Qərb cəmiyyəti illər öncə tərbiyə mövzusunda çarəsiz qalmış və çıxış yolu kimi geriyə, yəni təbii valideynliyə qayıtmaq qərarına gəlib.
Buna səbəb körpəlikdən ana ilə övlad arasına nələrinsə/kimlərinsə girməsi və nəticədə həyati əhəmiyyət kəsb edən bağlılığın itməsi olub.
Statistik məlumatlara əsasən, doğulduğu andan anası ilə birgə olan və onun istisini duyan çağalara nisbətən körpələr evinə tərk edilmiş çağalar arasında ölüm hadisələri qat-qat daha çox baş verir. Buna səbəb, uşaqların, xüsusilə də çağaların həmin o bağlılığı hiss etməyə az qala hava və su qədər ehtiyacının olmasıdır.
Etiraf edək ki, bizimlə körpələrimiz arasındakı bağlılığa əngəl törədən meyarların sayı analarımızla bizim aramıza girən meyarların sayından daha çoxdur. Bunlar müxtəlif ehtiyaclarımız (iş, ünsiyyət, istirahət və s.) və maraqlarımız (texnika, informasiya, təhsil və s.) ola bilər. Doğrudur, bütün bunlar təbii ehtiyaclarımızdır, lakin daha böyük bir mənfəət, daha vacib bir qayə uğrunda həyati vaciblik daşımayan məşğuliyyətlərdən imtina etməyi bacarmalıyıq. Zəruri ehtiyaclarımızı qarşıladıqda belə, övladlarımızla maksimal təmasda, ünsiyyətdə olmalıyıq. Məşğuliyyətimizə onları da cəlb etmək, onları bacardığımız qədər yanımızda saxlamaq onların fiziki və psixoloji sağlamlığı üçün zəruridir. Çünki biz də onlar üçün zəruri ehtiyacıq. Ehtiyac ödənilməyən zaman həyat çətinləşir, zəruriyyət ödənilmədiyi halda isə həyat mümkün olmur.
Övladımızı yemək olmayan bir evdə tərk edib getməyə razı olarıqmı? Əsla yox. Mənəvi qidadan məhrum olmaq isə aclıq hissindən qat-qat şiddətli və ağrılıdır. Körpəmiz fiziki aclığı tez unudacaq. Doyunca yeyərək qarnındakı boşluğu dolduracaq. Lakin, mənəvi aclığı unutmaq və onun səbəb olduğu boşluğu doldurmaq çox çətin, bəzən isə mümkünsüzdür. Körpə ilə ana arasında bağlılıq itdikdə, övladın yeniyetməlik dövrü də ana üçün çox vaxtı acılı keçir.
Övladımızdan ayrı qalmağa məcbur olduğumuz vaxtlarda onları özlərinə çox yaxın olan insanlara həvalə etməliyik. Bu da bağlılığı qorumağın yollarındın biridir. Biz olmadıqda uşaqlarımızn qayğısına qalan insanlar onları çox sevən, onlara bağlı olan, övladımızla aranızda olan bağların itməməsinə kömək edən insanlar olmalıdır.
Uşağımızı körpəlikdən özümüzdən ayıraraq müstəqilliyə öyrətməyə tələsməməliyik. Vaxt gələcək, o onsuz da müstəqil olacaq. Lakin fiziki müstəqilliyi əldə edən, amma mənəvi müstəqilliyi əldə edə bilməyən neçə-neçə insanlar var. O insanlar körpəlikdən həyatın çətinlikləri ilə baş-başa qalmış, ehtiyac duyduqları qayğı, diqqət, nəvazişi görməyiblər. Odur ki, yaşlarından asılı olmayaraq qəlblərində o bağlılığa hələ də ehtiyac duyan körpələr olaraq qalırlar.
Sevindiricidir ki, biz mənəvi dəyərlərimizi hələ tam itirməmişik və bu ailə münasibətlərində özünü biruzə verir. Lakin, tədricən bu bağlılığın itirilməsinin şahidi oluruq. Körpələrinizi sevməkdən və özünüzə öyrəşdirməkdən qorxmayın. Onsuz da onlar bu dünyaya sizə öyrəşmiş halda gəlir.
Qərbin illər öncə yol verdiyi səhvləri təkrarlamamağımız ümidi ilə.
Müəllif: Aygül İskəndərova,
Bakı Dövlət Universiteti, Psixologiya fakültəsinin məzunu
Tebiivalideynlik.az
Saglamolun.Az