Son zamanlar ölkədə əməliyyat masasında ölüm və ya əməliyyatdan sonra xəstədə baş verən ciddi ağırlaşmalar halları KİV-lərdə kifayət qədər tez-tez işıqlandırılır.
Bu da insanlarda səhiyyəyə qarşı olan inamsızlığı daha da artırır. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda həkim səhlənkarlığı ucbatından baş verən ölüm hadisəsi də bunun növbəti sübutudur. Belə ki, xəstənin narkozdan ayılmaması növbəti faciəyə yol açıb.
Salyan rayonunun Qızılağac kənd sakini, 1999-cu il təvəllüdlü Əliyev Səbuhi Rafiq oğlunun əməliyyatına səbəb onurğa sütununun əyriliyi olub. Həkim xəstənin əməliyyatında riskin olmadığını bildirdi və əməliyyata qərar verdi.
Xəstənin yaxınları isə məsələdə xəstəxananın həkimlərinin, o cümlədən anestezioloqun məsuliyyət daşıdığını iddia ediblər.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova açıqlamasında bildirib ki, S.Əliyev Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna IV dərəcəli ağır kifoskolioz diaqnozu ilə müraciət edib: "Xəstə əməliyyata alınıb. Əməliyyat zamanı halı pisləşib, şoka düşüb. Bütün reanimasion tədbirlərə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb”.
İnsan həyatının kifayət qədər həssas mövzu olduğunu vurğulayan həkim Zəlimxan Məmmədli Sherg.az-a açıqlamasında bu məsələnin ictimailəşdirilməsinin tərəfdarı olmadığını bildirib.
O, bu hadisənin səhlənkarlıq ucbatından baş verdiyini zənn etmir: "Həmin travmatoloq kifayət qədər professional, işini bilən həkimdir. Amma hər bir cərrahi əməliyyat riskdir. Bunu gözardı etmək düzgün deyil. Əvvəldən xəstəni əməliyyata hazırlamaq, xəstənin üzərində müəyyən dərmanların sınaqlarını keçirmək, bədənin reaksiyasını yoxlamaq tibdə kifayət qədər asandır. Sovet dövründə həkim və xəstə arasında qeyri-rəsmi müqavilə imzalanırdı. Hətta bir uşağı əməliyyat etdikdə ölüm riski ola bilər deyə kağız imzalanırdı ki, bu zaman həkim günahlandırılmasın. Risk ən xırda cərrahi əməliyyatlarda belə var.
Travmatologiya İnstitutu adi klinikalardan deyil. Kifayət qədər peşəkar kollektivi, texniki təchizatı olan xəstəxanadır. Həmin əməliyyatı edən həkim kifayət qədər ixtisaslı, təcrübəli olmalıdır. Hadisənin səbəbinin müəyyən edilməsi, ekspertiza rəyinin açıqlanması çox önəmlidir.
Ümumiyyətlə isə əməliyyatdan əvvəl xəstənin orqanizmində bir sıra parametrlər varsa, müəyyən edilməlidir. Onun əvvəllər əməliyyat keçirməsi, immun sisteminin dayanıqlığı anestetiklərə münasibəti və s. araşdırılmalıdır. Bəzi insan var, fobiyası var, həkim gördükdə halı pisləşir. Ona görə, obyektiv təhlil aparılıb, nəticə açıqlanmalıdır. Lakin belə cərrahi müdaxilələrdə risk yoxdur demək düzgün deyil”.
Tibb elmləri doktoru, professor Adil Qeybulla isə artıq həkimlərdə peşəkarlıq probleminin olmasının bir fakt olduğunu deyib. Onun sözlərinə görə, hər bir ölüm halının konkret səbəbi olur və həmin səbəblər mütləq ayrı-ayrılıqda araşdırılmalıdır.
Ölüm halı qanaxmadan, boğulmadan, narkozun hansısa ağırlaşmasından, xəstənin özündə olan fəsaddan və s. hallardan ola bilər. Bu cür hallar məhkəmə-tibbi ekspertizasının predmetidir. Bu ölüm faktında həkim səhvi və ya digər bir səbəblərdən hansı birinin olması mütləq ekspertizanın cavablarından sonra müəyyən oluna bilər. Sadəcə narkozun, əməliyyatın özünün müəyyən riskləri var. Bəzən xəstənin özündə elə xəstəliklər ola bilər ki, ölüm faktı məhz o xəstəlik səbəbindən baş verə bilər. Əməliyyat üçün müəyyən müayinə paketi var. Bu müayinələr sonrası əməliyyata girilməlidir. Amma bəzən hepatitli xəstələr də əməliyyata girir.
Onlar əməliyyat olunma hüquqi var, eyni zamanda bəzən zəruriyyət yaranır. Əgər xəstə əməliyyat stolunda keçinibsə, konkret olaraq ciddi bir səbəb var. Bu ya əməliyyatla, ya da narkozla bağlı ola bilər. Bu gün ümumi şəkildə heç bir şey deyilə bilməz. Amma ekspertizadan sonra bu cür hallara dəqiq qiymət vermək olur. Lakin həkimlərdə də peşəkarlıq probleminin olduğu danılmazdır. Dünyanın hər bir yerində ölüm halları olur, sadəcə Azərbaycanda baş verən xəstə ölümləri düzgün şərh edilmir. Hər hansısa bir səbəbdən ölüm halı olubsa, bir rəy çıxmalıdır. Rəydə ölüm halının başvermə səbəbi ilə bağlı bütün detallar qeyd edilməlidir. Biz bunların heç birini eşitmirik. Sadəcə medianın ümumi bir rəyi olur və bundan nə səhiyyə, nə həkim, nə də xəstə qazanır. Düşünürəm ki, bu cür neqativ halları sistemli şəkildə yanaşma ilə həll edilməlidir. Epizodik yanaşmalar bizə heç nə verməyəcək”.
Saglamolun.Az