Sağlamolun.az portalının bu günkü qonağı hər kəsi maraqlandıran suallara maraqlı cavablar verib. Doğrudanmı, xaş sınıqları sağaldır, boyumuzu uzada bilərikmi, qabırğasını çıxartıdaran xanımları hansı təhlükə gözləyir?
“BAKU City Hospital”ın Baş həkimi, ortoped-travmatoloq Bayram Qorçiyev pasiyentlərin doğru bildiyi yanlışlardan danışır:
- İnsanlarda belə bir düşüncə var ki, xaş yemək sınıqların birləşməsinə yardımçı olur. Bu düşüncə nə qədər doğrudur?
- Sovet dövründə insanlarda müxtəlif yanlış yanaşmalar vardı. Bu yanlış yanaşmalar da insanların hafizəsində dərin iz buraxmışdı. Xəstələrdən eşitdiklərimizdən birincisi budur ki, deyirlər sınıq varsa, xaş ye. Xaş yeməyin bu müalicəyə heç bir təsiri yoxdur. Sadəcə keçmişdə əməliyyat və fiksasiya metodları o qədər mükəmməl olmadığı üçün biz həkimlər çalışırdıq ki, orqanizmdə zülal və kalsi bolluğu yaradaq. Amma hansısa aparatla və vintlərlə normal bir immoblizasiya metodu seçilibsə və yaxud da kiçik bir sınığa adi bir gips qoyulubsa, xaş yeməyin buraya heç bir adiyyəti yoxdur. Əksinə xaş özü duzlarla, yağlarla zəngin olan bir yemək növüdür. Bu gün insanlar normal miqdarda ət qəbul edirsə, tvaroqla, südlə qidalanırsa, aşağı və yuxarı ətrafa hərəkət verib ağırlıq sala bilirsə, sınığın bitişməsinə çox müsbət təsir göstərir. Əgər sınıq düzgün təsbit olunmayıbsa və orada infeksiya varsa, gündə üç dəfə xaş yesəniz də, o sınıqlar bitişməyəcək. Deməyim odur ki, xaşdan alınan maddələr başqa qidalardan da alına bilir. Sadəcə olaraq ilk növbədə sınığın düzgün təsbit olunması, əməliyyat olunması daha önəmlidir. Sınıq orqanizm üçün risk faktorudur. Orqanizmin potensial imkanlarından maksimum istifadə olunur ki, sümük, qan damarı, əzələlər zədələnib, bunlar bərpa olunsun. Arıq, gücsüz, qidalanmayan, infeksiyası olan yaşlı adamlarda belə sınıqlar bitişmir. Və burda təbii ki, qidalanmanın böyük əhəmiyyəti var. Orqanizmin oksigenlə təmin olunması, açıq havada olmasının böyük əhəmiyyəti var. Eyni zamanda siqaret çəkməyin böyük ziyanı var. Siqaret çəkən insanların sınıqları bitişmir. Bəri başdan xəstəyə deyirik ki, siqaret çəkirsənsə, sınığının bitişməsinə qarant yoxdur. Çünki siqaret çəkən insanlarda orqanizm normal oksigenlə təmin olunmur. Meyvə, düyü, qarabaşaq kimi qidalarla sınıq bitişməz. Bu insanlar mütləq ət, pendir, şor yeməlidir, süd içməlidir. Gündəlik xaş yemək bu insanların qaraciyərinin yüklənməsinə, xolesterolun qalxmasına təsir edir. Mən daha çox ət, tvarok, şor, ən azından badam, ləpə yemək, təmiz havada çox olmaq, aşağı və ya yuxarı ətrafa təzyiq verməyi məsləhət görürəm. Bunlar sınığın bitişməsinə şərait yaradır. Amma ilk növbədə dediyim kimi düzgün təsbit və düzgün müalicə olunsun ki, əlavə bunlar da olanda sınıq daha tez bitişsin.
- Bu günə kimi boyunun qısa olmasından utanan adamlar haqqında çox eşitmişik. Yeni müalicə üsullarıyla boyun uzanmasının mümkünlüyü iddia olunur. Bu, nə qədər mümkündür?
- Bununla bağlı bizə tez-tez müraciətlər olur. Bəzi dövlət müəssisələrində çalışmaq istəyən vətəndaşlar üçün boy həddi mövcuddur. Boy qoyulan həddən aşağı olmamalıdır. Bu insanlar da bizə müraciət edir. Normalda bəzi bəstə boylu insanlar var ki, onlar xəstədir. Liliputlar, hondrodisplaziyalar kimi. Onlar da boylarının uzadılmasını istəyirlər. Eyni zamanda normal insanlar da müraciət edirlər, onlar da istəyirlər boyları bir az daha uzun olsun. Bununla bərabər müxtəlif travmalar zamanı aşağı və yuxarı ətraflarda qısalmalar gedir. Və yaxud bəzi iltihabi xəstəliklərdən sonra uşaqlarda böyümə zonası zədələnir və onlarda da qısalma gedir. Bu zaman da boy uzatmaq üçün müraciət edirlər. Hər bir halda bu məsələ konkret həll olunmalıdır və həll oluna bilir. Ən çox Azərbaycanda illizarov aparatı ilə boy uzadırıq. Türkiyədə illizarov tipli aparatlarla və daxildən şitiflər qoyularaq bu proses həyata keçirilir. Bu zaman hər dəfə hərəkət etdikcə boy 1 mm uzanır. Hər bir metodun özünün müsbət və mənfi tərəfləri var. Riskli, eyni zamanda yaxşı effekt verən bir əməliyyatdır.
- Bu əməliyyatlar neçə yaşına kimi olur?
- Bu əməliyyatı hər yaşda olan insanlara edə bilirik, ancaq yaşlandıqca bunların bitişməsi çətinləşir. Orqanizm yetişdirə bilmir, çünki sümük toxuması əmələ gəlir, bu da orqanizmdən çox böyük ehtiyatlar tələb edir. Zülal, kalsi, vitamin D, kollogenlər v.s. Bu əməliyyatları gənc yaşlarda edirik, amma yaşlı adamlarda da bəzi vaxtlar otopedik məqsədlə edirik. Çox zaman bu çətin olur, amma mümkündür. O zaman normal şərtlərdə boyu 5-7 sm uzatmaq mümkündür.
- Boy uzatmaq üçün edilən bu əməliyatların fəsadları varmı?
- Hər cür fəsadlları ola bilir. Çünki bu çox ağır bir əməliyyatdır. Bu zaman sinir pozuntuları əmələ gələ bilir. Xəstələr dözmür, nevroza girə bilir, əyrilər, təkrar qırılmalar, deformasiyalar olur.
- Xanımlar çox zaman bellərinin incəldilməsi üçün qabırğalarını çıxartdırırlar. Qabırğanın çıxarılması nə dərəcədə doğrudur?
- Aşağı qabırğaların çıxarılması əməliyyatıdır ki, orqanizm üçün elə bir mahiyyət kəsb etmir. Çünki onlar döş qəfəsinin formalaşmasında az iştirak edirlər, döş sümüyünə birləşmirlər, ucları azaddır. Bu hər bir insanın və əməliyyat aparan həkimin öz riskidir. Gərək onu elə çıxarasan ki, plevra zədələnməsin, ağ ciyərə mənfi təsiri olmasın.
Saglamolun.Az