“Artıq əksər inkişaf etmiş ölkələr karantin rejiminin aradan qaldırılması və ya tam yumşaldılması barədə qərarlar qəbul edirlər”.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputat Vüqar Bayramov məlumat verib.
O bildirib ki, Avropada İngiltərə, Almaniya və Fransa kimi aparıcı dövlətlər yenidən normal həyata qayıtmaqda israrlıdırlar, qardaş Türkiyədə isə karantin qaydaları xeyli yumşaldılır, lokal pandemiyadan imtina ilə bağlı real addımlar atılır.
Deputat Azərbaycanda xüsusi karantin rejiminin yumşaldılması ilə bağlı daha hansı addımların atılmasının məqsədəuyğun ola biləcəyini də açıqlayıb:
“Son bir ayda ölkəmizdə yoluxma sayı 12 dəfəyə yaxın azalaraq 7050-dən 588-dək düşüb. Vurulan ümumi vaksinlərin sayı isə 13 milyon 111 mindən çoxdur. Ölkəmizdə peyvəndləşmə səviyyəsi kifayət qədər yüksək hesab olunur. Bütün bunları nəzərə aldıqda, mərhələli şəkildə quru sərhədlərin açılması məsələsinə baxılması, rayonlar ilə dəmiryolu əlaqəsinin bərpa edilməsi və ölkəyə gəliş-gediş zamanı peyvənd pasportu olduğu halda PZR analiz tələbinin aradan qaldırılması məqsədəuyğun olardı”.
Vüqar Bayramov qeyd edib ki, qarşıdan yeni turizm mövsümü gəlir, 2019-cu ilə ölkəyə 3,2 milyon turist gəlmişdisə, 2021-ci ildə pandemiya səbəbindən bu rəqəm 791,8 minədək azaldı:
“Bu baxımdan, quru sərhədlərinin mərhələli açılışı, PZR test tələbinin götürülməsi ölkəyə gələn turistlərinin sayının kəskin artmasına səbəb ola bilər. Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur. Pandemiyadan öncə illik turizm gəlirləri 2,7 milyard dollara yaxın idi. Bu sektor həmçinin məşğulluğa da xüsusi töhfə verir. Bu baxımdan, əksər Qərb ölkələrində olduğu kimi Azərbaycanda da xüsusi karantin qaydalarının daha yumşaldılması turizm daxil olmaqla bir sıra sektorlar üçün əlavə imkanlar yarada bilər”.
Saglamolun.Az