TikTok platformasında qaraciyər xəstəliyi ilə bağlı hər 10 məlumatdan 4-ü yalandır. Məlumatların əksəriyyətində müalicə məqsədli pəhrizlər, detoks içkiləri və bitki mənşəli vasitələrdən istifadə reseptləri yer alır. Amma aparılan yeni araşdırma bu informasiyaların çoxunun yanlış olduğunu göstərib.
Sözügedən araşdırmanın müəllifi Macklin Loveland bildirib ki, TikTok-da tibbi məlumat axtaran qaraciyər xəstəliyi olan şəxslər bu baxımdan təhlükədədir. Çünki paylaşılan məlumatların heç bir tibbi əsası yoxdur. Həmin pəhrizləri etməklə xəstələr özlərini riskə ata bilərlər.
Onun sözlərinə görə, 2022-ci il oktyabrın 1-dən noyabrın 25-dək TikTok-da “sirroz” və “qaraciyər xəstəliyi” ifadələrini ehtiva edən 2223 məlumat paylaşılıb. Bu yazıların 40 faizində qeyri-dəqiqlik var.
Yanlış məlumatlar olan yazılar tez-tez bitki mənşəli məhsulların qaraciyər xəstəliklərini aradan qaldıra biləcəyini iddia edir.
Mütəxəssislərin fikrincə, diaqnozun növündən asılı olaraq qaraciyər xəstəliyinin müalicəsi fərqlidir.
Alkoqoldan imtina və ya arıqlamaq kimi həyat tərzi dəyişiklikləri bəzi qaraciyər problemlərini həll edə bilər. Amma bu üsulla xəstəliyi müalicə etmək düzgün deyil. Ümumiyyətlə hər hansı xəstəliyi olan insan mütləq həkimə müraciət etməli və həkim nəzarəti ilə müalicə tətbiq edilməlidir. Özbaşına edilən hansısa müalicə məqsədli üsul xəstəliyə mənfi təsir göstərə, ağırlaşmalara səbəb ola bilər.
Mənbə: medicalmedia.az
Saglamolun.Az