Xalq təbabətində dərmanların forması və istifadəsi

Dərmanlar öz mənşəyinə görə üç cür olur: bitki, heyvan, mineral mənşəli. Bunlardan ən geniş tətbiq olunanı bitki mənşəli dərmanlardır. Yazılı mənbələrdən aydın olduğu kimi, hələ XVI əsrdə ərəblərə məlum olan 2600 dərmandan 1400-ü bitki mənşəli idi. Respublikamızın ərazisi dərman bitkiləri ilə zəngin olduğu üçün burada xalq təbabəti geniş inkişaf etmişdir. Azərbaycan florasında 400-ə qədər dərman bitkisinin olması qeydə alınmışdır.

Qeyd olunan dərman maddələrinin əksəriyyəti təbii xammallardan alınır. Buna görə də xəstəliklərə qarşı məsləhət görülən vasitələrin (qida maddəsi olduğu üçün) zərərli təsiri yoxdur. Həmin maddələr orqanizmə daxil olduqda onun müqavimətini artırır, davamlılığını gücləndirir.

Bitki və heyvan mənşəli dərman materialları əsasən ot, yarpaq, çiçək, meyvə, zoğ, kök, qabıq, qatran, balzam, yağ, bal, süd və s. şəklində tətbiq olunur. Bu dərman materialları şəraitdən asılı olaraq xam şəkildə və ya tinkturalar, ekstratlar, dəmləmələr, bişirmələr və s. halında istifadə edilir. Elmi təbabətdə xam dərman materialları əlavə qarışıqlardan tamamilə təmizlənmiş halda (yeni Qalen preparatları) istifadəyə buraxılır.

Dərman almaq məqsədilə xammalın nə zaman toplanmasının əhəmiyyəti böyükdür. Dərman bitkiləri çox mürəkkəb tərkibə malik olduğu üçün onların toplanması və qurudulması xüsusi diqqət tələb edir. Xammalın tərkibində olan təsiredici maddə ilin fəsillərindən asılı olaraq dəyişir. Ona görə də dərman bitkilərinin ayrı-ayrı orqanlarının toplanmasını ilin müxtəlif fəsillərində təşkil etmək lazımdır. Yarpaqları bitki tam çiçək açan dövrdə və ya o, çiçək açmağa başlayarkən toplamaq tövsiyə olunur. Çiçəklər bitki yeni çiçək açan zaman toplanmalıdır. Bu baxımdan itburnu çiçəyi, qızılgül və s. müstəsnalıq təşkil edir. Onları tam açıldıqdan sonra yığırlar. Bitkinin yerüstü hissəsini də o, çiçək açmağa başlayanda toplamaq məqsədəuyğun hesab olunur. Tumurcuqlar yaz fəslində onlar şişən zaman, toxumlar, meyvələr, giləmeyvələr tam yetişdikləri zaman toplanmalıdır. Kökümsovlar, köklər, kök yumruları, həmçinin zoğlar payızda və ya erkən yazda tədarük olunmalıdır. Qabıqları yazda gövdə şirə ilə zəngin olduqda cavan qol-budaqlardan ayırmaqla əldə edirlər. Meyvələri tam yetişdikdən sonra o özü düşməmiş dərmək məsləhətdir.

Toplanmış bitki xammallarının uzun müddət saxlanması üçün onun qurudulmasının əhəmiyyəti böyükdür. Bunun üçün xammal dərhal çeşidlərə ayrılmalı, xırdalanmalı və xüsusi şəraitdə qurudulmalıdır. Qurudulma kölgəli yerlərdə, çardaqlarda və ya istiliyi 35-450 S olan sobalarda aparılmalıdır. Çoxlu miqdarda bitki xammalını qızdırılan quruducularda qurudurlar. Qurudulma prosesi hər cür tozdan və kənar qarışıqlardan təcrid olunmuş şəkildə aparılmalıdır.

Heyvan mənşəli dərmanları cavan və sağlam heyvanlardan yaz aylarında kəsilən kimi almaq məqsədəuyğundur.

Mineral mənşəli dərmanları qışın əvvəllərində torpağa qarışıq halda toplamaq məsləhət görülür.

DƏRMAN FORMALARI

Dərman maddələri qatılıqlarına görə 3 qrupa bölünür:

  1. Bərk dərman formaları.
  2. Yumşaq dərman formaları.
  3. Duru dərman formaları.

Dərman formaları işlədilmə üsullarına görə də 3 qrupa ayrılır:

1. Xaricə işlənən dərmanlar (dəri və selikli qişaya tətbiq edilən dərmanlar);

2. Daxilə işlənən dərmanlar. (orqanizmə həzm və tənəffüs yolları ilə daxil edilən dərmanlar)

3. İynə vasitəsi ilə bədənin müxtəlif yerlərinə (dəri altına, əzələyə və venaya) yeridilən dərmanlar.

Adətən elmi təbabətdə dərman formaları orqanizmə daxil edildiyi üsullardan və yerdən asılı olaraq xüsusi adla adlanır. Məs.: qarqara,islatma, yuma dərmanları, göz, qulaq poroşokları və s.

Burada adı tez-tez çəkilən və tətbiq olunması məsləhət bilinən bəzi dərman formalarnın hazırlanma qaydaları haqqında qısaca məlumat verməyi məqsədə müvafiq hesab edirik.

BƏRK DƏRMAN FORMALARI VƏ ONLARIN ALINMASI ÜSULLARI

POROŞOKLAR (tozlar) – dərman maddələrinin ən çox yayılmış formasıdır. Onlar bərk maddələri xırdalayaraq toz halına salmaqla alınır. Bu məqsədlə müxtəlif üsullardan istifadə olunur.

  1. Əzmə və doğrama üsulu. Bu zaman dərman bitkilərinin təklif olunan hissələrini doğramaq və əzməklə toz halına salırlar.
  2. Sürtmə üsulu. Həmin üsulda dərman maddələri həvəngdə sürtülərək toz halına salınır.
  3. Bulandırma üsulu. Bu üsulla suda həll olmayan mineral maddələri toz halına salaraq bir qədər su ilə qarışdırıb çalxalayır və süzgəc kağızından keçirirlər. Sonra süzgəcdə qalan narın tozu qurudurlar.

(Tozların alınması üçün başqa üsullar da vardır). Tozları çəkdikdən sonra xırda kağız torbalarda və ya şüşə qablarda saxlayırlar.

HƏBLƏR - həblər daxilə qəbul olunan ən qədim dərman formalarındandır. Onlar yumşaq kütlədən yuvarlamaqla alınan 0,1-0,2 qram ağırlığında hazırlanmış kürəciklərdir. Həblərin tərkibi əsas dərman maddəsindən və xəmir əmələ gətirən maddədən ibarət olur. Xəmir əmələ gətirən maddə kimi biyan kökünün tozu, biyan kökünün duru və qatı ekstratı, zəncirotu və ya gülxətmi kökünün ekstratı işlədilir. Həbləri hazırlayarkən əsas dərman maddəsinin tozu və ekstrat götürüb xəmirəbənzər kütlə alınana qədər həvəngdə qarışdırırlar. Əmələ gələn kütləni çubuq halına saldıqdan sonra bərabər hissələrə bölüb ondan kürəciklər hazırlayırlar. Həblərin bir-birinə yapışmaması üçün onların üzərinə müxtəlif bitki tozları (məs.: buğda unu) səpirlər. Bundan başqa təbabətdə 0,5-2,0 qram ağırlığında əsasən bal və ya şəkər şərbəti ilə hazırlanan böyük həblər (bolyuslar) və kütləsi 0,02-0,03 qram olan kiçik həblər (dənəciklər) də işlədilir. Dənəciklər fabrik-zavodlarda güclü təsirə malik olan maddələrdən hazırlanır. Fabrik-zavodlarda bundan başqa da bərk dərman formaları hazırlanıb istifadəyə verilir. Məs.: tabletlər, kapsullar və S.

YUMŞAQ DƏRMAN FORMALARI VƏ ONLARIN ALINMA ÜSULLARI

MƏLHƏMLƏR - ən qədim və çox tətbiq olunan dərman formalarındandır. Məlhəmlər əsasən xaricə işlənən dərmanlardır. Onlar müxtəlif dərmanlarla məlhəm əsasının qarışığından alınır. Onun təsiri dərman maddəsinin dəriyə və selikli qişaya sorulması ilə izah olunur. Ona görə də o, bədən hərarətində asanlıqla əriyib dəriyə yayılmalıdır. Məlhəmlərin tərkibində tozların miqdarı məlhəm əsasının miqdarından az olur. Xalq təbabətində məlhəm əsası kimi heyvan (donuz piyi, öküz piyi, keçi piyi, arı mumu), bitki (şaftalı, badam, günəbaxan, zeytun yağları) və mineral (vazelin, parafin, Naftalan nefti və s.) maddələrdən istifadə olunmuşdur.

Məlhəmləri hazırlamaq üçün dərman maddələri toz halına salınır. Sonra o, məlhəm əsası ilə qarışdırılıb yumşaq kütlə hazırlanır. Bərk maddələrin məlhəm əsasında bərabər surətdə paylanmasını təmin etmək üçün onu bir az suda, spirtdə və ya bitki yağında həll edirlər. Məlhəmlərin qatılığı əsasən 3- 10% olur. Onların iyini yaxşılaşdırmaq məqsədi ilə tərkibinə bir qədər efirli yağ (nanə, qızılgül və s.) əlavə edirlər.

PASTALAR - qatı məlhəmlərdir. Onlar tərkibində tozların miqdarının məlhəm əsasına bərabər və ya ondan artıq olması ilə məlhəmlərdən fərqlənirlər. Pastalar dəriyə sürtüldükdə bədən hərarətində asanlıqla yumşalır və sürtüldüyü nahiyədə uzun müddət qalır.

Əsasən fabrik və zavod şəraitində hazırlanan digər yumşaq dərman formaları da vardır. Məs.: plastrlar, kürəciklər, şamlar, millər və s.

MAYE DƏRMAN FORMALARI VƏ ONLARIN ALINMA ÜSULLARI

MƏHLULLAR VƏ MAYELƏR – həll olan maddədən və həlledicidən ibarət bircinsli qarışığa məhlul deyilir. Həlledici kimi su, spirt, efir, bitki yağları və s. tətbiq edilir.

Məhlulları hazırlamaq üçün həllolan maddə tərəzidə çəkilərək şüşə qaba tökülür və onun üzərinə tələb olunan miqdarda həlledici əlavə edilərək qarışdırılır. Məhlulların qatılığı bir neçə cür ifadə olunur. Çox zaman həllolan maddənin miqdarı faizlə ifadə edilir.

Tərkibində dərman maddəsinin təsirinin güclü olması ilə fərqlənən digər məhlullar da vardır. Məs: Damcılar, miksturalar. İynə ilə yeridilən dərmanlar isə fabrik-zavod şəraitində hazırlanır.

DƏMLƏMƏ VƏ BİŞİRMƏLƏR – dərman bitkilərinin müxtəlif hissələrindən (yarpaq, çiçək, kök, qabıq, toxum və s.) hazırlanan maye dərman formasıdır. Dəmləmələr qaynar və soyuq üsulla hazırlanır. Onları qaynar üsulla hazırlamaq üçün bitkinin lazım olan hissəsini xırdalayıb üzərinə distillə olunmuş su əlavə edərək dəmləyirlər. Dəmləmələr apteklərdə infudirka adlanan cihazlarda hazırlanır. Bu işi ev şəraitində emallı çaydanlarda və ya qablarda da aparmaq olar. Çaydan zəif od üzərində və ya içərisinə su tökülmüş qabda altına taxta, yaxud parça qoymaqla 15 dəqiqə müddətində dəmlənir. O, tamamilə soyuduqdan sonra süzülür, bitki kütləsi sıxılır, maye yenidən pambıqdan keçirilir. Tərkibində selik maddəsi olan bitki xammalları (gülxətmi kökü, heyva toxumu və s. isə) otaq temperaturunda 4 saat ərzində dəmlənməlidir.

Bişirmələr dəmləmələrdən fərqli olaraq 30 dəqiqə müddətində qızdırmaqla hazırlanır və eyni qaydada süzülür.

Dövlət Farmakopeyasının tələblərinə uyğun olaraq zəhərləyici təsirə malik olan dərman bitkilərinin 1 hissəsi 400 hissə suda, güclü təsir göstərən dərman bitkilərinin I hissəsi 30 hissə suda, zəif təsir göstərici dərman bitkilərinin I hissəsi 10 hissə suda dəmlənir. Dadını və ətrini yaxşılaşdırmaq məqsədi ilə onlara ətirli maddələr (ekstrat, tinktura, şərbət və s.) əlavə edilə bilər. Dəmləmə və bişirmələr tez xarab olduğu üçün onları 200 ml-dən artıq hazırlamaq məsləhət görülmür.

YIĞINTILAR - dərman bitkilərinin yarpaqlarından, çiçəklərindən, qabıqlarından, köklərindən, otlardan və onların qarışıqlarından alınan dərman formalarıdır. Onları hazırlamaq üçün bitkilərin lazım olan hissələri doğranıb döyülərək iri poroşok (toz) halına salınır və suda dəmlənir.

EMULSİYALAR - suyun və suda həll olmayan müxtəlif maddələrin qarışığından ibarət olan, görünüşünə görə südə bənzəyən maye dərman formasıdır. Emulsiyalar öz xüsusiyyətlərinə görə iki növ olur:

  1. Bitki toxumlarından alınan emulsiyalar.
  2. Yağlardan alınan emulsiyalar.

Bitki toxumlarından emulsiyalar almaq üçün onları yuyub həvəngdə əzir və bir az su əlavə etməklə yumşaq kütlə halına düşənədək qarışdırırlar. Sonra qarışdıra-qarışdıra suyun qalan hissəsini əlavə edib, kətandan süzürlər. Bu zaman I hissə bitki toxumuna 10 hissə su götürürlər. Həmin məqsədlə badam, boranı, fındıq və s. bitkilərin toxumları götürmək olar.

TINKTURALAR (cövhərlər) - Müxtəlif dərmanların və bitki materiallarının spirtdə, efirdə, suda və bu mayelərin qarışığında hazırlanan çıxarışları tinkturalar adlanır.

Tinkturaları hazırlamaq üçün dərman maddələri xırdalanır və həvəngdə əzilərək toz halına salınır. Sonra bitki materialı üzərinə çıxarıcı maye (spirt, su, efir) əlavə edilir və 15-200 S temperaturda arabir çalxalamaqla 7 gün müddətində dəmlənir. Maye hissəsi başqa qaba süzülür, bitki qalığı sıxılır və mayelər bir-birinə qarışdırılır. Daha sonra lazım olan miqdarda çıxarış mayesi əlavə edilir. Tinkturalar zəif təsir göstərən bitki materialından hazırlanarsa 1 hissə bitkiyə 5 hissə (20%-li), güclü və zəhərləyici təsir göstərən materialdan hazırlanarsa 1 hissə bitkiyə 10 hissə (10%-li) çıxarıcı maye götürülür. Çıxarış mayesi kimi ən çox 70 və 90%-li spirtdən istifadə olunur. Keçmiş zamanlarda bu məqsədlə şərab və sirkə də işlənirmiş.

EKSTRATLAR - Bunlar da tinkturalar kimi dərman materiallarının təsir göstərici maddələrini spirt, su və ya efir vasitəsi ilə çıxarış etməklə alınır. Qatılığına görə quru, qatı, yarımmaye və duru olmaqla dörd cür olur. Bunlardan ən çox işlənən isə duru ekstratlardır. Ekstratlar da tinkturalar kimi, lakin 1:1 nisbətində hazırlanır. Yəni 1 hissə dərman maddəsinə 1 hissə çıxarış mayesi götürülüb 5-6 gün müddətində saxlanılaraq süzülür.

ƏTİRLİ SULAR - bir sıra bitkilərin (nanə, qızılgül, razyana və s.) müəyyən hissələrinin su ilə birlikdə distillə etmək və alınmış efir yağını suda həll etməklə alınır. Onlar əsasən dadı və ətri yaxşılaşdırıcı maddə kimi emulsiyaların, miksturaların və s. tərkibinə daxil edilir.

ŞƏRBƏTLƏR - şəkərin suda və ya meyvə şirəsində hazırlanmış məhlullarıdır. Onların tərkibində şəkərin miqdarı 60-65%-ə qədər olur. Şərbətlər də ətirli sular kimi dadı yaxşılaşdırıcı maddə kimi emulsiyaların və digər dərman formalarının tərkibinə daxil edilir.

Elmi təbabətdə digər duru dərman formaları da tətbiq olunur: Məsələn: miksturalar, seliklər, damcılar inyeksiyalar və s.

 

medicalmedia.az 

Saglamolun.Az