Koronavirusun əsas simptomlardan biri KT zamanı ağciyərdə görünən “buzlu şüşə” effektidir. Niyə məhz “buzlu şüşə”?
Saglamolun.az bildirir ki, əslində bu termin heç də yeni deyil və sırf koronavirusla da bağlı deyil. Bu termini rentgenoloqlar çoxdan fikirləşib. “Buzlu şüşə” dedikdə ağciyərin toxumasının şəffaflığının azalması nəzərdə tutulur.
Ağciyərin əsas strukturları olan alveollar (kiçik qabarcıqlar) normada hava ilə doludur. Bu səbəbdən sağlam insanın ağciyərinin toxuması şəffafdır və KT-də qara rəngdə görünür.
Ağciyərin alveollarında müxtəlif səbəblərə görə hava deyil, maye olanda şəffaflıq pozulur və bulanıq əmələ gəlir. Məhz bu bulanığı həkimlər “buzlu şüşə” və ya “mat şüşə” adlandırırlar.
"Buzlu şüşə" əvvəl ağciyərin müxtəlif hissələrində ayrı-ayrı ləkələr kimi görünür. Xəstəlik inkişaf etdikcə bu "ləkələr" böyüyür, ağciyərin böyük hissəsini tutur və nəticədə ağciyər öz funksiyasını yerinə yetirə bilmədiyi üçün xəstə süni tənəffüs və ya EKMO aparatına qoşulur. Bu prosess aşağıdakı VİDEO-da göstərilib. Diqqətinizə çatdıraq ki, bu yalnız koronavirusun ağır gedişatı zamanı baş verir.
Yeri gəlmişkən ağciyərdə “buzlu şüşə” simptomu tək koronavirus zamanı deyil, ürək çatışmazlığı, digər səbəblərlə bağlı olan iltihablar, ağciyər ödemi zamanı da müşahidə olunur.
Saglamolun.Az