ARAŞDIRMA
Yeni elmi araşdırmalar sübut edir ki, evdə pişik saxlamaq təkcə emosional rahatlıq deyil, həm də ürək-damar sağlamlığı üçün ciddi faydalar gətirir. “Journal of Vascular and Interventional Neurology” jurnalında dərc olunan tədqiqata əsasən, pişik sahiblərində infarkt və insult nəticəsində ölüm riski pişik saxlamayan insanlara nisbətən aşağıdır.
Mütəxəssislər bildirir ki, pişiklərin sakitləşdirici təsiri və stressi azaltmaq qabiliyyəti ürək-damar sisteminə müsbət təsir göstərir. Onların müşahidəsinə görə, pişiyi qucaqlamaq, sığallamaq və ya sadəcə onun mırıldanmasını dinləmək insanın əsəblərini sakitləşdirir, təzyiqi və nəbzi normallaşdırır. Tədqiqat ABŞ-ın Milli Səhiyyə və Qidalanma Araşdırması çərçivəsində aparılıb. Alimlər minlərlə iştirakçının məlumatlarını təhlil edərək yaş, cins, təzyiq, siqaret çəkmə, şəkərli diabet və xolesterin kimi amilləri nəzərə alıb. Məlum olub ki, keçmişdə pişik saxlayanlarda ürək-damar xəstəliklərindən ölüm halları daha az müşahidə olunur.
Pensilvaniya Universitetində aparılan əlavə araşdırma da bu nəticələri təsdiqləyib. 13 il ərzində 4435 nəfərin sağlamlıq göstəriciləri izlənilib və məlum olub ki, pişiklərlə böyüyən və ya uzun müddət pişik saxlayan insanlar infarktdan ölüm riskinə daha az məruz qalırlar.
Saglamolun.Az



















