Qan dövranı sistemi ürək və qan damarlarından ibarətdir. Ürək – yığılaraq qanı arteriya və venalara qovan orqandır.
Arteriyalar –ürəkdən aldıqları qanı orqan və toxumalara daşıyan damarlardır.
Arteriyalar daxilində olan qan yüngül, al qırmızı rəngdə olur. Bu qan tərkibində orqan və toxumalar üçün vacib olan oksigen və qida maddələri ilə zəngin olur. Orqan və toxumaların həyat fəaliyyəti nəticəsində yaranan kimyəvi parçalanma məhsulları və karbon qazı isə venalarla ürəyə qaytarılır. Arterial qana nisbətən venoz qan daha ağır və tünd qırmızı rəngdə olur.
Qanın bir çox funksiyaları vardır:
- Qan ilk növbədə orqan və toxuma hüceyrələrinə oksigen və qida maddələri daşıyır;
- Digər tərəfdən orqan və toxuma hüceyrələrinin həyat fəaliyyəti nəticəsində yaranan və onlar üçün zərərli hesab edilən kimyəvi parçalanma məhsulları və karbon qazı venoz qanla daşınır;
- Qan insan orqanizmi üçün zərərli hesab edilən mikroorqanizmləri məhv edir;
- Laxtalanma xüsusiyyətinə əsasən, orqanizmi zədələnmə və ölümdən qoruyur (laxtalanan qan bədənin kəsilmiş hissəsində qanaxmanı saxlayır);
- Qan, daxili sekresiya vəzilərində istehsal olunan mürəkkəb kimyəvi birləşmələri – hormonları orqan və toxumalara çatdırmaqla, əlaqələndirici funksiyasını yerinə yetirir.
Orqan və toxumalar arasında qanın daimi olaraq bölüşdürülməsi prosesi baş verir. Müxtəlif vaxtlarda oksigenə və qida maddələrinə olan tələbatına görə, bir sıra orqanlara qan nisbətən çox, digərlərinə isə az miqdarda olmaqla çatdırılır.
Ürək – daxilində boşluq olan əzələli toxuma olub, çəkisi 300 qramdan bir qədər artıq (qadınlarda onun çəkisi kişilərə nisbətən az olur), ölçüsü isə yumruqdan bir az böyük olur. Ürək birləşdirici toxumadan ibarət olan ürək ətrafı kisənin daxilində yerləşir. Bu kisənin daxili səthindəki hüceyrələr onu nəmləndirən və ürəyin yığılması zamanı sürtünməni azaldan maye ifraz edir. Ürək anatomik qurluşuna gorə sağ (yarısı) və sol (yarısı) hissələrə ayrlmışdır. Bu tərəflərin hər biri isə yuxarı (qulaqcıq) və aşağı (mədəcik) hissədən ibarətdir. Beləliklə, ürək bir orqan kimi 4 kameradan ibarətdir: sol qulaqcıq və sol mədəcik + sağ qulaqcıq və sağ mədəcik.
Ürək kameralarının yığılması eyni vaxtda baş vermir. Belə ki, əvvəlcə qulaqcıqlar yığılaraq qanı mədəciklərə qovur. Daha sonra isə mədəciklər yığılaraq qanı damarlara qovurlar. Ürəyin hər iki yarısında qulaqcıqla mədəcik arasında olan dəliklərdə qapaqlar (“klapanlar”) vardır. Qulaqcıqların yığılması zamanı bu qapaqlar açılaraq qanı sərbəst şəkildə mədəciklərə buraxırlar. Mədəciklər yığıldıqda isə klapanlar qapanaraq qanın qulaqcıqlara qayıtmasına imkan vermirlər.
Ürəyin yeganə vəzifəsi – qanı orqanizm boyunca hərəkət etdirməkdir. Bu hərəkət iki - böyük və kiçik qan dövranı vasitəsi ilə həyata keçirilir. Böyük qan dövranı – aortal sistem vasitəsi ilə kimyəvi qida məhsullarının və oksigenin orqan və toxumalara daşınmasını və venoz sistem vasitəsi ilə isə karbon qazı və orqanizmin kimyəvi parçalanma məhsullarını özündə toplayan qanın geriyə (ürəyə) daşınmasını təmin edir. Kiçik qan dövranı – qanın ağ ciyərlərə və oradan isə geriyə ürəyə daşınmasını təmin edir. Ağ ciyərlərə çatdırılan venoz qan, orada tərkibində olan karbon qazından azad edilərək oksigenlə zənginləşdirilərək arterial qana çevrilir və ürəyə qaytarılır. Böyuk qan dövranı ilə qanın bir dəfə dövr etməsi 20-30 saniyə, kiçik qan dövranı ilə isə 4-5 saniyə ərzində baş verir.
Digər orqanlar kimi ürəyin özünə də oksigen və qida məhsulları tələb olunur. Bu iki koronar arteriya vasitəsi ilə həyata keçirilir. Bu arteriyalar, aortal qapağın bilavasitə üzərində yerləşən ən iri damar olan aortanın başlanğıc hissəsindən ayrılır.
Məlum olduğu kimi, istirahət etmədən daimi olaraq aktiv fəaliyyətdə olan ürəyin normal işləməsini təmin etmək üçün koronar arteriyaların yaxşı vəziyyətdə olması tələb olunur. Sakitlik halında sağlam adamın ürəyi, ritmik şəkildə olmaqla, dəqiqədə orta hesabla 70-75 dəfə yığılır (nəbzin tezliyi). 1 gün ərzində 100 000 (!) dəfəyədək yığılan ürək, təxminən 10 ton (!) qanı hərəkət etdirir.
Ürək fəaliyyətinin göstəricilərindən biri də qanın arteriyalara etdiyi təzyiq olan arterial təzyiqdir. Arterial təzyiqin ölçülməsi zamanı ölçü vahidi kimi 1 mm civə sütununun təzyiqinə bərabər olan göstəricidən istifadə olunur. Sakitlik halında insanın normal arterial təzyiq göstəriciləri - ürəyin yığılması anında 120 mm.c.süt. və ürəyin boşalması anında isə 70 mm.c.süt. qəbul edilir. Emosional streslər, fiziki gərginliklər və s. arterial təzyiqin müvəqqəti olaraq qalxmasına səbəb olur. Arterial təzyiqin davamlı olaraq artması hipertenziya, azalması isə hipotenziya adlanır.
Bildiyimiz kimi, ürəyin əsas işi – özünün ritmik şəkidə yığılması ilə qanı orqanizm boyunca hərəkət etdirməkdir. Ürəyin özündə yaranan impulsların təsiri nəticəsində ürək əzələsinin yığılması təmin edilir. Elektrik impulslar ürəyin sağ qulaqcığı nahiyyəsində yerləşən sinus düyünü tərəfindən yaradılaraq onun ötürücü (keçirici) sistemi ilə ürək boyunca yayılır. Bu yolla, ürək fəaliyyətinin, mərkəzi sinir sistemindən asılı olmayaraq, nisbi olaraq müstəqil şəkildə işləməsi təmin edilir. Bəs nəyə görə nisbi? Məsələ ondadır ki, ürək fəaliyyətinə (nəbzin tezləşməsi, azalması, ürək fəaliyyətinin zəifləməsi və ya artması) bir sıra xarici və daxili faktorlar da təsir edir. Belə ki, böyrəküstü vəzinin hormonu olan adrenalin, kalsium duzları və bəzi digər maddələr ürək fəaliyyətinin artmasına, kalium duzları və bəzi digər bioloji aktiv maddələr isə, əksinə olaraq, onun fəaliyyətinin zəifləməsinə səbəb olur. Adrenalin, stres, qorxu və s. hallarda, mərkəzi sinir sisteminin “əmri ilə” hazırlanır. Beləliklə, göründüyü kimi, mərkəzi sinir sistemi də ürək fəaliyyətinə təsir edir.
Saglamolun.Az