"Stres insanın hansısa bir emosional gərgin vəziyyətidir. Streslər həm müsbət, həm də mənfi təsir göstərə bilir.
Müəyyən hallarda stres daha da güclü olmağa, müəyyən hallarda isə depressiyaların yaranmasına, həyatdan küskünlüyə, psixomatik şikayətlərə və xəstəliklərə təkan verir".
Bunu Psixi Sağlamlıq Mərkəzinin şöbə müdiri Səbinə Rəşidova AZƏRTAC-ın müxbirinə bildirib.
"İnsan biopsixososial varlıqdır. Hər bir insanın biopsixososial səbəblərindən asılı olaraq stres ikili təsir göstərə bilər. Hansı nəsildə genetik olaraq depressiyaya, intihara meyillik faktorları, serotonin azlığı varsa, onlarda stresə davamlılıq aşağı olur. Yaxud sosial səbəblər - işsizlik, yaxınlarının itkisi, həyatda üzləşdiyi müəyyən problemlər də stres reaksiyalarının müşahidə olunmasına səbəb ola bilər.
Stres yaranmasında psixoloji amillər də rol oynayır. İnsanın daxili resurslarının az olması da buna səbəb ola bilər. Bəzi insanlarda uşaqlıqdan formalaşmış qazanılmış köməksizlik deyilən psixoloji hal olur. Məsələn, əgər bir insanın əvəzinə daim valideynləri, ailə üzvləri, yaxınları bütün problemlərini həll edirsə, onlarda qazanılmış köməksizlik deyilən psixoloji vəziyyət formalaşır. Yəni bəzən belə insanların problemlərini ətrafdakılar o şəkildə həll edirlər ki, o, özü heç nə etmək istəmir, çünki müəyyən yaşa qədər valideynlər onun əvəzinə bütün qayğıları daşıyıblar. O, özü müəyyən yaşa dolub həmin qayğıları özü həll etmək məqamına yetişəndə qazanılmış köməksizlik vəziyyəti onda yalançı xəstəlik əlamətlərinin formalaşmasına səbəb olur, özünü xəstə kimi təqdim edir və həyat problemlərindən, yaşam qayğılarından pərdələnərək qorunur. Əslində bu, xəstəlik deyil, psixoloji olaraq qazanılmış köməksizlik vəziyyətidir”.
Psixoterapevt daha sonra deyib: “Ümumiyyətlə, hansısa hadisənin stres kimi qəbul edilməsi hadisədən yox, ona verilən reaksiyadan asılıdır. Eyni hadisə birində böyük bir stres yarada, başqasında isə uğurlu perspektivlər aça bilər. Məsələn, ali məktəbə qəbul oluna bilməyən abituriyent bundan təəssüflənir, özünə qapanır, bunu bütün imkanları itirmək, az qala həyatın sonu kimi qəbul edir. Başqa bir abituriyent isə bundan sonra xarici dil öyrənmək, elmə daha mükəmməl yiyələnmək, xarici ölkəyə getmək, orada ali təhsil almaq haqqında fikirləşir. Yəni həmin vəziyyətə verilən reaksiyadan çox şey asılıdır. Stres həm psixoloji, həm də fiziki, somatik sağlamlığa mənfi təsir göstərir, adaptasiya, təşviş, panik pozuntusuna, eyni zamanda, mədə-bağırsaq, ürək-damar sisteminin, vegetativ əlamətlərin yaranmasına səbəb ola bilər”.
Həmsöhbətimiz stres halı yaşamamaq üçün tövsiyələrini də söyləyib: “Həyatda daha vacib olan amilləri hiss etmək, duymaq lazımdır. Bizim üçün daha vacib olanı hansısa maddi varlıqdan, əşyadan, şəxsi avtomobilin, işlətdiyimiz telefonun markası və s. dən daha çox emosional vəziyyətimizdir. Bəzən ona xoşbəxtlik, bəzən bədbəxtlik, bəzən də başqa adlar verilsə də, sinir sisteminin rahatlığı çox əhəmiyyətli məsələdir. İstənilən hadisəyə, istənilən vəziyyətə reaksiya verməzdən qabaq emosiyaları qorumaq üçün nə etmək lazım olduğunu fikirləşmək lazımdır. İnsan öz psixoloji rahatlığını qorumaq üçün cəhd göstərsə, o bir sıra streslərdən daha mükəmməl formada çıxmış olar”.
Saglamolun.Az