ABŞ-də irqçiliyin fəsadları: Qaradərili insanlar bu xəstəliyə daha çox tutulur

ABŞ-də struktur irqçilik qaradərili insanların Alzheimer xəstəliyinə tutulma riskini artırır.

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin məlumatlarına görə, 65 yaşdan yuxarı qaradərili amerikalıların 14 faizində, ağdərililərin isə 10 faizində Alzheimer xəstəliyi var.

Həmçinin bildirilir ki, qaradərililərin düzgün diaqnoz qoyulma ehtimalı azdır və onların ailələri çox vaxt tibb müəssisələrində ayrıseçkiliyə məruz qalırlar.

2060-cı ilə qədər qaradərili amerikalılarda Alzheimer hallarının bu gün ilə müqayisədə 4 dəfə artacağı gözlənilir.

Bəzi risk faktorları irqə görə fərqli olsa da, irqlər arasındakı bu fərqi yalnız genetik faktorlarla izah etmək doğru deyil.

Problemlərin çoxu erkən yaşlarda başlayır. Ürək xəstəlikləri və diabet kimi risk faktorlarını təşkil edən sağlamlıq problemləri qaradərili əhali arasında daha çox rast gəlinir. Bu, qaradərili insanların sənaye müəssisələrinə daha yaxın yaşaması, çirklənmiş hava qəbulu və sağlam qida seçimlərinin az olması ilə əlaqələndirilir.

Bundan əlavə, depressiya, yüksək qan təzyiqi, piylənmə və xroniki stress, eləcə də yoxsulluq Alzheimer xəstəliyinin inkişaf ehtimalını artırır.

Ümumiyyətlə, qaradərililər digərlərinə nisbətən daha aşağı keyfiyyətli tibbi xidmət alırlar. Müalicəyə kifayət qədər əlçatanlığın olmaması bu sağlamlıq problemlərinə səbəb olan risk faktorlarını artırır.

Bütün bunlarla yanaşı, qaradərililər həyatları boyu qarşılaşdıqları gizli irqçiliyin təsirlərini hiss edirlər.

ABŞ Alzheimer Dərnəyinin rəsmisi Dr. Carl Hillin sözlərinə görə, irqçilik stressin artmasına və zamanla idrakın azalmasına səbəb olan iltihaba səbəb olan travma kimi sağlamlıq problemlərinə çevrilir.

Sevinc Hüseynova

 

 

Saglamolun.Az