Trixotillomaniya insanın öz saçlarını, o cumlədən qaş və kirpiklərini və s. özü tərəfindən qopardılması deməkdir.
Belə şəxslər saçlarını qoparanda əsəb gərginlikləri azalıb sakitləşdiklərini etiraf edirlər.
Qadınlarda kişilərə nisbətən 2 dəfə çox hallarda rast gəlinir. Uşaq və xüsusən də yeniyetməlik yaşlarında da bu diaqnoza cox rast gəlirik. Belə xəstələrdə başın tüklu hissəsində saçsız ocaqlar, bəzən isə hətta total allopesiyaya bənzər görüntü ilə də rastlaşa bilirik. Amma bu saçların hər hansı səbəbdən tökülməsi deyil, psixoloji problemi olan pasient öz saçlarını özü qopardır. Bəzi hallarda hətta qopardığı saçları yeyən xəstələrə də rast gəlirik. Bu zaman onlar mədədə yad cisim diaqnozu ilə cərrahlara muraciət edirlər və cərrahi müdaxilə zamanı yeyilmiş saçlar topa halında mədədən kənarlaşdırılır.
Bu vəziyyətin əmələgəlmə səbəbi bu günkü gündə tam müəyyən olunmasa da güman olunur ki, daim gərginlik yaşayan, stress vəziyyətində olan, psixoloji tarazlığı olmayan şəxslərdə, ailədə daha çox yüksək tələbatlar qoyulan, valideyn tərəfindən basqıya məruz qalan uşaqlarda, o cumlədən baş beyin travması, kontuziya almış xəstələrdə daha sıx-sıx rast gəlinir.
Amma bir həkim kimi öz şəxsi təcrubəmə əsasən söyləyə bilərəm ki, bu vəziyyətə tam sağlam, zahirən sakit görünən, həyatda və təhsildə böyük uğurlar qazanmış gənclərdə də rast gəlmişəm.
Bu problemlə üzləşmiş şəxslərin yaxınları onları trixoloqun və ya dermatoloqun qəbuluna aparmağa çalışır ki, saçları tez bir zamanda bərpa etmək mümkün olsun. Çünki əksər hallarda trixotillomaniyadan əziyyət çəkənlər bu vərdişlərini sirr kimi saxlayır, saçlarını özləri qopardıqlarını ən yaxınlarına belə etiraf etmirlər. Ancaq çox təcrübəli trixoloq dəqiq müayinədən sonra bu vəziyyətin allopesiya deyil, trixotillomaniya olduğunu müəyyən edib təsdiqləyə bilər. Bundan sonra həmin xəstəyə əsasən psixoloq yardımı tövsiyə olunur ki, bu vəziyyəti törədən səbəblər aşkara çıxarılıb aradan qaldırılsın.
Eyni zamanda trixoloqun təyin etdiyi müalicə tədbirləri də zədələnmiş saç örtüyünün tez bir zamanda bərpasını mümkün edəcək.
Bəzən belə şəxslərin yaxınları belə bir problemin ümumiyyətlə mövcudluğundan məlumatsız olduqlarından, "saç tökülməsi"ni dayandırmaq məqsədilə xəstəni illərlə müxtəlif salonlara, mezoterapiya və s. prosedurlara aparır müalicələrin nəticə vermədiyini söyləyirlər.
Təəssüflə qeyd etmək istəyirəm ki, vəziyyət kəskinləşib uzun muddət davam edərsə, daim davam edən mexaniki travma nəticəsində saçların kökü get-gedə zəiflədiyindən saç örtüyünü tam bərpa etmək mümkün olmur.
Bir daha xüsusi olaraq qeyd etmək istəyirəm ki, trixotillomaniya zamanı nə pasient, nə də onun yaxınları bu barədə heç bir məlumat vermədikləri üçün müalicənin uğurla nəticələnməsi bir çox hallarda həkim- trixoloqun dəqiq diaqnostika nəticəsində problemi vaxtında aşkara cıxarmasından və allopesiya və saç tökülmələrindən differensiasiya etməsindən asılı olur.
Valideynlərə tövsiyəm ondan ibarətdir ki, övladlarında hər hansı saç problemləri görən valideynlər dərhal mütəxəssis yardımına müraciət etsin. Ən çox yeniyetmə və gənc yaşlarında əmələ gələn bu vəziyyət saç örtüyünün elə bir vəziyyətinə gətirib cıxarda bilər ki, övladınız daha dərin depressiya vəziyyətinə düşüb hətta evdən çıxmaq belə istəməsin. Əgər valideyn uşağında trixotillomaniya olduğunu bilərsə, məsləhət görərdim ki, uşağın başını mümkün olduğu qədər papaqda olmasına diqqət etsinər. Bəzi hallarda bu metodla bu problemin qarşısını almaq olur.
.
Saglamolun.Az