Haqqa yaxınlaşma məqamı

VİCDANINA QULAQ AS!

Qurban maddi imkanı yaxşı olanlar üçün vacib hökmü daşıyan dini vəzifədir. Maddi imkanı yaxşı olmayanlar üçün belə bir mükəlləfiyyət yoxdur. Burada "Görəsən, mənim maddi vəziyyətim qurban kəsməyə imkan verirmi?" kimi suallar meydana çıxa bilər? Qurban maddi imkanı yaxşı olanlar üçün vacib hökmü daşıyan dini vəzifədir. Maddi imkanı yaxşı olmayanlar üçün belə bir mükəlləfiyyət yoxdur. Burada "Görəsən, mənim maddi vəziyyətim qurban kəsməyə imkan verirmi?", "Mən qurban kəsməklə mükəlləf olub-olmadığımı necə müəyyənləşdirə bilərəm?" kimi suallar meydana çıxa bilər. Bütün bunlara elmi cavablar vermək də, mövzuya fərqli cəhətdən yanaşmaq da mümkündür. Özünüz öz vicdanınızdan soruşun. Qurbanlıq heyvan alsanız, dolanışığınız çətinləşəcəkmi? Qurbanlıq heyvan alaraq bir çətinliyə düşməyəcəksinizsə, qurban kəsin, qonum-qonşuya pay göndərin və ailənizi, yoxsulları sevindirin, onların təbəssümündən həzz alın. Allaha da şükür edin, sizə alan əl deyil, verən əl nəsib etdiyi üçün! Lakin qurbanlıq heyvan almaqla dolanışığınızda bir çətinlik yaranacaqsa, sizə qurban kəsmək vacib deyil, özünüzü sıxıntıya salmayın. Sözün qısası, vicdanınızın səsi ilə hərəkət edin. Qərarı özünüz verin, mükəlləfsiniz, yoxsa yox!? Əgər vicdanınız buna görə məsuliyyət daşımadığınızı deyirsə, onda narahat olmayın. Yox, vicdanınız əksini deyir, sizi rahat buraxmırsa, demək, sizin qurban almağa imkanınız çatır. Məsələyə bir də bu yöndən baxmağa çalışın. Rəsulullah (s.ə.s.) buyurur: "Qəlbindən soruş! Din alimi qərar versə də!"

QURBAN İBADƏTİ ÖVLAD SEVGİSİNİ VƏ BÜTÜN SEVGİLƏRİ ALLAHA QURBAN ETMƏKDİR

Hz.  İbrahimin oğlunu qurban etməsi ilə Hz. Məhəmmədin oğullarının qurban olaraq axirətə aparılması hadisələrinin kökündə qədərin neçə-neçə sirri, hikməti və ibrətləri yatır. İlk öncə qurban vasitəsilə başda övlad sevgisi olmaqla bütün sevgilərin Allah sevgisinə fəda edilməsi bəndələrə ibrətamiz, əməli şəkildə göstərilir. Bu, qəlbin tərbiyəsidir, islahıdır, nəfsi tərbiyə süzgəcindən keçirib, hissləri ifrat və təfritdən çəkindirməkdir. Ağıl, qəzəb və şəhvət kimi sevgini də orta səviyyədə saxlamaqdır, bunların öz yaradılış qayəsinə, mahiyyətinə uyğun fəaliyyətini təmin etməkdir. "Saffat" surəsində  İbrahim əleyhissalamın oğlu İsmaili qurban etməyə cəhd göstərməsi təsvir edilir: "(İbrahim müqəddəs torpağa yetişdikdən sonra dua edib) dedi: "Ey Rəbbim! Mənə salehlərdən olan (bir övlad) bəxş et!" Biz də ona həlim xasiyyətli bir oğlan uşağı (İsmail) ilə müjdə verdik. O, yüyürüb qaçmaq (atasına kömək edə bilmək) çağına çatdıqda (İbrahim) dedi: "Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör (bu barədə) nə fikirləşirsən!" O dedi: "Sənə nə  əmr olunursa, onu da et, atacan.  İnşallah, mənim səbirlilərdən olduğumu görəcəksən!" Onların hər ikisi (Allahın əmrinə) təslim olduğu və (İbrahim İsmaili qurban kəsmək üçün) üzüstə yerə yıxdığı zaman Biz ona belə xitab etdik: "Ya İbrahim! Artıq sən yuxunun düzgünlüyünü (Allah tərəfindən olduğunu) təsdiq etdin!" (Sənə yuxuda nə əmr olunmuşdusa, onu yerinə yetirdin. Allah sənə lütf edərək oğlunun yerinə bir qoç kəsməyi buyurur). Biz yaxşı iş görənləri belə mükafatlandırarıq.

QURBANIN MÜKAFATLARI

Əslində hər bir ibadətü-taətdə əsas məqsəd Allaha yaxınlaşmağa çalışmaq, səmimi-qəlbdən "Allahım, bu ibadəti sırf Sənin üçün edirəm" demək və bunu daxilən hiss etməkdir.  İnsan ömrünü bu düşüncə ilə yoğurmalıdır. Bu baxımdan qurban ibadətini yerinə yetirərkən də qəlbin məqsədi, yəni niyyət çox təmiz olmalıdır.  İnsan "Allahım, Sən heyvan kəsməyi istədin, mən də əmrini yerinə yetirirəm. Əgər özümü kəsməyi əmr etsəydin, bu əmrə də sevə-sevə itaət edərdim. Dinim, namusum, canım, malım və ya ölkəmin müdafiəsi naminə mücadilə etmək lazım gələrsə, ona da müntəzirəm" deyəcək qədər səmimi olmalıdır. Yəni insan malından verəndə bunları da xatırlamalı və əmrə müntəzir olduğunu göstərməlidir. Allah-Təala Qurani-Kərimdə Hz.  İbrahim və İsmayildan bəhs edərkən:

"Onların hər ikisi  (Allahın əmrinə) təslim olduğu və  (İbrahim  İsmaili qurban kəsmək üçün) üzüstə yerə yıxdığı zaman" ("Saffat" surəsi, 37/103) buyurmaqla hər ikisinin übudiyyət və əmrə itaət sirrini qavradığını göz önünə sərir.Əgər bir insanın niyyəti belə təmiz olarsa, onun qurbanla bağlı gördüyü bütün işlər də ibadətə çevrilər və qurban qədər savab gətirər. Yəni bazara gedib qurban almaq, boynuna ip keçirib bir yerə bağlamaq, sonra maşınla tövləyə aparmaq, bir neçə gün baxmaq, nəzarət etmək və ya həyətə gətirib yemləmək, ardınca aparıb kəsmək, kəsəndən sonra ətini paylamaq və s. işlər savab kimi əməl dəftərinə yazılar. Digər tərəfdən, heyvanın boğazına bıçaq çəkmək, heyvanın çırpınması, qanın axması... kimi qəlbi riqqətə gətirən mənzərəyə və şəfqət hissinə məhəl qoymadan əmrə itaət edərək gördüyünüz işlər də əməl dəftərinizə savab kimi qeyd olunar. Bütün bu işlər sizə, bir mənada, sadə və bəsit görünə bilər. O biri tərəfdə mükafatını alanda heyrət içində "Allahım Sən nə qədər qəni imişsən. Bu bəsit şeyləri götürüb cücərtdin, böyütdün, çoxaltdın, dəyişdirdin, əbədiləşdirdin, indi də bizə lütf edirsən" deyəcəksiniz. Buna görə də insan qurban ibadətini xalis niyyət və səmimi-qəlblə yerinə yetirməlidir.

"Onların nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır (səmimi-qəlbdən etdiyiniz ibadətdir)" ("Həcc" surəsi, 22/37). ayəsində də bu məqama işarə edilir. Bəli, əgər insan sırf Allahın rizasını qazanmaq və ilahi dərgaha yaxınlaşmaq niyyəti ilə qurban kəsərsə, hesab günü ağlagəlməz mükafatlarla qarşılaşar.

"Biz hər bir ümmət üçün qurbangah (yaxud məbəd) müəyyən etdik (və ya hər bir ümmətə qurban kəsməyi lazım bildik) ki, Allahın onlara ruzi verdiyi (dörd  ayaqlı) heyvanların üstündə (onları kəsdikləri zaman) Allahın adını çəksinlər ("Bismillah" desinlər). Sizin ilah yalnız bir olan Allahdır. Yalnız Ona təslim olub, itaət edin. (Ya Rəsulum!) Sən də (Allaha) itaət edənlərə (Cənnətlə) müjdə ver!" ("Həcc" surəsi, 22/34)

ONA YÖNƏL Kİ...

Allah-Təala: "Mən qullarıma onların boynunun şah damarından da yaxınam", - buyurur. Yəni qurbanda qulun Allaha yaxınlaşması nəzərdə tutulur. Allah-Təala onsuz da bəndələrinə yaxındır. Allahın bəndəyə yaxın olmağı hələ bəndənin Allaha yaxın olması demək deyil.

Rəsulullah buyurur ki, qulun namazı da, orucu da, duası da Allaha təqdim etdiyi qurbandır. Düşünürsünüzmü, qıldığın namazın da qurbandır, tutduğun orucun da qurbandır, gizlində bir cür göz yaşının müşayiəti ilə Allaha yalvarmağın da qurbandır... Mərhəməti sonsuz olan Allah öz bəndəsinin üzünə nə qədər çox qapılar açır, açır ki, yaxınlaşmaq niyyəti olan bəndə o qapıların birindən keçib, Rəbbinə yaxınlaşa bilsin.

Qurban bayramınız mübarək olsun!


Saglamolun.Az

.
Загрузка...
.

Загрузка...
Яндекс.Метрика