İnsan ömrünün üçdə biri yuxuda keçir – TƏXMİNƏN 20 İL

Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, həyatımızın təxminən üçdə biri yuxuda keçir və bu, orta hesabla ən azı iki on illik deməkdir.

Yuxu zamanı bədən tamamilə hərəkətsiz olsa da, beyin işləməkdə davam edir. O, gün ərzində alınan müxtəlif informasiyaları, necə deyərlər, yerbəyer edir, lazım olmayanı unudur.

Yuxu orqanizmin xüsusi vəziyyətidir. Yuxu zamanı gün ərzində orqanizmin itirdiyi enerji bərpa olunur və əsəb sistemi nizama düşür, gümrahlıq hissi yaranır. Məhz onun sayəsində növbəti gün üçün toparlanmaq mümkündür.

Mütəxəssislərin tövsiyələrinə əsasən, yatmazdan qabaq bir neçə sadə qaydaya əməl etmək lazımdır. Yuxudan əvvəl alkoqol və tərkibində kofein olan məhsulları qəbul etmək əsəb sisteminə mənfi təsir göstərir. Axşam yeməyindən sonra yatana qədər 4 saata yaxın vaxt keçməlidir.

Həkimlər pis yuxunu gələcəkdə insult, infarkt, hipertoniya və digər ciddi xəstəliklərə doğru addım hesab edirlər. Eyni zamanda, normal yuxu ürək-damar və bir çox başqa xəstəliklərin, həmçinin piylənmənin profilaktikası üçün təsirli vasitələrdən biridir. Mütəxəssislər iddia edirlər ki, doyunca yatmamaq nəinki işgüzarlıq keyfiyyətini aşağı salır, həm də əsəb gərginliyinə aparıb çıxarır.

Lakin çox yatmaq heç də az yatmaqdan az zərərli deyil. Alimlərin fikrincə, normal yuxu müddəti sutkada 7-8 saat təşkil etməlidir. Bəzi mütəxəssislər qadınların emosional olduğuna görə onlara daha çox yuxu lazım olduğunu hesab edirlər. Uşaqlara isə orqanizmin normal fəaliyyəti üçün sutkada ən azı 10 saat yatmaq lazımdır. Tam normal yuxu onlarda diqqətsizlik təzahürlərini azaltmağa və davranışı yaxşılaşdırmağa kömək edir.

 

Saglamolun.Az