Qazanılmış immunodefisitlər - müxtəlif zərərli faktorların (bu barədə aşağıda oxuya bilərsiniz) təsiri altında həyat boyu istənilən şəxslərdə inkişaf edə bilər.
İlk dövrlərdə immunodefisiti olan şəxslərdə, sağlamlığın ümumi zahiri salamatçılığı (normallığı) fonunda tez bir zamanda yorğunluğun yaranması, zehni və fiziki gərginliklərin çətinliklə keçirilməsi, “xroniki yorğunluq sindromu” adalan halın olması, bəzi şəxslərdə çəkinin anlaşılmaz şəkildə artması, digərlərində isə azalması və digər bu kimi erkən “yüngül” əlamətlər qeyd edilə bilər.
İmmunodefisitin inkişaf etməsi baş verdikcə, xəstə özünün müxtəlif orqanlarında (bronxların, ağ ciyərlərin, burunun əlavə ciblərinin, mədə-bağırsaq traktının, sidik-cinsiyyət sisteminin, gözlərin, dərinin, yumşaq toxumaların) tez-tez təkrar olunan virus, bakterial, göbələk xarakterli infeksiyaların baş verməsindən əziyyət çəkməyə başlayır. Bu infeksiyalar həmçinin ümumi qəbul olunan müalicə sxemlərinə tabe olmayaraq xroniki formaya keçir. Məsələn, immunodefisiti olan şəxslərdə (böyüklərdə) soyuqdəymə xəstəliklərinin təkrar olunması tezliyi il ərzində 4 dəfədən artıq ola bilər. İmmunodefisiti olan şəxslərdə, həmçinin müxtəlif allergik, autoimmun və hətta onkoloji xəstəliklər də daha tez-tez inkişaf edir.
İmmun çatışmazlığının inkişaf etməsinin risk faktorları bunlardır:
- irsi meyillilik (yaxın qohumlarda ağır allergik, autoimmun, onkoloji xəstəliklərinin olması və ya erkən yaşlarında vəfat etməsi);
- uzun sürən müxtəlif ağır xroniki xəstəliklər (şəkərli diabet, qara ciyər və böyrək xəstəlikləri, bədxassəli şişlər və s.);
- radiasiyanın təsiri;
- qeyri-rasional qidalanma, aclıq, uzun müddət ərzində müxtəlif pəhrizləri saxlamaq;
- xroniki stresslər (fiziki və ya emosional);
- uzun müddət ərzində immunitetə mənfi təsir edən dərman preparatlarının (hormonal preparatlar, immunomodulyatorlar, sitostatiklər, antibiotiklər və s.) qəbul edilməsi;
- cərrahi müdaxilələr;
- peşə ilə əlaqədar olan zərərli faktorlar (ağır metal duzları, elektromaqnit dalğaları, rentgen şüaları ilə uzun müddət ərzində təmasda olmaq);
- zərərli adətlər (alkoqolizm, siqaret çəkmə, narkomaniya) və s.
İmmunitetin zəifləməsinin əsas əlamətləri:
- tez-tez baş verən soyuqdəymə xəstəlikləri (böyüklərdə il ərzində 4 dəfədən artıq; 5 yaşından yuxarı olan uşaqlarda il ərzində 4 dəfədən artıq; daha kiçik yaşda olan uşaqlarda isə il ərzində 6 dəfədən artıq sayda);
- soyuqdəymənin uzun müddət ərzində (bir xəstəliyin 2 həftədən artıq) davam etməsi;
- tez-tez baş verən stomatitlər və ağız boşluğunun digər xəstəlikləri – angina, laringit, faringit;
- residivləşən (təkrarlanan) frunkulyozun (çoxlu çiban çıxarma) olması;
- xroniki sinusitin, haymoritin, adneksitin, kolitin və s. xroniki xəstəliklərinin tez-tez kəskinləşməsi;
- sidik ifraz edən və cinsi yolların xroniki xəstəliklərinin davamlı keçməsi və müalicəyə çətinliklə tabe olması;
- tez-tez baş verən bronxitlər, pnevmoniyalar;
- dərinin irinli proseslərlə təkrar-təkrar zədələnməsi;
- dərinin və selikli qişaların herpes, göbələk, papilloma və ya kondilomalarla zədələnməsi;
- müxtəlif antigenlərə (toz, qida maddələri, yun və s.) qarşı, həm allergiyası olanlarda, həm də əvvəllər allergiyaya meyilli olmayanlarda tez-tez baş verən allergik hallar (üzdə və bədəndə səpgilər, allergik zökəm, öskürək, gözlərin selikli qişalarının qızarması, burunun selikli qişasının şişkinliyi və s.).
Sizdə bu əlamətlərin hamısı və ya bir hissəsi qeyd edilərsə, bu zaman özbaşına müalicəyə yox, həkimə müraciət etmək lazımdır.
İmmunodefisiti (immun çatışmazlığı) olan xəstələr həkim-immunoloqlar tərəfindən müalicə olunur. Həkim müayinəsi zamanı xəstədə immun çatışmazlığının olmasına şübhə yaransa, xüsusi analizlərin və laborator testlərin aparılması ilə immun sisteminin hazırkı vəziyyəti müəyyən edilir. İmmunoqramma – belə əsas müayinələrdən biridir.
İmmun status (immunoqramma) – immun sisteminin ayrı-ayrı elementlərinin (T- və B-limfositlər, NK-hüceyrələr, immunoqlobulinlər, leykositlər, monositlər) kəmiyyət və keyfiyyət xarakteristikasından ibarətdir. İnsanın ümumi vəziyyətindən asılı olaraq, immun statusunda müxtəlif dəyişikliklər baş verə bilər.
Həkim-immunoloq immunoqrammanın nəticələrinə baxıb, onları normativ göstəricilərlə müqayisə edirək, normaya uyğun olmayan - problemli sahələri aşkar edir. Əgər normadan fərqlənmə 10% olarsa, həyəcan üçün hələ ki, heç bir səbəb yoxdur. Normal göstəricilərdən 30%, 40%, 50% və daha çox fərqlənmə olarsa, bu, birmənalı olaraq immun sistemin fəaliyyətində qüsur olduğunu göstərir.
İmmunodefisit aşkar edildiyi halda nə etməli? Əlbəttə ki, bu halda dərhal müalicəyə başlamaq lazımdır. İmmunodefisitin müalicəsini yalnız həkim-immunoloq aparmalıdır. Bu vəziyyətdə özbaşına müalicə aparmaq yolverilməzdir, çünki əks halda bu “müalicənin” tamamilə əks-effekti baş verər – orqanizmin immuniteti daha da zəifləyə bilər.
Hal-hazırda immunitetin bərpa edilməsinin bir çox üsulları (müxtəlif dərman preparatları – natural və sintetik immunomodulyatorlar, lazer, ionizasiya və ultrabənövşəyi şüalanmalar, plazmoferez, gövdə və dendrid hüceyrələrinin transplantasiyası və s.) hazırlanmışdır.
Saglamolun.Az