Hamiləliyin 1-ci ayında (1-4-cü həftələr) nə baş verir?

Bütün dünyada mama-ginekoloqlar hamiləliyin müddətini hesablayanda hesablamanı son menstruasiyanın birinci günündən başlayır.

Bunun səbəbi nədir? Hamiləlik ovulyasiyadan (yumurtalıqdan yumurta hüceyrəsinin çıxaması anı) sonra baş verə bilər. Ovulyasiya menstrual dövrünün təxminən ortalarında baş verir. Yumurtalıqdan çıxan hüceyrə 24 saat ərzində yaşayır və bu müddət ərzində spermatozoid tərəfindən mayalana bilər. Ovulyasiyanın dəqiq vaxtını təyin etmək olduqca çətindir. Bu səbəbdən hamiləliyin başlanğıcı menstruasiyanın ilk günündə hesablanır.

Hamiləliyin 1-ci ayında qadın orqanizmində çox ciddi hormonal dəyişikliklər baş verməyə başlayır - proqesteron, estradiol və testosteron hormonlarının səviyyəsi kəskin artır. Hamiləliyin əsas hormonu sayılan xorionik honadotropinin səviyyəsi hər 2 gündən bir 2 dəfə artır. Hamiləlik testləri məhz bu hormonun sidik və ya qanda aşkar olunmasına əsaslanır.

Hamiləlik zamanı hormonal disbalans hamiləliyin pozulmasına və ya inkişafdan qalmasına səbəb ola bilər.  

Hamiləliyin əsas əlaməti menstruasiyanın gecikməsidir. Gecikmənin 1-ci günündən başlayaraq hamiləlik testindən istifadə etmək olar.

Hamiləliyin 1-ci ayında qadınlarda digər hamiləlik simptomları da meydana çıxmağa başlayır:

- ürəkbulanması və qusma

- yorğunluq

- yuxululuq

- əsəbilik

- emosional vəziyyətin dəyişkən olması

- süd vəzilərinin həssaslığının artması

- sidik ifrazının artması və s.

İlk USM hamiləliyin 21-ci günündən tez olmayaraq keçirilir. Bu zaman uşaqlıqdan kənar hamiləliyi istisna etmək mümkün olur.

Hamiləliyin 1-ci ayında embrion daim inkişaf edir - xorion (gələcək cift) formalaşmağa başlayır, ürək, sinir sistemi, onurğa sütununun təməli goyulur. Məhz bu səbəbdən ilk ay çox təhlükəli sayılır  ki, müxtəlif mənfi təsirlər (bəzi dərmanların qəbulu, şüalanma, ziyanlı vərdişlər, ağır fiziki iş və s.) embrionun həlak olmasına və ya embrionda qüsurların inkişafına səbəb ola bilər.  

Bütün dünyada ginekoloqlar hamiləliyin ilk ayından fol turşusunu qəbul etməyi tövsiyə edirlər. Hamiləlik zamanı fol turşusunun qəbulu döldə inkişaf qüsurlarının əsas profilaktik tədbiri sayılır.

Saglamolun.Az