Dişləri düzgün fırçalamaq mühüm əhəmiyyət kəsb edir

Kariyesin yaranma səbəbi düzgün qidalanmamaq və dişlərin vaxtında fırçalanmaması hesab olunur.

Ağız sağlamlığını qorumaq üçün üç əsas vasitəyə - diş fırçası, məcun və diş sapına fikir vermək lazımdır. Diş fırçası isə üç aydan bir dəyişdirilməlidir. Eyni zamanda dişlərin möhkəm olması və kariyeslə mübarizə üçün hər gün dişləri fırçalamaq, ən azı ildə iki dəfə müayinə olunmaq məqsədəuyğundur.

Bəyaz və sağlam dişlərə sahib olmaq hər kəsin arzusudur. Bunun üçün erkən yaşlardan dişlərin qeydinə qalmaq lazımdır. Respublika Stomatoloji Mərkəzinin həkim-stomatoloqu Fidan Aslanlının AZƏRTAC-a verdiyi məlumata görə, uşaqlarda süd dişlərinin vaxtından erkən itirilməsi daimi dişlərin yerində çıxmasına əngəl yaradan əsas faktordur: “Körpələr altıncı aydan sonra diş çıxarmağa başlayırlar. Altı yaşa çatandan sonra isə bu, daimi dişlərlə əvəz olunur. Lakin vaxtından əvvəl çürümə gələcəkdə ağız və diş sağlamlığına təhlükə yaradır. Süd dişləri çıxandan sonra onlara daim qulluq tələb olunur. Hər bir süd dişinin çıxma müddəti olduğu kimi, onlara qulluq müddəti də var. Süd dişinin problemi yarananda onu çəkməzdən əvvəl ortodont-həkim müayinəsindən keçmək, rentgenoloji müayinədən sonra onun arxasında daimi dişin olduğuna əmin olduqdan sonra çəkilməsinə qərar vermək olar”.

Dişin əsas hissəsini bərk, sümük tərkibli maddə olan dent təşkil edir. Stomatoloqun dediyinə görə, karbohidratlarla zəngin qidalardan mütəmadi istifadə etmək dişin mina qatını zədələyir. Bununla yanaşı dişləri düzgün fırçalamaq da mühüm əhəmiyyət kəsb edir: “Uşaqların xüsusi olaraq onlar üçün istifadə edilən diş fırçaları və məcunlardan istifadə etməyi daha düzgündür. Valideynlər lap erkən yaşlarından uşaqları fırçadan istifadə etməyə öyrətməlidirlər. Körpələrin çox sevdiyi, ancaq onlar üçün ziyanlı olan bəzi qida məhsullarından, o cümlədən müxtəlif şirə və çipsilərin qəbulundan imtina etməyi məsləhət görülür, çünki həmin qidalar dişlərin zədələnməsinə səbəb olur”,- deyə həkim-stomatoloq əlavə edib.

Vaxtında müalicə edilməyən süd dişləri gələcəkdə bir sıra problemlərə səbəb olur. Ona görə də uşaqlarda dişə qulluq vərdişlərini körpəlikdən aşılmaq lazımdır.

Saglamolun.Az