Sıyıq, püre və s. qidaları nə vaxt və necə vermək lazımdır

6 ayından başlayaraq körpələrə əvvəl müxtəlif südlü və südsüz sıyıqlar (düyü, qarabaşaq (“qreçka”), yulaf yarması (“qerkules”), darı yarması və s.) vermək lazımdır.

1 yaşına qədər körpələrə sıyıqlar hazırlayanda inək və ya keçi südü yox, uşaqlar üçün xüsusi buraxılan quru süddən istifadə etmək lazımdır.

Sıyıqlardan sonra körpələrin menyusuna kartof, badımcan, gül kələmi, boranı və s. tərəvəzlərdən (az miqdarda bitki yağı əlavə edərək) və meyvələrdən (banan, alma, ərik, qavalı və s.) yarıduru pürelər əlavə olunur. Pürenin içinə uşaqlar üçün xüsusi buraxılan peçenye və ya qurumuş çörək əlavə etmək olar.

Əlavə qidaya tədriclə, kiçik dozalarla başlayın. Əsas qidalanmadan sonra yeni qidanı körpənin ağzına damızdırmaq və ya çay qaşığının ucunda vərmək lazımdır. Günbəgün əlavə qidanın miqdarını artırın. Yeni qidanın ilk dozası nə qədər az olarsa və gec artırılarsa, atopik dermatitlərin (diatez) baş vermə ehtimalı bir o qədər azalar. Hər yeni qida əsas qidadan sonra və ya mümkün olarsa, əsas qidaya qatılaraq verilir.

Körpənin qida rasionuna 7-10 gün ərzində 1 növdən artıq əlavə qida daxil etməyin. Çünki körpənin yeni qidaya alışması üçün ən azı 7 gün tələb olunur. Edilməli olan peyvəndə 3 gün qalmış və peyvənd edildikdən 3 gün sonra, dişlər çıxan zaman ilk 1 həftə ərzində, tənəffüs yollarının virus infeksiyaları və digər kəskin xəstəliklər zamanı da körpələrin qida rasionuna yeni qida məhsulunun əlavə edilməsi məsləhət olunmur.

Körpələrə əlavə qida verilərkən, üstünlüyü hazır uşaq qidalarına vermək lazımdır. Körpələr tərəfindən belə qidalara uyğunlaşma, özünüz tərəfindən hazırlanan qidalara nisbətən daha asan olur. Bundan əlavə, hazır uşaq qidalarına öyrəşən körpələr özünüz hazırladığınız yeni qidalara da tez öyrəşir. Nəzərə almaq lazımdır ki, bəzən yeni qidanın tamı körpənin xoşuna gəlməyə bilər. Bu halda o, yeni qidanı tüpürəcək və ya ondan imtina edəcək. Bu halda həmin qidanı təkrarən bir neçə dəfə ona yedizdirməyə çalışın, ancaq körpəni zorla yeməyə vadar etməyin.

6 aydan 1 yaşa qədər olan körpələrin qida rasionuna aşağıdakılar daxil olmalıdır:

- gündəlik qida həcminin 3/4 hissəsi zülal əsaslı qida (ana südü, ana südünü əvəz edən muxtəlif qarışıqlar, sıyıqlar, turşumuş süd məhsulları);

- gündəlik qida həcminin 1/4 hissəsi meyvə-tərəvəz kütləsi (pürelər, suplar);

- gün ərzində - 10 ml x körpənin yaşı (ay) həcmində şirə (10x5 ay=50 ml);

- gün ərzində - 50 ml kəsmik.

Həftədə 2-3 dəfə - 1/2 yumurta sarısı.

6 ayından başlayaraq uşağa ət (mal əti), balıq, quş əti vermək olar. Ət ətçəkən maşından 2 dəfə keçirilməlidir, yağlı ət istifadə etmək olmaz.

8-9 ayında uşağı daha iri tikələrə öyrəşdirmək lazımdır. Bir yaşına kimi uşağa bal, suda bişmiş ilıq yumurta, yağlı, duzlu yeməklər, şəkər, qazlı sular vermək olmaz.

Saglamolun.Az