Uşaqlarda epilepsiya xəstəliyi

Bu xəstəlik zamanı beyinin normal bioaktivliyi pozulur. Epilepsiya uşaqlarda özünü tutmalarla (qıcolmalar) büruzə verir.

Bu zaman onun bədənində qıcolmalar olur, o dişlərini bir-birinə sıxır, bütün bədən gərginləşir, bəzi hallarda ağızdan köpük gəlir, əl və ayaqlar, bəzən isə bütün bədən gərilmiş vəziyyət alır və ya əksinə olaraq, uşağın bütün bədəni dartılır və qısa bir müddət ərzində sanki donmuş şəkildə qalır.

Tutmalardan sonra uşaq yuxuya gedir və ayılandan sonra isə bəzi hallarda tutma zamanı nələr baş verdiyini xatırlamır.

Bəzi epilepsiyası olan xəstə uşaqlarda kiçik epileptik tutmalar baş verir. Bu zaman uşaq bir neçə saniyə ərzində huşsuz vəziyyətdə sanki donub qalır. Belə hallar gün ərzində 10-larla və 100-lərlə təkrar oluna bilər. Uşaq diqqətini toplaya bilmir, dərs mənimsəməyi pisləşir, davranışı və tərbiyəsi pozulur.

Nəzərə almaq lazımdır ki, uşaqda qısamüddətli tutmalar hələ onda epilepsiyanın olması demək deyil. Bu isteriya, kalsium, maqnezium, şəkər mübadiləsi pozğunluqları zamanı da baş verə bilər.

Epilepsiyanın yaranma səbəbləri irsi meyllik, bətndaxili inkişaf dövründə oksigen çatışmazlığı və müxtəlif zərərli faktorların təsiri, mərkəzi sinir sisteminin doğuş travması və sair patoloji hallar ola bilər.

Adətən, ilk qıcolma uşaqlarda yüksək hərarət, uzunmüddətli qışqırma və ya ağlama fonunda baş verir. Beyin toxuması hələ yetkin olmaması səbəbindən yenidoğulmuşlarda belə hallar tez-tez baş verir. Əgər uşaqda heç olmasa bir dəfə qıcolma olmuşdursa, onu mütləq nevropatoloqa göstərmək lazımdır. Valideynlər bilməlidirlər ki, yenidoğulmuşlarda hətta bircə dəfə baş vermiş qıcolma ciddi nəzarətdən kənarda qalarsa, bu, gələcəkdə epilepsiya xəstəliyinin başlanmasına səbəb ola bilər. Ona görə belə uşağı mütləq nevropatoloqa göstərmək və, lazım gələrsə, xüsusi müayinələrdən keçirmək lazımdır.

Əgər müayinə zamanı uşaqda heç bir patologiya aşkar edilməzsə, ona heç bir xüsusi müalicə də təyin edilməyə bilər. Lakin hərarətin yüksəlməsi və ya icbari peyvəndlərdən sonra belə uşaqlar mütləq nəzarət altında olmalı və vaxtında lazımi tədbirlər görülməlidir (qızdırmanı salan preparatların verilməsi və s).

Tam əminliklə epilepsiya diaqnozu yalnız həkim-nevropatoloq tərəfindən uşağın hərtərfli müayinə edilməsindən sonra qoyula bilər. Xəstəlik təsdiqlənibsə, uşağa mütləq müalicə təyin olunur. Bu zaman müalicənin əsas prinsipi epileptik tutmaların təkrar olunmasının qarşısını almaqdan ibarətdir. Epilepsiyanın müalicəsində həkimin ən əsas köməkçiləri - valideynlərdir. Uşaq uzun müddət (bəzən də həyatı boyu) həkim tərəfindən təyin edilmiş preparatları qəbul etməlidir. Onun üçün düzgün yuxu və istirahət rejimi yaratmaq, eyni zamanda həddən artıq yorulmadan, streslərdən, əsəb gərginliklərindən qorumaq çox vacibdir.

Əgər tutma baş verərsə çox hay-küy salmaq lazım deyil. Uşağı yanı üstə uzatmaq, özünü zədələnməsin deyə qıcolmalar zamanı başını və əllərini tutmaq məsləhət görülür. Paltarının yaxasını və kəmərini açmaq, dilini dişləməməsi üçün dişlərinin arasına burulmuş dəsmal qoymaq lazımdır. Tutma təkrar olunarsa və ya 5 dəqiqədən artıq davam edərsə, “təcili yardım” çağırmaq vacib hesab edilir.

Epilepsiyalı uşaqların valideynləri bilməlidirlər ki, epilepsiya heç də ən ağır cəza hökmü deyil. Düzgün və vaxlı-vaxtında müalicə kursları aparılarsa, tutmalar uzun illər ərzində baş verməyə də bilər. Bunun da nəticəsində uşaq uzun müddət öz normal həyat və fəaliyyətini davam etdirmiş olur.

Saglamolun.Az