Koronavirusa görə ayağından məhrum oldu

56-yaşlı İngiltərəli mühəndis Li Mebbet (Lee Mabbatt) oktyabr ayında koronavirusa yoluxub. İlk 10 gün ərzində Li öz evində karantində qalırdı.

Xəstənin iybilməsi pozulmuş və bütün bədəndə güclü ağrılar var idi. 10 gündən sonra onun vəziyyəti yaxşılaşmağa başlayıb. Lakin daha sonra Li hiss edib ki, onun sağ ayaq pəncəsinin hissiyatı azalıb. Xəstəxanada müayinə zamanı məlum olub ki, ayaq damarında əmələ gələn iri tromb damarın bağlanmasına səbəb olub.   

Saglamolun.az The Daily Mail-ə istinadla bildirir ki, həkimlər trombu dərhal xaric etsələr də bu heç bir kömək etməyib və pəncədə qanqrena başlayıb. Nəticədə həkimlər Linin həyatını xilas etmək üçün onun sağ ayağını amputasiya ediblər.

Həkimlərin fikrinə görə, sağlamlığında heç bir problemi olmayan Li Mebbetin ayağında əmələ gələn tromb koronavirusun fəsadı kimi meydana çıxıb.     

Saglamolun.Az