22 May bir çox qurum və təşkilatlar tərəfindən “Avropa Obez Günü” kimi qəbul edilib. Artıq çəki, köklük bir çox xəstəliyin yolunu açan ciddi problemdir. Amma artıq çəki problem olan insanların əksəriyyəti, sırf bunun üçün həkimə, müalicəyə getmirlər.
Məsələn, yuxu apnesi yuxu zamanı tənəffüs pozğunluğudur. Obez insanlarda ümumi bir problemdir. Apne tənəffüsün dayanması, yəni nəfəs ala bilməmək deməkdir. Yuxu apnesi olan insan bütün gecə yuxuda boğulurmuş kimi səslər çıxarır. Bəzən nəfəsi dayanır, sonra yenidən xırıltılı nəfəs almağa başlayır. Yanında yatmağa çalışan insanı narahat edən bu vəziyyət yuxu apnesi olan şəxsin ertəsi gün yorğun, əsəbi və yuxusuz hiss etməsinə səbəb olur. Belə insanlar keyfiyyətli yuxu görmədikləri üçün diqqəti cəmləməkdə çətinlik çəkirlər. Yuxu apnesi də hipertoniya və ürək aritmiyalarına meyl yaradır.
Piylənmə zamanı tez-tez rast gəlinən insulin müqaviməti qısa müddətdə diabetin inkişafına səbəb ola bilər. Bu zaman qanın tərkibində balanssızlıq yaranır. Metabolik sindrom dediyimiz, digər risk faktorlarının da birlikdə irəlilədiyi vəziyyət ürək-damar xəstəliyi riskini yüksəldir. Menstruasiya pozuntuları, hormonal disbalans və hamiləlik fəsadları da obez qadınlarda daha çox rast gəlinir.
Əzələ-hərəkət sistemindəki problemlər, omba, diz oynaqları və onurğa problemləri artan çəki ilə daha çox müşahidə edilir. Bəzi xərçəng növlərinin, o cümlədən qadınlarda öd kisəsi, uşaqlıq yolu, yumurtalıq və süd vəzi xərçəngi, kişilərdə isə bağırsaq və prostat xərçənginin piylənmə ilə əlaqəli olduğu sübut edilib. Bundan başqa qaraciyər və öd kisəsi xəstəlikləri də kök insanlarda daha çox rast gəlinir. Həddindən artıq çəki dayaq-hərəkət sistemində, eləcə də ürək və ağciyərlərdə gərginlik yaradır.
Mütəxəssislər piylənmədən qurtulmağın yolunu az yemək və daha çox kalori sərf etməkdə görürlər. Onların fikrincə, artıq çəkidən əziyyət çəkən insanlar ilk olaraq daha çox hərəkət etməlidir.
Bundan əlavə, bəzi hormonal amillər də vacibdir. Piylənmənin müalicəsini planlaşdırarkən bunlar da nəzərə alınmalıdır. Leptin bədənimizdəki yağ toxumalarından istehsal olunan bir zülaldır və beyinə siqnallar göndərərək, insanın tox olduğunu başa düşməsini təmin edir. Bu kimi zülallar piylənmə problemində mühüm rol oynayır.
medicalmedia.az
Saglamolun.Az