Загрузка...

Qadınlarda osteoporoz xəstəliyi və klimaks

Osteoporoz – sümük toxumasının həcminin azalması ilə müşayiət edilən xəstəlikdir. Bunun nəticəsində xəstəlik zamanı sümüklər daha kövrək olurlar.

Bu isə hətta kiçik zərbə və travmalar nəticəsində onların asanlıqla sınmasına səbəb olur. Qadınlar bu xəstəliyə kişilərdən bir neçə dəfə artıq hallarda düçar olurlar.

Klimaksın başlanması qadınların əksəriyyətində orqanizmində kalsium mübadiləsinin pozulması ilə müşayiət olunur. Məsələ burasındadır ki, qadın cinsi hormonları olan estrogenlər digər təsirlərindən savayı, sümük toxumasının sıxlığına və möhkəmliyinə də təsir edir. Yaş artımı ilə əlaqədar olaraq qanda estrogenlərin miqdarı azaldığı üçün sümüklər nisbətən daha kövrək olurlar. Bu isə gələcəkdə bədən formasının dəyişməsinə səbəb olur (qadının beli əyilir və s.), sınıqların baş verməsi təhlükəsini artırır.

Osteoporoz prosesinə onurğa sütunu da daha çox məruz qalır. Fəqərələrdə çoxlu sayda kiçicik sınıqlar əmələ gəlir. Daxildən zədələnməyə məruz qalmış fəqərə onurğa sütununa olan təzyiqə davam gətirməyərək sınır. Onurğa sütununun bu dəyişikliyə uğraması tədricən boyun qısalmasına və onurğanın əyilməsinə səbəb olur. Onurğa sütununun əyilməsi nəticəsində daxili orqanların fəaliyyəti də pisləşir. Belə ki, bu zaman tənəffüsün çətinləşməsi, onurğa beynindən çıxaraq qabırğaların arası ilə gedən sinirlərin sıxılması nəticəsində belin aşağı hissəsində və ürək nahiyəsində baş verən ağrılar, mədə-bağırsaq sisteminin fəaliyyətinin pozulması və digər bu kimi əlamətlər yaranmış olur.

Osteoporoz xəstəliyi menofasilə (menopauza, klimaks) dövründə qadınlarda sınıqların daha tez-tez rast gəlməsinin əsas səbəblərindən biridir. Osteoparoz zamanı sınıqların əsas xarakterik cəhəti, onların minimal travmatik zədələrdən və hətta kiçik hündürlüklərdən də yıxılması nəticəsində baş verməsidir. Yaşlı qadınlarda baş verən sınıqlar arasında daha çox təsadüf edilən və daha qorxulu olanı - bud sümüyü boynunun sınıqlarıdır.

Osteoporozun baş verməsinin əsas təhlükə (risk) faktorları aşağıdakılardır:

- əsas faktor yaşdır – yaşın 65-dən artıq olması;

- uşaqlıq və ya yumurtalığın olmaması (nəticə etibarı ilə estrogen hormonların da). Bəzi hallarda qadınlar nisbətən cavan yaşlarında bu orqanlarını itirmiş olurlar;

- genetik meylliyin olması. Əgər qadının ana və nənəsində osteoparoz xəstəliyi olmuşsa, onun özündə bu xəstəliyin inkişaf etməsi ehtimalı da çox olur;

- aybaşının vaxtından qabaq kəsilməsi;

- çoxuşaqlı analar və uşağı uzun müddət əmizdirən qadınlar da yüksək təhlükə qrupuna aiddirlər.

- kofe və kofe tərkibli içkiərin qəbul olunmasının həvəskarı olmaq, siqaret çəkilməsi, spirtli içkilərin qəbul edilməsi və digər bu kimi zərərli faktorlar da sümük sisteminə xeyir gətirməyən səbəblərdir;

- az həkətli həyat tərzi də osteoparozun inkişaf etməsi üçün ciddi təhlükə faktorudur.

Fiziki hərəkətlər, piyada gəzintilər, üzgüçülüklə məşğul olmaq, rəqs etmək, aktiv istirahət bu xəstəliyin profilaktikası üçün çox vacib hesab olunur. Ancaq bədən sümüklərinə həddindən artıq gərginliyin verilməsi (peşəkar idmançılarda olduğu kimi) də təhlükəli ola bilər.

Qeyd etmək lazımdır ki, osteoporoz xəstəliyi kliniki olaraq özünü heç bir əlamətlə büruzə vermir. Yəni heç bir insan özündə sümük toxuması kütləsinin hissəvi olaraq itirilməsini hiss edə bilmir. Sümük densitometriyası kimi xüsusi diaqnostik müayinə üsulu vardır ki, onun köməkliyi ilə sümük toxumasının mineral sıxlığı - sümüyün “miqdarı” müəyyən edilir. Bu müayinə tamamilə ağrısızdır. Onu rentgen aparatından istifadə etməklə aparırlar. Müayinə cəmi bir neçə dəqiqə çəkir. 45 yaşından yuxarı olan bütün qadınlara ildə 1 dəfə bu müayinədən keçmək məsləhət görülür. Müayinə nəticəsində osteoparoz xəstəliyinin ilkin əlamətləri olduğu təqdirdə, həkim tərəfindən qadına müəyyən dərman preparatlarının qəbul edilməsi təyin olunur.

Osteoporoz xəstəliyi ilə əlaqədar olan problemlərdən uzaq olmaq üçün onun profilaktikasına, yuxarı yaşlarda xəstəliyin ilkin əlamətləri meydana çıxandan sonra deyil, uşaq yaşlarından başlamaq lazımdır. Bu zaman kalsium elementi ilə zəngin olan qidaların olması şərti ilə, düzgün qidalanma çox vacibdir. Kalsium süd məhsullarında (pendir, süd, kəsmik, qatıq, yoqurt və s.), balıq və mal ətində, günəbaxan tumlarında, qoz, fındıq, üzüm, şüyüd, cəfəri, ispanaq, maş, lobya, kələm və digər bu kimi məhsulların tərkibində daha çox olur. Kalsiumun mənimsənilməsi üçün vacib hesab edilən D vitamini isə müxtəlif yarmalarda (qarabaşaq yarması - “qreçka” və s.), yumurta və yağlı balıqlarda və digər məhsullarda olur.

Onu da qeyd etmək lazımdır ki, hətta ən tarazlaşdırılmış pəhriz qaydalarına əməl edildikdə belə, həyatın müəyyən dövrlərində (sümüklərin aktiv böyüməsi, hamiləlik, laktasiya, menofasilə dövrü) əlavə olaraq kalsium preparatları (yaşa uyğun dozalarda – həkim tərəfindən müəyyən edilir) qəbul etmək vacib hesab edilir.


Saglamolun.Az

.
Загрузка...
.

.

HƏKİMLƏR

Vüsal Cəfərov

Vüsal Cəfərov

Uşaq cərrahiyyəsi

Uşaq cərrahı, uşaq uroloqu

Ətraflı...
Könül Hənifəyeva

Könül Hənifəyeva

Onkoginekologiya

Onkoginekoloq, mammoloq İş stajı - 28 il

Ətraflı...
Afət Çəndirli

Afət Çəndirli

Fizioterapevt

Fizioterapevt-Reabilitoloq İş stajı: 10 il

Ətraflı...

SON YAZILAR

5 ən sadə pəhriz

22-07-2018 /68

Яндекс.Метрика