əl-Buruc (Bürclər) surəsi
(Məkkədə nazil olmuşdur, 22 ayədir)
Mərhəmətli, rəhmli Allahın adı ilə!
1 - And olsun bürclər sahibi olan göyə;
2 - And olsun vəd olunmuş günə (qiyamət gününə);
3 - And olsun şəhadət verənə və (haqqından) şəhadət verilənə (peyğəmbərlərə və onların ümmətlərinə, yaxud cümə və Ərəfə günlərinə) ki,
4 - (Nəcrandan İsaya iman gətirmiş kimsələri yandırıb külə döndərən) xəndək sahibləri (lənətə düçar olub) qətl edildilər.
5 - O xəndəklər ki, çırpı ilə alovlandırılmışdı.
6 - O zaman onlar (xəndəklərin) kənarında oturub,
7 - (Öz əsgərlərinin) möminlərin başlarına gətirdiklərinə (müsibətlərə) tamaşa edirdilər.
8 - Onlardan (möminlərdən) yalnız yenilməz qüvvət sahibi, (hər cür) şükrə (tərifə) layiq olan Allaha iman gətirdiklərinə görə intiqam alırdılar.
9 - O Allah ki, göylərin və yerin ixtiyarı Onun əlindədir. Allah hər şeyə şahiddir!
10 - Şübhəsiz ki, mömin kişi və qadınları (dinlərdən döndərmək üçün) bəlaya düçar edən, sonra da tövbə etməyən kimsələri cəhənnəm əzabı və yandırıb-yaxın atəş əzabı gözləyir.
11 - İman gətirib yaxşı əməllər edən kimsələri isə (ağacları) altından çaylar axan cənnətlər gözləyir. Bu, böyük qurtuluşdur (uğurdur)!
12 - Həqiqətən, sənin Rəbbinin intiqamı çox şiddətlidir!
13 - Həqiqətən, (insanı) yoxdan var edən və (öldükdən sonra) təkrar dirildən Odur!
14 - (Bəndələrini) çox bağışlayan, çox sevən də Odur.
15 - Ərşin sahibi də, şanlı-şərəfli olan da Odur!
16 - O, istədiyini edəndir.
17 - (Ya Peyğəmbər!) Orduların xəbəri gəlib sənə çatdımı?-
18 - Firon və Səmud (ordularının)?
19 - Xeyr, kafir olanlar (səni və Quranı) elə hey təkzib etməkdədirlər.
20 - Onların bütün ixtiyarı Allahın əlindədir!
21 - Xeyr, o (şer deyil) şanlı-şərəfli Qurandır!
22 - O, lövhi-məhfuzdadır! (Quran Allah dərgahında qorunur. Ona şeytan əli dəyə bilməz, o heç zaman təhrif olunmaz!)
Saglamolun.Az