Fərdiliyin irsən gələn əsasları barmaq izi, məhkəmə tibbi ekspertiza sahəsində şəxsiyyətin müəyyən edilməsi üçün ən etibarlı və geniş yayılmış biometrik məlumatlardan biridir. Hər bir insanın barmaq izi bənzərsizdir və ömür boyu dəyişməz qalır. Bu xüsusiyyətlərə görə, barmaq izi analizi cinayət yerində tapılan şübhəli izlərin potensial cinayətkarlarla uyğunluğunun müəyyən edilməsində mühüm rol oynayır. Barmaq izi hər bir insanın şəxsiyyətini bənzərsiz edən vacib biometrik xüsusiyyət olarak kimlikləndirmə sahəsində mütəxəsislərin diqqətini cəlb etmiştir. Lakin bu bənzərsizliyin genetik əsasları uzun müddət tam olaraq anlaşıla bilməmişdir. Son illərdə aparılan tədqiqatlar, barmaq izlərinin genetik mənşəyini daha dərindən araşdıraraq, bu unikal barmaq izlərini əmələ gətirən naxışların necə yarandığını və irsən necə ötürüldüyünü ortaya qoymağa başlamışdır. Barmaq izləri, ana bətnindəki dölün inkişafı zamanı yaranır və bu proses, genetik və ekoloji faktorların mürəkkəb qarşılıqlı təsiri ilə müəyyən edilir.
Barmaq izi naxışlarının yaranmasında epidermal papillalar adlanan kiçik çıxıntılar mühüm rol oynayır. Bu çıxıntıların təşkil olunması, genetik olaraq idarə olunan bioloji proseslər tərəfindən tənzimlənir. Xüsusilə, EDAR, ADAMTS9 və LRP4 kimi genlər, barmaq izi naxışlarının müəyyən edilməsində mühüm rol oynayır. Bu genlər, dəri hüceyrələrinin çoxalmasını, fərqlənməsini və təşkil olunmasını tənzimləyərək barmaq izi naxışlarının formalaşmasına kömək edir. Barmaq izləri dərinin epidermis qatındakı papillaların çıxıntılarından əmələ gəlir. Bu çıxıntılar müxtəlif şəkillərdə düzülərək fərqli naxışlar əmələ gətirir. Üç əsas naxış növü var: tağlar, döngələr və spirallar. Hər bir insanın barmaq izi naxışında olan dalğalanmalar, uclar və budaqlanma nöqtələri bu naxışların bənzərsizliyini təmin edir.
Dölün ana bətnindəki mövqeyi, amniotik mayenin təzyiqi və hətta embrional inkişaf zamanı baş verən kiçik təsadüfi hadisələr barmaq izlərinin son halının formalaşmasına təsir edə bilər. Buna görə, tək yumurta əkizləri genetik olaraq tamamilə eyni olsalar da, onların barmaq izlərində fərqlər müşahidə oluna bilər. Bu, barmaq izlərinin yalnız genetik deyil, eyni zamanda ekoloji amillərlə də müəyyən edildiyini göstərir. Bu fərqliliyin yaranasında ən önəmli faktorlardan biri epigenetik fatorlardır. Məhkəmə tibbi ekspertiza sahəsində, barmaq izi analizinin genetik mənşəyi haqqında artan bilik, cinayətlərin açılmasında və şəxsiyyətin müəyyən edilməsində yeni perspektivlər yaradır. Genetik araşdırmalar, müəyyən genlərin barmaq izi naxışlarının formalaşmasında necə rol oynadığını anlamağa başlasa da, barmaq izi analizi hələ də əsasən fiziki müayinələrə əsaslanır. Bununla yanaşı, genetik məlumatların barmaq izi analizi ilə birləşdirilməsi, məhkəmə tibbi ekpertiza sahəsində yeni yanaşmaların inkişafına kömək edə bilər.
Barmaq izinin istifadəsi XIX əsrin sonlarında məhkəmə tibbində yer almağa başlamışdır. İngiltərədə Uilyam Herschel və Şotlandiyada Henri Faulds barmaq izinin insana məxsus olduğunu kəşf etmiş və insan şəxsiyyətinin identifikasiyası üçün təklif etmişdirlər. Daha sonra, 1892-ci ildə Ser Frensis Qalton barmaq izinin elmi olaraq təsnif edilə bilən və müqayisə edilə bilən xüsusiyyətlərini müəyyən etmiş və beləliklə, barmaq izi analizinin təməlini qoymuşdur. Barmaq izi məhkəmə araşdırmalarında şəxsiyyətin müəyyən edilməsi üçün istifadə olunur. Cinayət yerində buraxılmış barmaq izləri şübhəli və ya zərərçəkənin şəxsiyyətinin müəyyən edilməsinə kömək edir.
Barmaq izləri adətən görünməz olur, buna görə müxtəlif kimyəvi, fiziki və ya rəqəmsal üsullarla görünən hala gətirilir və analiz edilir. Barmaq izlərini görünən hala gətirmək üçün müxtəlif üsullardan istifadə olunur. Pudra ilə tozlama, maqnit tozlar, super yapışdırıcı buxarı (sianoakrilat) və flüoresan boyalar kimi üsullar izlərin aydınlaşmasına kömək edir. Bundan başqa, son illərdə lazer və rəqəmsal skan texnologiyaları da barmaq izlərini görünən və analiz edilə bilən hala gətirmək üçün istifadə edilir.
Barmaq izi təhlilində qarşılaşılan çətinliklərə natamam və ya qismən izlər, izlərin pozulması və ya kontaminasiyası, və şübhəli izlərin yanlış uyğunlaşdırılması kimi halları olduqda analiz etmək çətinləşir. Bu çətinliklər məhkəmə tibb mütəxəssislərinin diqqətli və dəqiq bir iş aparmasını tələb edir. Barmaq izi məhkəmə tibbi ekspertiza sahəsində şəxsiyyətin müəyyən edilməsi üçün etibarlı və əvəzedilməz bir metod olaraq qalır. Texnologiya inkişaf etdikcə yeni biometrik metodlar ortaya çıxsa da, barmaq izi təhlilinin dəqiqliyi və etibarlılığı onu məhkəmə tibb elminin əsas dayaqlarından biri edir.
Məhkəmə tibb mütəxəssisləri bu sahədəki ən son texnikaları və metodları öyrənməyə və tətbiq etməyə davam edərək cinayətlərin araşdırılmasına və ədalətin təmin edilməsinə mühüm töhfələr verirlər.
Məhkəmə Tibbi Ekspertiza Üzrə Ekpsert PhD., Dr. Ulviyyə Mustafayeva
Saglamolun.Az