diri doğulmuş uşaq sayılır. Müasir tibb belə uşaqları normal çəkiyə çatdıraraq, valideynlərinə qaytarmağa imkan verir.

Saglamolun.Az