Dövlət Statistika Komitəsi bu ilin ilk 10 ayında infilyasiyanın 6.2 faiz olduğunu açıqlayıb. Bu 2017-ci ildən sonra ən yüksək illik rəsmi infilyasiya göstəricisidir.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Modern.az-a açıqlamasında deyib ki, rəsmi statistikaya əsasən, bu il ərzində bütün aylar üzrə əvvəlki aya nisbətən illik infilyasiya səviyyəsi daha yüksək olub.
Onun sözlərinə görə, ilə rəsmi 2.7 faizlik illik infilyasiya ilə başlanılsa da, bu rəqəm 10 ayda 3 dəfə bənd daha artıb:
“Komitənin hesablamalarına görə, ərzaq məhsullarının qiyməti daha çox yüksəlib. Belə ki, infilyasiya ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 107,4 faiz, qeyri-ərzaq məhsulları üzrə 104,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105,4 faiz olub. Noyabr ayında qiymət səviyyəsi əvvəlki ilin uyğun ayı ilə müqayisədə 11,1 faiz çox olub. Rəsmi infilyaisya rəqəmi göstərir ki, istehlak bazarında qiymətlərin optimallaşdırılması üçün daxili təklifin artırılması və fermerlərin paytaxt bazarlarına çıxışının təşviq edilməsinə ehtiyac var”.
Deputat qeyd edib ki, qarşıdan bayram günlərin gəldiyini nəzərə alsaq, paytaxtda mütəmadi fermer yarmarkaların təşkili məqsədəuyğun olardı:
“Bu zaman xərclərin bir hissəsinin o cümlədən nəqliyyat xərclərinin yerli icra hakimiyyəti orqanları və müvafiq mərkəzi icra hakimiyyəti qurumu tərəfindən qarşılanmasına ehtiyac var”.
V.Bayramov bildirib ki, ilkin proqnozlara görə, gələn ilin birinci yarısında da dünya bazarında qiymət artımları davam edəcək.
“Bu baxımdan, ümumi istehlakda yerli istehsalının payının artırılması prioriteti daha da aktuallaşır. İdxal infilyasiyanın minimumlaşdırılması üçün yerli istehsalın genişləndirilməsi olduqca vacibdir”-deyə, o sonda qeyd edib.
Saglamolun.Az