Doğuşa yardımın əsas üsulları: epiziotomiya, dölün xaric edilməsi, doğuşun stimulyasiyası və doğuşun ağrısızlaşdırılması.
Epiziotomiya
Epiziotomiya dölün həyatı üçün təhlükə yarandığı halda və ya uşaqlıq yolunda gözlənilə bilən cırılmaların qarşısını almaq və doğuşun 2-ci dövrünün qısaldılması məqsədi ilə uşaqlıq yolu girəcəyində kəsiyin aparılmasıdır.
Epiziotomiya aşağıdakı hallarda tətbiq olunur:
- dölün başının ölçüləri çox olduqda və ya sağrı gəlişində;
- vaxtından qabaq baş verən doğuşlarda;
- hamilə qadın doğuş gücənmələrini tam şəkildə idarə edə bilmədikdə;
- uşaqlıq yolu girəcəyində dəri lazımi qədər dartılmadıqda.
Sancının kulminasiya həddində uşaqlıq yolunun aşağısında bir qədər yana olmaqla kəsik aparılır. Bəzən ağrıkəsici preparatın istifadə olunmasına da vaxt olmur; ancaq toxumaların xeyli dərəcədə dartılması səbəbindən qadın ağrını hiss etmir. Doğuşdan sonra bu nahiyyəyə tikişlərin qoyulması isə mütləq anesteziya tələb edir. Tikiş materialı bir müddətdən sonra öz-özünə sorulur.
Aparılan kəsik 10-14 gün ərzində sağalır. Narahatlıqlar bundan artıq müddət ərzində davam edərsə, həkimə müraciət etmək lazımdır.
Dölün xaric edilməsi
Bəzən körpənin doğulmasına köməklik göstərmək məqsədi ilə maşa tətbiq edirlər. Mama maşaları dölün başını fiksə etməklə onun doğuş yollarından çıxarılması üçün nəzərdə tutulan ginekoloji alətdir.
Mama maşalarından yalnız uşaqlıq boynu tam açıldıqda, dölün başı uşaqlıq yoluna daxil olduğu halda istifadə etmək olar.
Uşaqlıq yolundan dölü məcburi şəkildə aşağıdakı hallarda xaric edirlər: gücvermələr effektsiz olduqda; ananın və ya dölün vəziyyətində müəyyən pozğunluqlar aşkar edildikdə; döl sağrı gəlişi ilə gəldikdə; doğuş vaxtından əvvəl olduqda.
Maşa qoyulmasından ananın və uşağın maraqları naminə (ağır nefropatiya, doğuş fəaliyyətinin döl xaric olarkən zəifləməsi, dölün oksigen azlığı) doğuşu tez başa çatdırmaq məqsədi ilə istifadə edirlər. Bu əməliyyat narkoz altında aparılır.
Həkim maşa ilə uşağın başını tutaraq ehtiyatla onu bayıra çəkir. Bu zaman gücvermələr tam şəkildə inkar edilir. Bundan sonra hər şey təbii baş verir. Maşa uşağın başında əzik və ya qançırlar qoya bilər. Bu izlər bir neçə gündən sonra keçib gedir.
Doğuşun stimulyasiyası
Doğuşun stimulyasiyası doğuş uzun sürərsə, süni şəkildə gücvermə yaratmaq deməkdir.
Doğuşun stimulyasiyası aşağıdakı hallarda tətbiq edilir: doğuşun bir həftədən artıq gecikməsi zamanı döldə və ya ciftdə funksional pozğunluqlar olarsa; anada dölün həyatı üçün təhlükə yaradan yüksək arterial təzyiq və ya digər patoloji hallar varsa.
Doğuşun stimulyasiyası adətən qabaqcadan planlaşdırılaraq, hamilə qadını qabaqcadan doğum evində yerləşdirirlər. Doğuş stimulyasiyasının əsasən 3 üsulu tətbiq edilir:
- uşaqlıq boynu kanalına uşaqlıq divarını yumşaldan xüsusi preparat yeridirlər. Gücvermələr 1 saatdan sonra başlayır. Ancaq bu üsul ilkin doğuşlarda heç də həmişə effektli olmur.
- həkim dölyanı kisəni deşir. Qadınların əksəriyyəti bu zaman heç bir ağrı hiss etmir. Tezliklə uşaqlığın yığılması başlanır.
- sistem vasitəsilə damar daxilinə uşaqlığın yığılmasına səbəb olan hormonal preparat yeridirlər.
Doğuşun ağrısızlaşdırılması
Doğuşlar hər zaman müxtəlif dərəcəli ağrılarla müşayiət olunurlar. Hər bir qadın bu ağrıları müxtəlif cür qəbul edir. Əgər qadın doğuşa psixoloji cəhətdən düzgün hazırlanmış olarsa, bu ağrılar onun üçün xeyli yüngül keçirilmiş olar. Bu işdə hamiləliyin gedişinə nəzarət edən həkimin və hamilələr üçün təşkil edilən xüsusi grup şəkilli məşğələlərin də böyük köməyi ola bilər.
Doğuşun hamiləliyi aparan həkim tərəfindən aparılması daha məqsədə uyğun hesab edilir. Çünki hamiləlik dövründə həkim ilə hamilə gadın arasında qarşılıqlı anlaşma və inam yaranmış olur.
Doğuş zamanı ağrısızlaşmanın aparılması təbabətdə xeyli müddətdir ki, tətbiq edilir. Doğuşun ağrısızlaşdırılmasının bir neçə növündən istifadə olunur:
- Ana və uşaq üçün təhlükəsiz hesab edilən dozalarda analgetiklərdən (əksər hallarda promedol) istifadə edilməsi. Doğuş zamanı bu üsuldan yalnız 1 dəfə istifadə edilməsinə icazə verilir. Bu zaman ağrı tam şəkildə keçməsə də 1-1,5 saat ərzində xeyli azalmış olur.
- İnhalyasiya ağrısızlaşdırma. Doğuş tutmaları arasındakı fasilələr zamanı qadın qaz qarışıqlarından (əksər hallarda azot oksidi və oksigen) istifadə edilmə nəfəsalma aparatı ilə nəfəs almaqla ağrılarını azaltmış olur.
- Epidural anesteziya (ağrısızlaşdırma). Hazırda doğuş zamanı daha çox bu üsuldan istifadə olunur. Bu zaman ağrıkəsici maddə bel nahiyyəsində, onurğa beyini əhatə edən sərt beyin qişasıönü sahəyə yeridilir. Belə halda ağrı tam şəkildə yox olur, doğan qadın beldən aşağı bədənini hiss etmir, doğuş isə öz axarı ilə gedir. Epidural anesteziyanın daha bir müsbət cəhəti ondan ibarətdir ki, ağrıkəsici maddə uşaqlıq boynunu yumşaldaraq onun daha sürətlə açılmasına səbəb olur. Nəticədə doğuş ana və körpə üçün daha az travmatik olur. Ağrıkəsici maddə ana və körpəyə çox da mənfi təsir etmir. Epidural anesteziyanın fəsadlarından: doğüş fəaliyyətinin nisbi zəifliyi, anada bel nahiyyəsində və baş ağrıları (onlar adətən tez bir zamanda yox olur).
Hər bir qadın doğuş zamanı ağrıkəsicilərdən istifadə edilib-edilməməsində tam sərbəstdir. Bir daha təkrar etməyi özümüzə borc bilirik ki, qadının doğuşa düzgün hazırlanması zamanı ana ağrı və iztirablara deyil, doğuşun möcüzəli sonluğu nəticəsində gözəl və istəkli körpəsinin dünyaya gələcəyinə hazırlaşmış olsun və bu zaman ona heç bir ağrıkəsicinin tətbiq edilməsi lazım gəlməsin.
Saglamolun.Az