Koronavirusa qarşı peyvənd lazımdırmı? Ukraynalı virusoloqun maraqlı FİKİRLƏRİ

Hazırda bütün dünya koronavirusa qarşı peyvəndin hazırlanması ilə məşğuldur. Rusiya, Fransa, İtaliya, ABŞ və bir çox digər ölkələrdə aktiv sınaqlar gedir, ilk müsbət nəticələr əldə edilir.

Bəzi məlumatlara görə, bu ilin sonuna qədər koronavirus peyvəndi artıq kütləvi şəkildə tətbiq olunmağa başlayacaq.

Vaksinasiya müasir tibbin ayrılmaz hissəsidir və insanları bir çox təhlükəli xəstəliklərdən (çiçək, poliomiyelit, tetanus, qızılca, məxmərək və s.) xilas edib və edir. Bu aksiomdur və bununla razılaşmayanlar sadəcə məlumatsız insanlardır.

Lakin koronavirus peyvəndi tək adi insanlar tərəfindən deyil, bir çox alimlər tərəfindən də birmənalı qarşılanmır. Saglamolun.az oxucularını ukraynalı virusoloq Nadejda Jolobakın koronavirus peyvəndi haqqında çox maraqlı fikirləri ilə tanış edir.

“Vaksinasiya çox ciddi prosesdir. Vaksin yeridəndə orqanizmdə qlobal immun reaksiyalar qoşulur.

İnsan orqanizmi daim müxtəlif viruslarla təmasda olur və biz bunu hiss etmirik. Niyə? Viruslar əvvəl selikli qişalara düşür və bu yerli immunitet onları çox tez məhv edir. Bu zaman mərkəzi immun cavabın qoşulmasına ehtiyac qalmır. Biz bunu nə ilə müqayisə edə bilər? Hərbidə generallar, daha aşağı rütbəli hərbiçilər, sonra adi səngərlərdə oturan əsgərlər var. Əgər hər hansı məsələni adi əsgər səviyyəsində həll etmək mümkündürsə, bu məsələni generallar səviyyəsinə çıxartmağa ehtiyac yoxdur. Orqanizmimizə düşən bir çox infeksiyalar da ilkin immun səviyyəsində (selikli qişalarda) məhv edilir və daha mürəkkəb immun reaksiyaların qoşulmasına ehtiyac qalmır.

Peyvənd vurulanda orqanizmdə məhz belə mürəkkəb və çoxpilləli immun cavab işə düşür, anticismlər hazırlanır və s. Bir çox infeksiyaları məhv etmək üçün bu tələb olunmur. İndiki koronavirus da belədir. İnsanların əksəriyyətində bu infeksiya selikli qişalar səviyyəsində məhv edilir. Bu səbəbdən sual yaranır: koronavirusa qarşı peyvənd nə dərəcədə lazımdır? Əgər koronavirusu selikli qişalar səviyyəsində dəf etmək mümkündürsə, mürəkkəb immun cavabı formalaşdırmaq nə dərəcədə lazımdır və düzgündür?”

Saglamolun.Az