Hamiləlikdə əmizdirməyə hazırlıq

Ana olmağa hazırlaşan qadınlar körpələrini layiqli səviyyədə qarşılamaq üçün əllərindən gələni etməyə calışırlar. İmkanları daxilində keyfiyyətli geyim və avadanlıqları körpələrindən əsirgəmirlər.

Normal və rahat doğuş üçün ən yaxşı həkimi seçirlər. Lakin təəssüflər olsun ki, Azərbaycanda çox az saylı qadınlar sağlam hamiləlik, doğuş və sağlam körpə haqqında bilikərini artırırlar.

Düşünün, hər hansı bir məişət cihazı alarkən onun haqqında müxtəlif  mənbələrdən məlumat əldə etməyə çalışırıq ki, həmin cihaza xələl gətirmədən onunla adekvat şəkildə davrana bilək. Bu müqayisə bayağı səslənsə də, analığa hazırlıqlı olmağın mühümlüyünü vurğulamaq üçün qeyd etdim. Dünyaya gələn dəyərli və əziz körpədən -insan həyatından qiymətli nə ola bilər?

Nədənsə çox həvəslə körpəsini gözləyən xanımların nəzərindən yayınan digər bir məsələ də əmizdirmə haqqında bilgilərin əldə edilməsidir. Demək olar ki, dünyada bütün qadınlar əmizdirməni qeyri-ciddi qəbul edərək ona ümumiyyətlə hazırlaşmırlar.

Unutmayın ki, əmizdirmə anadangəlmə bir bacarıq deyil. Əmizdirmənin düzgün və ağrısız aparılması üçün siz körpəni döşə düzgün qoymağı, körpə isə onu düzgün götürməyi öyrənməlidir. Bütün əmizdirmə mütəxəssisləri qeyd edirlər ki, qadınların əksəriyyətinin əmizdirməni dayandırmasının və  süni qidaya keçməsinin ən başlıca səbəbi ağrılı və problemli əmizdirmə prosesidir ki, bu da cahillikdən irəli gəlir.

Bu səbəbdən əmizdirməyə hazırlığı hamiləlikdə başlayın:

Maariflənin! Ana südü və əmizdirməyə aid məlumatları öncədən əldə edin, oxuyun, qeydlər edin, müvəffəqiyyətli əmizdirmə təcrübəsi olan analarla ünsiyyət qurun, ana südü haqqında lazımi biliyi olan uşaq həkimi və əmizdirmə məsləhətçisi tapın, doğuşdan dərhal sonra əmizdirməyi planlaşdırın.

Süni qidaya YOX  deyin! Özünüzə inanın və müsbət fikirləşin. Hər ehtimala qarşı süni qida məhsulları və ləvazimatları almağı planlaşdırırsınızsa və ya artıq almısınızsa (!) demək artıq mənfi ümidlərə qapılmısınız. Unutmayın ki, dünyada yaşayan qadınların yalnız və yalnız 2%-i süd istehsal etmək qabiliyyətindən məhrumdurlar.

Döşlərinizi və gilələrinizi  yoxlayın! Qəti şəkildə gilələrinizi codlaşdırmayın (!) əksinə onları hamiləikdən etibarən nəmləndirin, sabunla təmasını azaldın. Əgər körpə düzgün əmərsə nəmlənmiş gilələr çatlamaya məruz qalmaz. Gilələrinizi yoxlamaqla onların yastı və ya çevrilmiş (batıq) olmadığına əmin olun. Əks təqdirdə, əmizdirmə problemlərinin meydana gəlməməsi üçün gilələrinizi əmizdirməyə hazırlama üsullarını həkiminiz və ya əmizdirmə məsləhətçisi ilə müzakirə edə bilərsiniz.

Süd oğlum Kərimə həsr olunur

Müəllif: Səltənət Zülfüqarova, əmizdirmə məsləhətçisi

Vib.az

.

Saglamolun.Az




loading...

TƏZYİQİ DƏRMANSIZ SALMAQ ÜÇÜN ƏN ASAN ÜSUL

 


Яндекс.Метрика