ELMİ SÜBUT
Yeni aparılan elmi araşdırma nəticəsində məlum olub ki, elektron siqaret istifadə edən şəxslərdə xroniki obstruktiv ağciyər xəstəliyinə (XOAX) tutulma riski artıb. Nəticələr Primary Care Respiratory Medicine jurnalında dərc olunub.
Milyonlarla insanın məlumatları təhlil edilərək aparılan metaanaliz göstərib ki, hazırda veyp istifadəçilərində xroniki obstruktiv ağciyər xəstəliyi riski 48%, əvvəllər istifadə edənlərdə isə 84% daha yüksəkdir. Ümumilikdə, elektron siqaretlə təmasda olan şəxslərdə bu risk 79% artıb.
Tədqiqat əsasən ABŞ, Çin və Cənubi Koreyadan olan məlumatlara əsaslansa da, nəticələr qlobal kontekstdə narahatlıq doğurur. Xüsusilə qeyd olunub ki, diaqnozların əksəriyyəti pasiyentin öz məlumatlarına əsaslandığından bəzi hallarda nəticələr dəqiq olmaya bilər. Araşdırma nəticəsində hələ səbəb-nəticə əlaqəsi təsdiqlənməsə də, elm adamları və həkimlər bu riskləri ciddi qəbul etməyə və gənc istifadəçilərin ağciyər sağlamlığını diqqətlə izləməyə çağırır.
Saglamolun.Az