Abort etdirən qadınlara ölüm cəzası veriləcək – QANUN HAZIRLANIR

ABŞ-ın Cənubi Karolina ştatında yeni qanun layihəsi qəbul edilərsə, abort etdirən qadınlar “qəsdən adam öldürmə” maddəsi ilə ittiham oluna bilərlər.

Ştatın Qanunverici orqanında müzakirəyə çıxarılan "Bərabər Doğuşdan Mühafizə Aktı" adlandırılan qanun layihəsinə əsasən, hamiləliyi qəsdən dayandırmaq doğuşdan öncə qətl kimi qiymətləndiriləcək. Hər abort qətl sayılsa, hər qətl üçün də cəza 30 ildən ölümə qədər olacaq. Qanun tibbi zərurəti, yəni hamiləliyin qadın üçün həyati təhlükəsi olduğu halları istisna edir.

Təklifi irəli sürən Respublikaçılar Partiyasının əyalət nümayəndəsi Rob Harris bildirib ki, qanun layihəsi dünyaya hələ gəlməmiş müdafiəsiz körpələrin yaşamaq hüququnu təmin etmək üçün nəzərdə tutulub. İnsanlar həyatın ana bətnindəykən başladığını qəbul etməlidirlər.

O qeyd edib ki, məqsəd qadınlara ölüm hökmü vermək deyil, körpələri xilas etməkdir. Qanun layihəsi təsdiqlənərsə, abort etdirən qadın və proseduru həyata keçirən həkim cəzalandırıla bilər.

Qeyd edək ki, hazırda Cənubi Karolina ştatında hamiləliyin təxminən 20 həftəsinə qədər abort qanunidir.

Sevinc Hüseynova

Saglamolun.Az