Son 25 ildə artıq çəkili uşaqların sayı 2 dəfə artıb


UNİCEF-İN YENİ HESABATI
BMT-nin Uşaq Fondu UNİCEF-in yeni hesabatına görə, dünyada artıq çəkidən və piylənmədən əziyyət çəkən məktəbyaşlı uşaqların sayı az çəkili uşaqları üstələyir. Hazırda 188 milyon uşaq və yeniyetmə piylənmə problemindən əziyyət çəkir.
Tədqiqatçılar 190-dan çox ölkə üzrə məlumatları təhlil edərək müəyyən edib ki, Afrikanın cənubunda yerləşən ölkələr və Cənubi Asiya istisna olmaqla, bütün regionlarda artıq çəki halları, az çəkidən əziyyət çəkənlərə nisbətən daha geniş yayılıb. Son 25 ildə isə artıq çəkili uşaqların sayı 2 dəfə artaraq 391 milyona çatıb.
Ən yüksək piylənmə göstəriciləri Sakit okean adalarında qeydə alınıb. –Həmçinin Çili (27%), ABŞ və BƏƏ (21%) kimi yüksək gəlirli ölkələrdə də göstəricilər yüksəkdir. UNİCEF bildirir ki, bu artımın əsas səbəblərindən biri uşaqların ultra-emal olunmuş, yüksək şəkərli və duzlu məhsullara üstünlük verməsidir. Bu cür qidalanma uşaqların fiziki və zehni inkişafına ciddi zərər.
UNİCEF həmçinin xəbərdarlıq edir ki, piylənmə uşaqlarda diabet, ürək-damar xəstəlikləri və psixoloji problemlərə səbəb olur. Təşkilat sağlam və balanslı qidalanmanın uşaqların böyümə və inkişafında həlledici rol oynadığını vurğulayıb.

Saglamolun.Az