Nəyə görə 2-ci dil öyrənmək vacibdir? - BU XƏSTƏLİKDƏN QORUYUR

 

Erkən və orta yaşlarda ikidilliliyin qocalıqda koqnitiv sağlamlığa müsbət təsiri var. Bununla bağlı Almaniyada yeni araşdırma aparılıb.

Tədqiqat zamanı məlum olub ki, yeniyetməlik vaxtlarından gündəlik həyatda ikidilli danışanlar öyrənmə, yaddaş, dil və iradə gücünə nəzarət baxımından yaddaş testlərində monodillilərə nisbətən daha yüksək nəticə əldə ediblər.

Yeni araşdırma 59-76 yaş arası 46 nəfər üzərində aparılıb.

Bütün könüllülər lüğət, yaddaş, diqqət və hesablama üzrə bir sıra testlərdən keçiblər. Bu testlərdə iştirakçılardan əvvəllər qeyd olunan obyektləri yadda saxlamaq, sözləri geriyə doğru yazmaq, üç hissəli əmrləri yerinə yetirmək və onlara təqdim olunan nümunələri köçürmək kimi müxtəlif tapşırıqları yerinə yetirmələri istənilib.

13 ilə 30 yaş arasında və ya 30 ilə 65 yaş arasında hər gün ikinci dildən istifadə edən könüllülər dil, yaddaş, diqqət və qərar qəbul etmə qabiliyyətlərində bu yaş aralığında ikidilli danışmayanlara nisbətən daha yüksək nəticə göstəriblər.

Neyroloqların fikrincə, ikidilli insanlar iki dil arasında sərbəst şəkildə keçid edə bildiklərinə görə, onlarda demensiya riski də aşağı olur.

“Neurobiology of Aging” jurnalında dərc edilən araşdırmanın nəticəsinə əsasən, iki dildəm sərbəst danışa bilən insanlarda yaşlandıqda daha az demans və koqnitiv geriləmə müşahidə edilə bilər.

Sevinc Hüseynova

 

Saglamolun.Az