Загрузка...

Uşaq danışmaqdan imtina edir. Mutizm xəstəliyi

Bir uşağın danışıq yaşı keçir və o, hələ də danışmırsa, bu hal uşağın ya nitq aparatında yaranan problemlərlə bağlıdır, ya da danışa bildiyi halda danışmağa istəksizdir.

Bunlardan birincisi nevroloji və bioloji səbəbdən qaynaqlanır, ikincisi isə psixoloji səbəblərdən yaranan problemdir. Uşağın danışa bildiyi halda danışmaqdan imtina etməsi psixoloji bir problemdir və bu Mutizm adlanır. Səssiz, susqun mənasına gələn mutizm Latın dilində “mutus” ifadəsindən yaranıb.

Bu problem ədəbiyyatda yüz ildən artıqdır fərqli adlarla adlanır. İlk qeydlər 1877-ci ildə alman həkimi Kussmaul tərəfindən aparılmışdır. O, bu problemi heç bir danışma qüsuru olmamağına rəğmən,bəzi insanların müəyyən yerlərdə danışmaması olaraq ifadə elədi. 1934-cü ildə isveçrəli uşaq psixiatrı Mortiz Tramer görülən əlamətlərə selektiv (seçici) mutizm adını verənə qədər bu xəstəlikdən heç bir adı olmadan bəhs edildi. DSM (Diagnostic and Statistical Manual of Mental Disorders)-4 (1994) aşağıadkı kriteriyaları mutizm üçün müəyyən etmişdir:

- Müəyyən sosial vəziyyətlərdə danışmamaq, lakin buna baxmayaraq digərlərində danışmaq

- Təhsil, peşə və sosial münasibətlərə təsir etməsi

- Danışmamaq halının danışma diliylə əlaqəli bir çətinlikdən irəli gəlməməsi (xarici dil kimi).

- Danışmamağın müəyyən bir nitq qüsurundan irəli gəlməməsi (kəkəməlik kimi)

Mutizm iki alt qrupa ayrılır: Orqanik mutizm və funksional mutizm.

Orqanik mutizm mərkəzi sinir sistemindəki problemlərdən yaranır, psixoloji səbəblərdən qaynaqlanmır. Məsələn, CP (Serebral Palsi) olan bir uşaqda orqanik mutizmdən bəhs edilə bilər.

Funksional mutizm isə özü də alt qruplara bölünür:

- Simbiotik mutizm: uşağın özünə baxanla qurduğu (bu əksər vaxtlarda ana olur) simbioz münasibət

- Reaktiv mutizm: bu mutizmlə çoxlu emosiyonal reaksiyalar əlaqəlidir

- Passiv aqressiv mutizm:  a) uşaq mutizmi bir silah və nəzarət mexanizmi kimi istifadə edir. b) ümumilikdə antisosyal davranış nümayiş etdirər. c) mənfi reaksiya olaraq danışmır

- Danışmaq fobiyası: a) öz səsini eşitmək qorxusu. b) uyğun olmayan bir şey demək qorxusu

Mutizmin iki növü var. Total mutizm və selektiv mutizm.

Total mutizm zamanı insan heç bir halda heç kimlə ünsiyyətə girmir və danışmır. Ünsiyyətə girmək istəyini nadir hallarda fikrini yazılı şəkildə ifadə etməklə təmin etməyə cəhd göstərir. Selektiv mutizmdən fərqli olaraq Total mutizmə yaşlı insanlarda rast gəlinir. Yaranması psixoloji və ya psixiatrik səbəblərlə bağlıdır.

Selektiv mutizm zamanı uşaqlar bir və ya bir neçə şəxsi seçir və yalnız onlarla danışır. Bu uşaqla danışmağa cəhd olunduqda göz kontaktına girməkdən çəkinirlər və hərəkətsiz, rekasiyasız dururlar. Az da olsa ünsiyyətə girməyə maraq göstərərlərsə, duyğu və düşüncələrini jest və mimikaların köməyi ilə, ya da yazılı yolla ifadə etməyə üstünlük verirlər. Selektiv mutizm uşaqlıq dövrü qayğı pozuntusu olaraq da bilinir. Nadir hallarda görülən problemdir. Qızlarda oğlanlara nisbətən daha çox rast gəlinir. Əksər vaxtlarda bu problem 3-5 yaş arası məktəbəqədər dövrdə özünü göstərir. Lakin valideynlər uşaqlarındakı bu halı əvvəlcə çəkingənlik kimi düşündüklərindən, məktəb dövrü çatan zaman uşağın heç bir dostu və müəllimi ilə danışmaması problemin üzə çıxmasına səbəb olur.

Yuxarıda da deyildiyi kimi selektiv mutistik uşaqlar danışma bacarığına malikdirlər, lakin müəyyən mühitlərdə və müəyyən insanlar içində susqunlaşırlar. Bu susqunluq özlərini güvəndə hiss etdikləri və rahat olduqları yerlərdə meydana çıxmır. Selektiv mutistik uşaqlar danışdıqları şəxsləri və özlərini ifadə etdikləri sahələri şüursuz şəkildə seçirlər. Davam etmə müddətinə görə mutizm iki yerə bölünür: keçici və davamlı mutizm.

Keçici mutizmin xüsusiyyətləri:

- Uşaq  çox vaxt 5 yaşdan balacadı

- Danışmama davranışı sadəcə bir mühitdə vardır

- Problemin başlanğıcı 6 aydan çox deyil

- Susma davranışı davamlı deyil: uşaq zaman- zaman danışmaz

Davamlı mutizmin xüsusiyyətləri:

- Mutizm 6 aydan uzun müddətdir ki davam edir

- Uşaq adətən 5 yaşından böyükdür

- Danışmama davranışı daimidir

- Susma davranışı bir neçə mühitdə mövcud olur

Selektiv mutizmin əlamətləri:

- Uşağın ailə mühiti kimi ünsiyyətə girəcəyi insanları tanıdığı və özünü güvəndə hiss etdiyi ictimai sahələrdə danışmasına baxmayaraq, məktəb və oyun sahələri kimi fərqli sosyal mühitlərdə danışmaması

- Uşağın susqunluğunun onun təhsilinə və ictimai münasibətlərinə mənfi istiqamətdə təsir göstərməsi

- Susqunluğun ən az bir ay davam etməsi (məktəbə başladığı ilk ay nəzərə alınmır)

- Mutistik uşaqlar sizin gözünüzə baxmaqda çətinlik çəkirlər və sizə əsəbi, özünəqapanıq, aqressiv, tərs, isterik, utancaq təsiri bağışlaya bilərlər.

Yaranma səbəbləri:

Yaşanılan psixi  travma (yaxın adamın ölməsi, təcavüz, maşın qəzası, valideynlərin boşanması, yaşayış sahəsinin dəyişdirilməsi və s.) və ya valideynlərin çox nəzarətçi və mükəmməlliyyətçi olması kimi səhv ana-ata tutumları uşağın bəzi ortamlarda danışmamağına səbəb olur. Bu hal sonradan onlarda ünsiyyətə soyuqluq yarada bilir. Lakin uşağların bəzi mühitlərdə danışmamağına doğuşdan anksiyete problemi olmasının səbəb olduğu da deyilir. Bu insanlarda şəxsi təhlükələrə qarşı xəbərdar edən beynin amigdala deyilən hissəsi artıq işləyir və şəxs təhlükədə olmasa belə, təhlükə siqnalı göndərir. İnsanlar da bu hislərlə mübarizə aparmaq üçün susmağa üstünlük verirlər. Baş beynin ağır şəkildə zədələnməsi də ( beyin daxili təzyiq, qan dövranının ciddi pozulması), beyindaxili şişlər də mutizmə səbəb ola bilər.

Selektiv mutizmin ortaya çıxdığı yaş aralığını iki hissəyə bölmək olar: 3-4 yaşlarında problem özünü göstərirsə, erkən selektiv mutizm adlanır. 5 yaşından etibarən yaranmağa başlayıbsa, gec və ya məktəb mutizmi adlanır.

Selektiv mutizmin müalicəsi:

Selektiv mutizmə sahib uşaqlar müalicə olunmadıqları vəziyyətdə təhsilləri və sosyal münasibətləri ciddi zərər görmüş olur. İçinə qapanıq və özgüvəni aşağı şəxslər olmaq riski ilə qarşı-qarşıya gəlirlər. Buna görə də mutizm diaqnozu qoyulan andan mülicəsinə başlanmalıdır.  Terapiya qrup işi şəklində aparılmalıdır. Uşaq psixoloqları ilə yanaşı, müəllimlər, loqopedlər və ailə fərdləri önəmli yer tutur. Dərman dəstəyi və psixoterapiya üsulları (oyun terapiyası, ailə terapiyası, fərdi konsultasiya, davranış terapiyası və s.) birlikdə istifadə olunur. Uşaq nə qədər balacadırsa və məktəbdə danışmadığı müddət nə qədər azdırsa gedişat bir o qədər müsbət olacaq. Psixoloq ilk növbədə valideynlərlə ətraflı danışmalıdır. Nə vaxtdan bu halın yaşandığını dəqiqləşdirib, əlavə problemlər araşdırılmalıdır. Belə uşaqlara mütləq kollektiv lazımdır. Mutistik hal aradan qalxandan sonra loqopedik baxış keçirilməlidir. Uzun müddət ünsiyyətdən uzaq durduğu üçün nitqində problemlər yarana bilər. Bu  hal aradan qalxmasa, nitqindəki qüsurlara görə başqa uşaqların yanında özgüvəni düşə və yenidən mutizm halı qayıda bilər.

Vüsalə Masıyeva

Narınc Uşaq Psixologiya Mərkəzinin psixoloqu

Dushunce.az


Saglamolun.Az

.....

.
.

HƏKİMLƏR

Zülfiyyə Bağırova

Zülfiyyə Bağırova

Kosmetoloq

Kosmetoloq İş stajı - 4 il

Ətraflı...
Rauf Rzayev

Rauf Rzayev

Andrologiya

Uroloq-androloq İş stajı - 22 il

Ətraflı...
Naibə Həsənova

Naibə Həsənova

Ginekologiya

Cərrah, mama-ginekoloq İş stajı - 13 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика