Sidiyin ümumi analizi hansı xəstəliklərə işarə edə bilər

Sidiyin ümumi analizi üçün səhər ilk sidik (100-200 qr həcmində) təmiz və quru qaba yığılır.

Hal hazırda apteklərdə sidiyin yığılması üçün xüsusi birdəfəlik konteynerlər satılır, həmçinin belə konteynerlər müasir laboratoriyalarda xəstələrə verilir. Sidiyin yığılmasından əvvəl xarici cinsiyyət orqanları axar su ilə yuyulmalıdır. Bəzi hallarda sidik kateterlə götürülür.

Sidiyin ümumi analizi zamanı sidiyin rəngi, şəffaflığı, sidikdə bəzi maddələrin (zülal, qyükoza, hemoqlobin, bilirubin) və hüceyrələrin (leykositlər, eritrositlər və s.) olub-olmaması təyin olunur.  

1. Sidiyin həcmi

Saglamolun.az bildirir ki, sidiyin ümumi analizində bu böyük əhəmiyyət daşımır.

2. Sidiyin rəngi

Normada sidiyin rəngi sarı olmalıdır. Sidiyin rənginə bəzi dərmanların qəbulu təsir edə  bilər. Bu səbəbdən sizə sidik analizi təyin olunubsa, müalicə həkiminizə hal hazırda qəbul etdiyiniz dərmanlar haqqında məlumat verin.

Sidiyin rəngi tünd "pivə rəngi" olduqda, bu qara ciyər xəstəliklərinin əlaməti ola bilər. "Ət suyu" rəngində olan sidik böyrək xəstəliklərinin əlaməti ola bilər.

3. Sidiyin şəffaflığı

Normada təzə sidik şəffaf olmalıdır. Lakin bəzən sidiyin şəffaflığı pozulur və sidik bulanıq olur. Bunun səbəbi sidikdə eritrositlərin, leykositlərin, bakteriyaların, duzların olması ola bilər.

4. Sidiyin iyi

Təzə sidik, praktiki olaraq, iysizdir.

Bəzi xəstəliklər və pozulmalar zamanı sidiyin iyi dəyişilir. Belə ki, sistit zamanı sidikdən  ammoniak iyi gəlir.

Sidik yollarında, sidik kisəsində qanqrenoz (çürümə) prosesləri getdikdə sidikdən çürük iyi gəlir.

Dəyməmiş alma və ya meyvə iyinin olması diabet xəstəliyinə xas olan əlamətdir.

Həmçinin sidiyin iyinə bəzi qidaların qəbulu (məsələn, sarımsaq) təsir edir.

5. Sidikdə zülalın olması

Normada sidikdə zülal olmamalıdır. Sidikdə zülalın aşkar olunması ciddi böyrək xəstəliklərinin əlamətidir.

Bəzən sidikdə zülal deyil, zülalın izləri tapılır. Bu halda insan daha dərin müayinə olunmalıdır.

6. Keton cisimləri

Keton cisimləri sidiyin ümumi anlizində aşkar olunmamalıdır.

7. Bilirubin

Normada bilirubin sidikdə olmamalıdır. Bilirubin virus hepatitləri, mexaniki sarılıq, qara ciyər sirrozu, xolestaz zamanı aşkar olunur.

8. Hemoqlobin

Normada hemoqlobin sidikdə təyin olunmamamlıdır. Sidikdə hemoqlobinin olması eritrositlərin parçalanmasına işarə edə bilər.

9. Eritrositlər

Normada sidikdə eritrositlər, praktiki olaraq, olmamalıdır (görmə sahəsində - 1-2). Eritrositlərinin sayının artması sidik yollarında qanaxmanın, şişlərin, böyrək daşı xəstəliyin, sidik sistemi iltihabların, qırmızı qurd eşənəyi xəstəliyinin, qanın laxtalanma sisteminin pozulmalarının, zəhərləmənin simptomu ola bilər. Bu halda daha dərin müayinə tələb olunur.

10. Leykositlər

Normada sağlam qadında görmə sahəsində 5, kişidə - 3 leykosit təyin oluna bilər. Leykositlərin sayının artması sidik sistemində olan müxtəlif iltihabların əlamətidir.

11. Epiteli hüceyrələri

Epiteli hüceyrələri sidikdə əksər hallarda tapılır. Normada onların sayı görmə sahəsində 10-dan çox olmamalıdır.

12. Silindrlər

Normada sidikdə silindrlər aşkar olunmamalıdır. Sidikdə silindrlərin olması böyrəklərin zədələnməsinə işarə edir. Bu böyrək xəstəlikləri (nefrit, nefroz), infeksion xəstəliklər, böyrəklərdə durğunluq zamanı, asidoz zamanı mümkündür.

13. Duzlar

Sidikdə duzların olması böyrək daşı xəstəliyinə meyillik kimi qiymətləndirilə bilər.

14. Bakterilər

Normada sidikdə bakterilər olmur və ya az miqdarda təyin olunur. Sağlam insanda sidik böyrəklərdə və sidik kisəsində sterildir (bakterilər yoxdur). Bakterilər (az miqdarda!) sidiyə uretradan keçdikdə düşə bilər. Bu səbəbdən sidikdə bakterilərin çox olması sidik yollarının infeksiyalaşmasının əlamətidir.

Saglamolun.Az