Epilepsiya xəstəliyinin müalicəsi üçün YENİ CİHAZ HAZIRLANDI

İsveçrə alimləri epilepsiya xəstəliyinin müalicəsində istifadə oluna biləcək yeni cihaz hazırlayıblar. Yeni yaradılmış elektrod kəllədəki kiçik dəlikdən keçə bilir və beynin səthinə yerləşdirilir.

Yumşaq robot texnologiyası və aktivləşdirmə təcrübələrindən bəhrələnən alimlərin hazırladıqları elektrodun epilepsiya və bəzi nevroloji xəstəliklərin müalicəsində potensial olaraq istifadə oluna biləcəyi deyilir.

Adi elektrodlar beyindən qeyd etmək və ya beyin səthini stimullaşdırmaq üçün istifadə olunur. Lakin onların yerləşdirilməsi üçün xəstənin kəllə sümüyündə böyük bir sahə açılmalıdır.

Elektrod hansı xüsusiyyətlərə malikdir?

“Science Robotics” jurnalında dərc edilən araşdırmanın nəticələrinə əsasən, bu cihaz beynin fəaliyyətini təhlükəsiz və daha az müdaxiləl ilə izləmək imkanı təklif edir.

Altı qolu silindrik kapsulda gizlədilmiş elektrod son dərəcə yumşaq və kiçik olduğu üçün kəllədəki 1,2 santimetr diametrli dəlikdən keçə bilir.

Kəllədən daxil edilən elektrodun qanadları bir-bir açılır və yelçəkən kimi forma alır. Tamamilə açıldıqdan sonra dörd qat böyüklüyünə çatan cihaz onu beyin qabığına yerləşdirir.

Cihazın yumşaq materialı incə beyin toxumasına təzyiqi minimuma endirmək üçün nəzərdə tutulub. Materialın elektriklə aktiv olması beyindən gələn məlumatların qeydə alınmasını təmin edir.

Qurğunun epilepsiya xəstələrində epilepsiya tutmalarını qeyd etmə xüsusiyyəti sayəsində məlumat toplayaraq müalicə ilə bağlı mühüm məlumatlar verəcəyi bildirilir.

Donuz üzərində uğurla sınaqdan keçirilən elektrod İsveçrənin tibbi cihaz istehsalçısı Neurosoft Bioelectronics tərəfindən istehsal olunacaq.

 medicalmedia.az

Saglamolun.Az