İnsan orqanizmində yüzlərlə yeni zülal tapılıb. Bu zülallardan diabet, dağınıq skleroz kimi bir çox metabolik xəstəliklərin yeni müalicə üsulları və dərmanlarının hazırlanmasında istifadə ediləcək.
Araşdırma İngiltərədə Kembric Universitetinin doktorantı Mine Köprülünün rəhbərliyi ilə həyata keçirilib. Mine Körpülü daha əvvəl yüz minlərlə insanın genetik məlumatlarını əhatə edən bir çox tədqiqatda iştirak edib.
O qeyd edib ki, bu son araşdırmanı digərlərindən fərqləndirən amil insanların qan nümunələrindəki 3 min zülal səviyyəsinin ölçülməsidir:
“Tədqiqatda paralel olaraq, dünyada ilk dəfə inkişaf etdirilən yeni bir texnologiyadan istifadə olunub. Biz həmin nəticələri araşdırmamıza inteqrasiya etdik”,- deyə o bildirib.
Tədqiqatçı cəmiyyətdə kifayət qədər tez-tez rast gəlinən diabet, qan təzyiqi, ürək və böyrək xəstəlikləri kimi bir çox metabolik problemin bioloji mexanizminin yaxşı tədqiq olunmadığına diqqət çəkib. Məhz bu problemi həll etmək üçün qandakı 3 min zülalın səviyyəsini, DNT-dəki dəyişiklikləri, genetik kodu və yüzlərlə xəstəliyin yaranma riski statistik şəkildə təhlil edilib.
Gənc alim xəstəliklərin müalicəsində yeni üsulların və dərmanların hazırlanmasında zülalların vacibliyini qeyd edib. Bu araşdırma əslində yüzlərlə yeni müalicəyə işıq salır, lakin burada etdiyimiz kəşflər dərman və ya müalicə üsullarının inkişafının ilkin mərhələsidir. İnsan orqanizmi kifayət qədər mürəkkəbdir.
Tədqiqatçı bildirib ki, hazırda 3 min zülaldan istifadə edərək aparılan araşdırmanı gələcəkdə 20 min zülala qədər çatdırmaq hədəflənib. Bu isə xəstəliklərin bioloji mexanizmlərini daha əhatəli şəkildə təhlil etmək, diaqnostika və müalicə variantlarını genişləndirmək deməkdir.
Saglamolun.Az