Ailəni birləşdirən əsas amillərdən biri bütün üzvlərin bir süfrə arxasında olmasıdı.
Hələ qədim zamanlardan süfrənin paylaşılması bir ailənin əsas rəmzi hesab olunurdu. Hətta bu bir vərdiş halını almışdı. Lakin indi belə mənzərə ilə o qədər də çox rastlaşmırıq. Araşdırmalar zamanı məlum olub ki, uşaqların xoşbəxt olmasının əsas səbəblərindən biri ailələriylə vaxt keçirməsidir.
Maraqlıdır, müasir dövrümüzdə informasiya texnologiyalarının günü-gündən inkişaf etməsi ailə dəyərlərinin getdikcə itməsinə səbəb ola bilərmi?
Psixoloq Elnur Rüstəmov Sherg.az bildirib ki, məsələnin bir sıra obyektiv və subyektiv səbəbləri var:
"Əvvəllər ailə üzvləri şam və ya səhər yeməyini bərabər yeyir, gün ərzində ən azı 1-2 dəfə bir araya gəlirdilər. Lakin bu gün belə hallar əvvəlki qədər davam eləmir, ailələr əvvəlki kimi bir yerə yığışa bilmirlər. Bunun da obyektiv və subyektiv səbəbləri var. Bu gün işləyən insanlar çoxdu. Məsələn, ailə üzvündən biri günorta yeməyi üçün evinə gəlib, sonra yenə işə qayıdırdısa, indi bu imkanlar məhddudur. Əgər yemək üçün 1 saat fasilə verilibsə, tıxac, evə gedib çatmaq və qayıtmaq problem olur. İnsan bunun yol məsrəflərini hesablayır və qərar verir ki, evə getməkdənsə, yaxın bir yeməkxanaya gedib yeməyini orda yesə ona sərf edir”.
E.Rüstəmov məsələnin çıxış yolları barədə də danışıb:
"İnkişaf etmiş ölkələrə, elə Azərbaycanın özünə diqqət eləsək görərik ki, son zamanlar belə bir məqam ortaya çıxır - həftə sonu bütün ailə bir yerə yığışır. Ya səhər yeməyində, ya axşam yeməyində ailə üzvləri evdə və ya hansısa bir məkana gedib bir yerə toplaşırlar. Bu bir yerə toplaşmanın gözəl tərəfi nədən ibarətdir? Tərəflər biri-biri haqqında, işlə, özü ilə bağlı fikir mübadiləsi edirlər. Psixologiyada buna qrup terapiyası da deyirlər. Hər kəs öz fikrini bildirir, sıxıntıları varsa sıxıntıları və ya əldə etdiyi uğurları haqqında danışır. Dolayısı ilə ailədəki şəxslər ünsiyyətdə olurlar, bu çox təqdirolunan haldır.
Bütün hallarda ailə üzvləri, hətta qohum-əqraba bir yerə yığışmalıdır. Ancaq bu gün biz həmin ailə üzvlərinin və tayfanın bir yerə yığışmasını yalnız toy və hüzn günlərində görürük. Bu gün uşaq sayı çox deyil, ancaq tövsiyə olunur ki, həftədə 2-3 dəfə, nə qədər bacarırlarsa, yemək mədəniyyəti formalaşsın, ailə başçısı ailəsini, uşaqlarını bir yerə yığıb şam yeməyi etməlidir. Bu, uşaqların emosional inkişafına, ailədaxili münasibətlərə, ümumilikdə psixi sağlamlığa müsbət təsir göstərir. Bu hallar təqdir olunmalıdır və bütün mümkün variantlarda ailələr bərabər vaxt keçirməlidirlər”.
Saglamolun.Az