Soyuq qarlı şaxtalı havada travmaların sayı kəskin artır. Qış travmaları arasında ən çox çıxıq, əzilmə və sınıqlara rast gəlinir.
Yaşlı insanlar üçün belə travmalar olduqca təhlükəlidir. Yaşlı insanların əksəriyyətində osteoporoz xəstəliyi inkişaf edir. Osteoporoz zamanı sümüklərdən kalsium sürətlə "yuyulur" və nəticədə sümüklər kövrək olub daha tez sınırlar. Bu xəstəliyə daha çox qadınlarda rast gəlinir. Bunun səbəbi - menopauzadan (klimaks) sonra qadın orqanizmində cinsi hormonlarının ifrazının azalmasıdır.
Bundan əlavə yaşlı insanlarda əzələlər daha zəif olur, oynaqların bağları öz elastikliyini itirir ki, bu da ağır travmaların təhlükəsini artırır. Nəticədə adi yungül yıxılma yaşlı insanlarda ciddi sınıqlarla nəticələnir.
Bu yaşda olan insanlarda ən tez təsadüf edilən və ən ağır travma bud sümüyü boynunun sınığıdır. Belə travma alan yaşlıların bir hissəsi 1 il ərzində vəfat edir, digərləri isə əlil olurlar.
Yaşlı insanlar üçün qış travmalarının ən yaxşı profilaktikası yollarda buz olan zaman evdən çölə çıxmamaqdır. Hazırda dükanların əksəriyyəti evə çatdırılma xidmətləri təklif edir. Bu xidmətlərdən istifadə edin!
Saglamolun.az bildirir ki, travmatoloqlar şaxtalı havada özünü travmalardan qorumaq üçün bu kimi tövsiyələri verirlər:
- Tələsməyin! Çalışın evdən bir qədər tez çıxın ki, tələsmədən, asta gedə biləsiniz.
- Addımlarınız kiçik olmalıdır. Yeriyəndə dizlərinizi bir qədər bükün.
- Bədəninizi mümkün qədər düz saxlayın - bu sürüşmənin qarşısını alır.
- Əllərinizi cibinizə salmayın - bu tarazlığı saxlamaq üşün əngəl yaradır.
- Düzgün seçilmiş ayaqqabı sürüşmə və yıxılma təhlükəsini xeyli azaldır. Altlığı qalın, yumşaq və nahamar (kələ-kötür) olan ayaqqabı seçin. Belə altlığa el arasında "traktor" deyilir. Əgər ayaqqabınızın altlığı hamardırsa evdən çıxdıqda ona bir neçə leykoplastr zolağı yapışdırın.
- Xanımların nəzərinə! Hündür daban çəkmələr buzun üstündə gəzmək üçün ən pis seçimdir!
Lakin hətta bütün bunlara əməl etdiyi halda insan buz bağlanmış yolda yıxıla bilər. Ciddi travmanın ehtimalını azaltmaq üçün nə etmək olar?
- Yıxılanda necə göründüyünüzü fikirləşməyin. Əsas odur ki, travma almayasınız!
- Əlinizdə bir əşya olduqda (çanta və s.) onu fikirləşmədən tez kənara atın.
- Yıxılanda bütün əzələlərinizi gərginləşdirin və bədəninizi yığmağa çalışın - çənənizi sinənizə, dirsəklərinizi böyürlərinizə, əllərinizi qarnınıza sıxın, çiyinlərinizi qabağa verin, ayaqlarınızı bir yerdə saxlayın. Böyür üstə yıxılanda insan daha az hallarda travma almış olur.
- Heç vaxt əlinizi qabağa uzadıb və ya dirsəklərin, dizlərin üstünə yıxılmayın - bu vəziyyətlər travmaların əsas səbəbləridir.
- Bel üstə yıxıldıqda boyun əzələlərinizi gərginləşdirin, çənənizi sinənizə dirəyin və əllərinizi mümkün qədər açın - bu sizi kəllə-beyin travmalarından qoruyacaq.
- Əgər siz piləkənlə qalxaraq sürüşmüsünüzsə, qollarınızla üzünüzü və başınızı qorumağa çalışın.
Saglamolun.Az