92. əl-Leyl surəsi

əl-Leyl (Gecə) surəsi

(Məkkədə nazil olmuşdur, 21 ayədir)

Mərhəmətli, rəhmli Allahın adı ilə!

1 - And olsun (aləmi zülmətə) bürüməkdə olan gecəyə;
2 - And olsun işıqlanmaqda olan gündüzə;
3 - And olsun kişini və qadını (erkəyi və dişini) yaradana ki,
4 - Sizin zəhmətiniz (ey insanlar!) cürbəcürdür! (Bəziniz Cənnət üçün, bəziniz isə Cəhənnəm üçün çalışırsınız).
5 - Kim (malını Allah yolunda) versə, (Allahdan) qorxsa,
6 - Və ən gözəl sözü (la ilahə illallah kəlməsini) təsdiq etsə,
7 - Biz ona ən asan olanı (Cənnəti) müyəssər edəcəyik!
8 - Amma kim (malını Allah yolunda xərcləməyə) xəsislik etsə, (mal-dövlətinə güvənib Allaha) möhtac olmadığını sansa,
9 - Və ən gözəl sözü (la ilahə illallah kəlməsini) yalan saysa,
10 - Biz ona ən çətin olanı (Cəhənnəmi) müyəssər edəcəyik (onu Cəhənnəm üçün hazırlayacağıq!)
11 - (O, Cəhənnəmə) düşəcəyi zaman mal-dövləti ona heç bir fayda verməz.
12 - Bizim öhdəmizə düşən yalnız doğru yolu göstərməkdir! (Mömin və ya kafir olmaq isə hər kəsin öz işidir).
13 - Axirət də Bizim, dünya da Bizimdir!
14 - (Ey insanlar!) Mən sizi alovlanan bir atəşlə qorxutdum.
15 - Ora ancaq azğın (kafir) daxil olar.
16 - O kimsə ki, (haqqı) yalan sayar, (imandan) üz döndərər!
17 - Allahdan qorxub pis əməllərdən çəkinən isə ondan uzaqlaşdırılar (nicat tapar).
18 - O kimsə ki, malını (Allah yolunda) verib (günahlardan) təmizlənər,
19 - O şəxsin boynunda heç kəsin bir minnəti (neməti) yoxdur ki, onun əvəzi verilsin (etdiyi yaxşılıq ona əvəz olsun; və ya: o, etdiyi yaxşılıq müqabilində heç kəsdən bir mükafat gözləməz).
20 - O ancaq ən uca olan Rəbbinin rizasını qazanmaq üçün belə edər.
21 - And olsun ki, o (öz Rəbbindən Cənnətdə ona verəcəyi nemətlərə görə) razı olacaqdır!

Saglamolun.Az