Bu məhsullar beyni qurudur, yaddaşın itməsinə səbəb olur

Türkiyə tibb mütəxəssisləri Avropa alimlərinin şirniyyat məmulatlarının mənfi təsirləri ilə bağlı apardıqları elmi araşdırmalardan çıxış edərək valideynlərə xüsusilə məktəb yaşlı uşaqların şirniyyata aludəçiliyini azaldacaq tövsiyələr verirlər.

Tibb mütəxəssislərinin gəldiyi qənaət budur ki, şirniyyat məmulatlarından aşırı istifadə, tərkibində bol şəkər olan qida məhsullarına aludəçilik beynin getdikcə qurumasına, yaddaşın itməsinə səbəb olur.

Kaliforniya Dövlət Universitetinin alimləri maraqlı nəticəyə gəliblər. Onlar 803 məktəb-internatlarda və 9 yeniyetmə koloniyasında sınaqlar apararaq uşaqların qida rasionuna dəyişiklik edərək şirniyyatları meyvə və tərəvəzlərlə əvəzləyiblər. Nəticə alimləri heyrətə gətirib: uşaqların 5 ballı sistemlə qiymətləndirilməsi nəticəsində qiymətlər 1 bal artıb, əqli cəhətdən geri qalan uşaqların 50 faizi sağlam dəyərləndirilib.

Almaniya həkimləri şirniyyatın insan ömrünün uzunluğuna təsirini öyrənməyə çalışıblar. Onlar müəyyən ediblər ki, qlükoza orta hesabla insan ömrünü 25 faiz azalda bilər (bu təxminən 15 ilə bərabərdir). Sonralar alman alimlərinin nəticələrini Kaliforniya bioloji tədqiqatlar institutunun əməkdaşları da təsdiq ediblər.

Şirniyyata və şokolada aludə insanlar, xüsusilə də qadınlarda çox vaxt göbələk xəstəliklərindən (urogenital kandidozdan) əziyyət çəkirlər. Məlumdur ki, bu xəstəliyin törədiciləri kandida cinsindən olan göbələklərdir və onlar hər bir sağlam insanın bədənində yaşayırlar. Lakin onların həddindən artıq çoxalması baş verərsə (antibiotik qəbulu, immunitetin zəifləməsi, çoxlu şirniyyat qəbulu onların artımına təsir edir), bu zaman xəstəlik əmələ gələ bilər.

Bəzi insanlar şəkərə alternativ olaraq şəkərəvəzediciləri qəbul etməyi üstün tutur. Onların kalorisi azdır, dadına görə də çox fərqlənmirlər. Daha çox yayılanlara aiddir: saxarin, suklamat, aspartam, ksilit, sorbit. Lakin bunlar da həddindən artıq qəbul edilərsə, orqanizmə ziyan vuracaq, bəd xassəli şişlərin yaranmasına təkan verəcək, allergik hallar, mədə-bağırsaq pozğunluğu, bağırsaqda ağrılar, ishal müşahidə ediləcək.

Əsas məsələ miqdardır. Dietoloqlar məsləhət görür ki, şəkəri bal və quru meyvələrlə (kişmiş, qaysı, gavalı, əncir qurusu və s.) əvəz edin, onların tərkibində orqanizm üçün vacib olan kifayət qədər mineral maddələr (kalsium, kalium, maqnezium, dəmir və s.), şəkər var, kalorisi isə adi şirniyyatdan 2 dəfə azdır; qlükoza qəbulunu məhdudlaşdırmaq və təbii şirniyyata - meyvələrə üstünlük vermək lazımdır. Çayı da şəkərsiz və ya quru meyvələrlə içmək məsləhətdir, şirin qazlı sular əvəzinə isə mineral su və ya adi, saf (süzülmüş) su içilməlidir.

Pediatr Vaqif Qarayev Şərq.az-a açıqlamasında uşaqlara şirniyyatın zərərlərindən danışdı:

- Mən də şirniyyatın əleyhinəyəm. Həmişə də valideynlərə tövsiyə edirəm, sosial şəbəkədə status da yazıram, amma görürəm ki, az təsir edir. Valideynlər gözlənilən təhlükəni anlamaq istəmirlər və savadsızcasına «neçə ildir uşaq bunları yeyir, heç nə olmayıb…» deyirlər. Daha başa düşmək istəmirlər ki, məsələ uşağın sağlam inkişaf etməsindən gedir, indi görünməyən, hiss olunmayan fəsadlar uşaq böyüdükcə, yetkinlik yaşına çatdıqca özünü göstərməyə başlayacaq.

Bu gün mədə-bağırsaq problemi, maddələr mübadiləsi pozğunluğu, köklük, piylənmə, bundan irəli gələrək damar tutulmaları, ürək-damar xəstəlikləri, onkoloji xəstəliklərlə baş-başa qalanlar nə vaxtsa qeyri-sağlam qidalananlardır. Şirniyyat məmulatlarından çox istifadə birinci növbədə uşaqlarda mədə-bağırsaq pozğunluğu, iştahsızlıq, allergik reaksiyalar törədir. Mədəaltı vəzin normal fəaliyyətini pozur. Ürək-damar sisteminin normal işləməsini əngəlləyir. Onkoloji xəstəliklərin – bədxassəli şişlərin yaranmasını stimullaşdırır, uşaqlar fiziki inkişafdan geri qalır, yaddaş pozğunluğu yaşayırlar. Uşaqlarda evdə bişirilmiş yeməklərdən imtina sindromu formalaşır.

Bunun bir günahı da valideynlərdədi. Ana uşağı yanına alıb aparır, kafeyə, uşağın qarşısına fəst-fud, çips, «cola» qoyur, şəklini də çəkib sosial şəbəkədə paylaşır; ana və toppuş uşaq!.. Başqası da bunu görür, eyni hərəkəti o da təkrarlayır. Beləcə fəst-fudlar üçün ağılsız müştərilər tapılır.

V.Qarayev bildirdi ki, sağlam qidalanma istiqamətində çox ciddi maarifləndirmə işləri aparılmalıdır. Amma heç bir iş görülmür. Əksinə, fəst-fudlar, çipslər, tərkibində kimyəvi qatqılar olan qidalar daim reklam edilir:

- Avropanın bir sıra ölkələrində fəst-fudlar, çipslər və enerji içkiləri artıq qadağan edilib. O ölkələrdə anlayırlar ki, bu qidalar gələcək nəslin sağlamlığını təhdid edir. Biz isə bir sıra lazım olmayan məsələlərdə az qala Avropanı ötüb keçirik. Amma cahillik baş alıb gedir. Valideynlərə həmişə məsləhət edirəm ki, şirniyyatları, peçenyeləri özünüz evdə hazırlayın. Qoy pis olsun, yaxşı alınmasın, eybi yoxdur, əvəzində uşağınız ev yeməklərinə, sizin bişirdiyiniz yeməklərə alışacaq. Evdə hazırlayanda bilirsiniz tərkibinə nə vurursunuz, necə bişirirsiniz. Nə görmüsünüz hazır qidalarda, un məmulatlarında?! Analar da tənbəlləşib, yemək bişirməyə ərinirlər. Hamı kafe-restoran, «Macdonalds» «aşiqi» olub. Çünki bu şəbəkələr insanları cəlb etməyin «elmini» öyrəniblər. Uşaqlara rəngli şarlar paylayırlar. Bir dəfə gələn uşaq bir də getmək istəyir ki, nə var, şar verəcəklər ona.

Pediatr qeyd etdi ki, şirniyyatdan az istifadə tövsiyə edilirsə, bu, şəkərdən tamamilə imtina kimi başa düşülməməlidir:

- Qızıldan da qiymətli hikmətli ifadə var: Dahi Nizami yazır ki, bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir o da. Şəkər də belədir, ümumiyyətlə, bütün digər qidalar da. Hər bir qidanın qəbulunda yaş dövrü və qədəri mütləq nəzərə alınmalıdır. Məktəb yaşlı uşaqlar səhər yeməyini mütləq yeməlidir. Bir fincan şirin çay mütləq içilməlidir. Çünki mədə boş olmamalıdır, beyin qidalanmalıdır. Şirin çay beynin qidalanmasını təmin edir. Amma bir fincan şirin çaydan sonra əgər valideyn uşağın cibinə 1-2 dənə də əlavə şokolad qoyub məktəbə yola salırsa, bu, artıq şəkər yükünün çoxalmasıdır və orqanizmdə bayaq dediyim fəsadlara yol açacaq, beyni qidalandırmaq əvəzinə, əksinə, kirəcləşdirəcək. Yaşlı insanlara isə şəkərdən az istifadə məsləhət görülür.

Orqanizm zəiflədiyindən aşırı şəkər damar tutulmalarına, ürək-damar sisteminin fəaliyyətinin pozulmasına gətirib çıxara bilər. Mən əhalini çox da qınamıram. Nə satılırsa, bizə bazarlarda, marketlərdə nə təklif edilirsə, onu alırıq. Amma əhali çalışsa, doğru yolu tapar. Lazımdı ki, gedib marketdən geni dəyişdirilmiş meyvə-tərəvəz alsınlar? Həmişə deyirəm ki, çalışın, yerli, öz torpağımızda becərilmiş meyvələrdən alın. Qoy çürük olsun, qırışmış olsun, amma öz meyvəmiz olsun. Bizim genefondumuz öz torpağımızda yetişən meyvələrdədir. Genetik kodlar yerli meyvə-tərəvəz, yerli qidalar vasitəsilə insana ötürülür. Geni dəyişmiş meyvələrdən yedikcə özümüz də dəyişib başqalaşırıq.

Saglamolun.Az




loading...

Usaqlıq boynu eroziyası və xərçəngi