Özbaşına olaraq KT müayinələrinə getməyin! - Həkimdən XƏBƏRDARLIQ

Hazırda ağciyərin KT müayinəsi ən "populyar" müayinələrdən birinə çevrilib. İnsanların bir çoxu özbaşına, həkimlə məsləhətləşmədən, qohum-qonşunun "məsləhəti" ilə bu müayinədən keçirlər.

Lakin bu çox ciddi səhvdir ki, gələcəkdə ağır fəsadların inkişafına səbəb ola bilər.

Saglamolun.az bildirir ki, həkim-nevroloq Pərviz Axundov sosial şəbəkələrdə bununla bağlı xəbərdarlıq edib:

"Komputer tomografiya (KT) günümüzdə, ağciyər xəstəliklərinin görüntülənməsində önəmli bir metoddur. Ancaq müayinənin radiasiya məruziyyəti və buna bağlı artmış xərçəng riskini də bərabərində gətirməsi, narahatlığa səbəb olmaqdadır. Günümüzdə dünyada bütün xərçənglərin 1-2%- nin radiloloji müayinələrə bağlı ola biləcəyi düşünülməkdədir. Əslində günlük yaşamda, cib telefonu və komputerlər daxil bir çox mənbədən radiasiyaya məruz qalırıq. Ancaq önəmli olan radiasiyanın dozasıdır!

Radyasiya ölçümlərində istifadə edilən Milisivert-mSv olaraq adlandırılır. Məsələn, tək proyeksiyada bir ağciyər rentgeni  ilə məruz qalınan radiasiya dozası (0.02 mSv), 6-saatliq bir təyyarə səfərində  məruz qalınan radiasiyanın  (0.04 mSv) yarısı qədərdir. Bunala yanaşı, ağciyər tomografiyasında bu doz 5-7 mSv səviyyəsindədir! Aparılan tədqiqatlarda xərçəng riskinin artığına bərabər uyğun radiasiya dozası dəqiq olaraq bilinməsə də, genel olaraq xərçəng  riski ilə radyasiya dozası arasındaki əlaqənin olduğu bildirilməkdədir. Ağciyər tomoqrafiyasının  bərabərində gətirdiyi ayrı bir risk isə, tiroid və süd vəzi toxumasına radiasiyaya qalma məruziyyətidir (mənbə: Türk Toraks Dərnəyi).

Buna görə, ixtisas həkiminin göstərişi olmadan, özbaşına olaraq KT müayinələrinə getməyin. Elə etməyək ki, COVİD pandemiyasından çıxıb, xərçəngin sıçrayışla artım dönəminə girək..."

Saglamolun.Az