Quduzluq və onun müalicəsi yolları

Quduzluq virusu quşlarda və heyvanlarda müxtəlif patologiyalar yarada bilmək bacarığı ilə onlar üçün çox təhlükəlidir.

Təbiətdəki maddələr dövranı sayəsində mövcud olan bu virus istiqanlı canlı orqanizmlərin köməyi ilə yayılır. İnsan bu virusa çox vaxt itlərdən, bəzən pişiklərdən (həm ev, həm də sahibsiz), onlar isə vəhşi heyvanlardan yoluxur.

Azertag.az “AyZdorov.ru” saytına istinadla xəbər verir ki, yoluxma çox vaxt xəstə heyvanın dişləməsi zamanı onun tüpürcəyi vasitəsilə baş verir. Bu baxımdan başın, əl və qolların zədələnməsi xüsusilə təhlükəlidir. Dişləmələrin sayı nə qədər çoxdursa, yoluxma riski bir o qədər yüksəkdir. Xəstəliyin ən qızğın dövrü yaz və yay fəsillərinə təsadüf edir. Xəstəliyin əlamətləri özünü büruzə verəndə insan öz davranışına nəzarəti itirir və başqaları üçün təhlükə mənbəyinə çevrilir.

Amma tibbi yardıma vaxtında müraciət edəndə və vaksinasiya kursu keçəndə quduzluğa yoluxma hallarının çoxunun qarşısı alınır.

Bu xəstəliyin inkubasiya dövrü həm qısamüddətli (9 gün), həm də uzunmüddətli olub 40 günədək davam edə bilər. Virus sifəti, boyunu, biləkləri dişləmək yolu ilə orqanizmə daxil olursa, xəstəlik sürətlə inkişaf edir. Qeyd edək ki, böyüklərə nisbətən uşaqlarda xəstəliyin gedişatı daha sürətli olur.

Müasir vaksinlər xəstəliyin müalicəsində çox səmərəli olduğu üçün aşkar kliniki quduzluq əlamətləri olan xəstələr hazırda nadir hallarda müraciət edirlər.

İnsanlar quduzluğa çox vaxt elementar biliklərinin olmaması, habelə öz sağlamlıqlarına biganə yanaşmaları səbəbindən yoluxurlar. Yoluxmadan sonra orqanizmdə aşağıdakı proseslər baş verir: virus onurğa beyinə və baş beyinə daxil olur, oradakı hüceyrələri məhv edir, sinir sisteminin sıradan çıxması isə ölümlə nəticələnən bir sıra əlamətlər doğurur və bu əlamətlər xəstələrin hamısında eyni olur. Qanda limfositlərin səviyyəsi artır, eozinofillər tamamilə yox olur, buynuz təbəqəsinin səthindən götürülən yaxma orqanizmə düşən infeksiyanın əmələ gətirdiyi anticisimlərin olduğunu göstərir.

Virus 30 gündən 90 günədək müddətdə orqanizmdə əlamətsiz mövcud ola bilər. İnkubasiya dövrü nadir hallarda ya 10 gün çəkir, ya da bir ilə qədər uzanır. Onun davamiyyəti bədənin hansı nahiyəsinin zədələnməsindən asılıdır. Virusun baş beyinə gedib çatması yolu nə qədər uzundursa, insan zahirən bir o qədər sağlam görünür.

Xəstəlik hər biri müxtəlif əlamətlərlə özünü büruzə verən 3 inkişaf mərhələsindən keçir. Xəstəliyin 24 saatdan 3 günədək davam edən ilkin mərhələsi üçün aşağıdakı əlamətlər səciyyəvidir: əvvəlcə xəstəni bilavasitə yaranın özü narahat edir, yara hətta sağalsa belə, yeri göynəməyə və sızıldamağa başlayır, dəri həssaslaşır, yaranın yeri iltihablanır və şişir. Bədənin temperaturu 37,3 dərəcədən çox olmur, amma 37 dərəcədən də aşağı düşmür. Baş ağrıları başlayır, süstlük yaranır, xəstənin ürəyi bulanır və o, qusmağa başlayır. Sifət nahiyəsi zədələnibsə, onda iybilmə və görmə hallüsinasiyaları yaranır. Xəstəni əslində mövcud olmayan qoxular və qarabasmalar təqib etməyə başlayır. Psixi problemlər yaranır. Xəstə depressiyaya düşür, səbəbsiz yerə qorxmağa başlayır, bəzən həddindən artıq əsəbi olur, hər şeyə laqeyd olur, özünə qapanır, iştahası küsür, yuxusu pozulur, dəhşətli yuxular görür.

Oyanma mərhələsi adlanan və 2 gündən 3 günədək davam edən növbəti mərhələ üçün aşağıdakı xüsusiyyətlər xarakterikdir: sinir sistemi zədələndiyi üçün sinir sisteminin reflektor fəaliyyətinin oyanması güclənir, vegetativ sinir sisteminin tonusu üstünlük təşkil edir. Hidrofobiyanın inkişafı xəstəliyin şiddətlənməsinin aşkar əlamətidir. Yoluxmuş adam bir qurtum maye içəndə belə onda spazma yaranır. Tənəffüs və udma əzələləri spazmaya məruz qalır, qusma yaranır. Xəstəlik şiddətləndikcə xəstədə axan suyun səsinə və hətta onun görünüşünə qarşı spazmalar yaranır. Xəstə zorla nəfəs alır, sifətində qıcolma əlamətləri müşahidə olunur. Parlaq işıq, külək və ya yel, uca səs xəstədə qıcolma yaradır və o, qorxmağa başlayır. Onun bəbəkləri genişlənir, gözləri hədəqəsindən çıxır, baxışları bir nöqtəyə zillənir, nəbzi tezləşir, güclü tərləyir, ağzının suyu durmadan axır və getdikcə daha da çoxalır. Psixi pozulmalar şiddətlənir, xəstə quduzlaşır və özünü o qədər aqressiv və azğın aparır ki, ətrafdakılara hücum çəkir, onları dişləməyə, əynindəki paltarları cırmağa, saçlarını yolmağa, özünü divara çırpmağa başlayır. Əslində xəstə onu təqib edən qorxunc obraz və səslərdən əziyyət çəkir. Tutma qızğın həddə çatanda xəstənin nəfəsi kəsilə, ürəyi dayana bilər. Tutma keçəndə isə o, özünü adekvat və sakit aparır, nitqi səlisləşir və məntiqli olur.

Xəstəliyin son fazası isə iflic dövrüdür. Hərəkət funksiyasının fəaliyyətdən düşməsi ilə müşayiət olunan bu dövr bir gündən çox çəkmir. Xəstənin həssaslığı pozulur, qıcolmalar və hallüsinasiyalar daha onu narahat etmir. Sadəcə müxtəlif əzələ qrupları və orqanlar iflic vəziyyətinə düşür. Zahirən insan sakit görünsə də, hərarəti 42 dərəcəyə qədər yüksəlir. Ürəkdöyünməsi güclənir, arterial təzyiqi isə düşür. Xəstə ürək əzələsinin, yaxud tənəffüs mərkəzinin iflic olması səbəbindən tələf olur.

Xəstəliyin ilk əlamətləri özünü büruzə verəndən sonra onun müalicəsi qeyri-mümkün olur. Həmin vaxtdan sonra həkimlər ancaq xəstənin əzablarını yüngülləşdirməyə, onu xarici qıcıqlandırıcıların təsirindən qorumağa çalışır, bədəninə opioid analgetiklər vururlar. Ağciyərin süni yolla təmizlənməsi xəstənin ömrünü uzatmağa kömək etsə də, ölüm labüd olur.

Beləliklə, quduzluğa yoluxmamaq üçün aşağıdakıları bilmək lazımdır: vaksin yana vurulmur! Vaksini uşaqların budunun bayır səthinə, böyüklərin və yeniyetmələrin deltaşəkilli əzələsinə vururlar. Standart doza 1 millilitrdir. Vaksinin təsiri 98 faizə çatır, ancaq birinci inyeksiyanı dişləmədən 2 həftə keçməmiş yeritmək lazımdır. Xəstənin birinci müraciətindən hətta aylar keçəndən sonra ona müalicə kursu təyin olunmalıdır. Peyvənddən sonra 14 gün ərzində virusa qarşı ilk anticisimlər yaranır. İnkubasiya dövrünün qısalması riski yarananda antirabik immunoqlobulin vurulur. Kurs başa çatanda insanda immunitet formalaşır və son inyeksiyadan 14 gün sonra işləməyə başlayır.

Xəstələrə müalicə dövründə və hətta 6 ay müddətində hər hansı spirtli içki içmək, ağır iş görmək, uzun müddət hamamda və saunada olmaq, özünü soyuğa vermək ciddi surətdə qadağandır. Çünki belə hallarda anticisimlərin əmələ gəlməsi zəifləyir, immunitet pisləşir. Əgər xəstə immunodepressantlarla, yaxud kortikosteroidlərlə paralel müalicə olunursa, anticisimlərin virusa nəzarəti təmin olunmalıdır. Yetərincə anticisim əmələ gəlmirsə, onda əlavə müalicə təyin olunmalıdır.


Saglamolun.Az

..........

Загрузка...
.


Загрузка...

Яндекс.Метрика