80. Əbəsə surəsi

Əbəsə (Qaşqabağını tökdü) surəsi

(Məkkədə nazil olmuşdur, 42 ayədir)

Mərhəmətli, rəhmli Allahın adı ilə!
1 - (Peyğəmbər) qaşqabağını töküb üzünü çevirdi.
2 - Yanına korun (Abdullah ibn Ümmi-Məktumun) gəlməsindən dolayı.
3 - Nə bilirsən, bəlkə də, o (səndən islama dair soruşub öyrənəcəkləri ilə) təmizlənəcəkdir!
4 - Yaxud öyüd dinləyəcək və bu öyüd ona fayda verəcəkdir!
5 - (Var dövlətinə güvənib sənin öyüd-nəsihətinə qulaq asmağa) ehtiyac hiss etməyənə (dövlətliyə) gəldikdə,
6 - Sən üzünü ona tərəf çevirirsən (onun sözünə qulaq asırsan).
7 - Onun (küfrdən) təmizlənməsindən sənə nə?!
8 - Yüyürə-yüyürə sənin yanına gələn
9 - Və (Allahdan) qorxan kimsəyə gəldikdə isə,
10 - Sən ondan üz çevirirsən!
11 - Xeyr! (Belə yaramaz, bir daha belə etmə). Həqiqətən, bu (ayələr) bir öyüd-nəsihətdir.
12 - Kim istəsə, ondan öyüd alar.
13 - (Bu Quran Allah dərgahında) çox möhtərəm (mötəbər) səhifələrdə -
14 - (Qədir-qiyməti) yüksək (şanı uca), tərtəmiz səhifələrdədir (Şeytan onlara toxuna bilməz).
15 - (O, Allahla peyğəmbərlər arasında olan) elçi mələklərin əlləri ilə (lövhi-məhfuzdan köçürülür, yaxud o, elçi mələklərə etibar edilmişdir).
16 - (O mələklər ki, Allahın yanında) çox möhtərəm, (Allaha) çox mütidirlər.
17 - Ölsün (kafir) insan! O nə nankordur!
18 - (Bu təkəbbür onda hardandır? Allah) onu hansı şeydən yaratdı?
19 - (Allah onu bir qətrə dəyərsiz) nütfədən yaratdı, ona biçim verdi.
20 - Sonra onun üçün (ana bətnindən çıxış) yolunu asanlaşdırdı.
21 - Sonra onu öldürüb qəbrə qoydu.
22 - Sonra da istədiyi vaxt onu dirildəcəkdir.
23 - Xeyr, (insan Allahın) ona buyurduğunu hələ yerinə yetirməmişdir.
24 - İnsan hələ bir yeməyinə baxsın! (Görsün ki, ona necə ruzi verdik).
25 - Həqiqətən, Biz yağışı bol yağdırdıq.
26 - Sonra yeri gözəl yaratdıq (yaxşı yardıq),
27 - Belə ki, orada dən (dənli bitkilər) göyərtdik;
28 - Üzüm və yonca;
29 - Zeytun və xurma (bağları);
30 - (Ağacları bir-birinə) sarmaşan bağçalar;
31 - (Növbənöv) meyvələr və ot (ələf) yetişdirdik.
32 - (Bütün bunlar) sizin və heyvanlarınızın istifadəsi üçündür!
33 - Nəhayət, qulaqları kar edən (o dəhşətli səs) gələndə (İsrafil surunu çalanda);
34 - O gün insan qaçacaq öz qardaşından;
35 - Anasından, atasından;
36 - Zövcəsindən və oğullarından!
37 - O gün onlardan hər birinin istənilən qədər işi olacaqdır! (Hər kəs öz hayında olacaq, heç kəs heç kəsin halından xəbər tutmayacaqdır).
38 - O gün bir çox üzlər parlayacaq,
39 - Güləcək, sevinəcəkdir.
40 - O gün bir çox üzlərə isə toz-torpaq qonacaq,
41 - Onları zülmət (yaxud his) bürüyəcəkdir.
42 - Onlar (pis əməllərə uyan) kafirlər, pozğunlardır!

Saglamolun.Az