Bir çox sosial şəbəkə istifadəçiləri apteklərdə koronavirusun müalicəsi üçün istifadə olunan “arbidol” preparatının olmaması, “qara bazar”da isə onun çox baha qiymətə (bəzi istifadəçilərin məlumatlarına görə, hətta 100-150 manata) satılması haqqında məlumatlar paylaşırlar.
Saglamolun.az saytı olaraq arbidol və onun effektivliyi haqqında kiçik araşdırma apardıq. Nəticə bizi olduqca təəccübləndirdi. Sən demə, bu preparat nəinki koronavirusu müalicə etmir, ümumiyyətlə onun effektivliyi tam sübut olunmayıb və böyük sual altındadır.
Arbidol hələ sovet dövründə 1960-cı illərdə hazırlanıb. 1970-80-ci illərdə Sovet İttifaqında bu preparatla bağlı genişmiqyaslı kliniki araşdırmalar keçirilib və onun A və B tip qripp viruslarına qarşı müalicəvi təsiri təsdiq olunub. Maraqlıdır ki, bu araşdırmaların nəticələri heç yerdə dərc olunmayıb.
Medline beynəlxalq tibbi bazasında “arbidol”la bağlı bir neçə elmi araşdırma dərc olunub. Bu araşdırmalar 100-200 pasiyent üzərində aparılıb və preparatın effektivliyi sübut olunmayıb. Yəni bu preparat indiyə kimi tam öyrənilməyib və onun effektivliyi hələ sübut olunmayıb.
Oxucularımızın nəzərinə çatdırmaq istərdik ki, Ümumdünya Səhiyyə Təşkilatı arbidolun istifadəsini tövsiyə etmir, ABŞ-ın dərman və qidaya nəzarət edən FAD (Food and Drug Administration) təşkilatı arbidolu dərman kimi qeydiyyatdan keçirtməyib. Arbidol heç bir inkişaf etmiş ölkədə koronavirusun müalicə protokollarına daxil edilməyib.
Ümumiyyətlə arbidol Rusiya, bəzi post-sovet ölkələri və Çindən başqa heç bir digər ölkədə istifadə olunmur.
Koronavirus epidemiyasının əvvəlində Çində arbidol çox geniş istifadə olunurdu. Lakin daha sonra Çin alimləri belə nəticəyə gəliblər ki, onun istifadəsi “nəinki müsbət effekt vermir, hətta xəstələrdə yanaşı təsirlərə səbəb olur” (“Med” jurnalı).
M.İsayeva
Saglamolun.Az